Qazaxda Aşıq Camoy Qurbanovun 70 illik yubileyi qeyd olunub
Qərbin qapısı kimi tanınan, sazın, sözün beşiyi sayılan doğma Qazax eli həm də tarixi şəxsiyyətləri, ziyalıları, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə tanınıb. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda yubiley tədbirlərinin keçirilməsi, əlamətdar günlərin qeyd edilməsi isə artıq bir ənənə halını alıb.
Bu gün – oktyabrın 21-də illərdir öz sənəti, saz havaları ilə aşıq sənətini yaşadan, gənc aşıqların yetişməsində əməyi olan, Azərbaycan Aşıqlar Birliyi Qazax-Ağstafa Bölməsinin sədri Aşıq Camoy Qurbanovun 70 illik yubileyi qeyd olunub.
Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşilatçılığı ilə Mədəniyyət Mərkəzinin böyük zalında keçirilən yubiley tədbirində Aşıq Camoy Qurbanovun sözünə, saz havalarına, şəxsiyyətinə dəyər, qiymət verənlər yubilyara olan təbriklərini çatdırıb, ünvanına səmimi ürək sözlərini səsləndiriblər.
Yubiley tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, millət vəkili Ülviyyə Ağayeva, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Nail Məmmədov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatınn sədri Anar Nəbiyev, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri. Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB Qazax bölməsinin üzvləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əməkdaşları, təhsil, mədəniyyət, səhiyyə işçiləri, yubilyarın yaxınları, doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzində Aşıq Dədə Şəmşirlə Dədə Ələsgərin büstləri önünə gül dəstələri qoyaraq aşıqlara olan ehtiramlarını bildiriblər. Sonra Fəxri qazaxlılar parkında Aşıq Ədalət Nəsibovun büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Mədəniyyət Mərkəzinin böyük zalında təşkil olunmuş tədbirdə Aşıq Camoy Qurbanova həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Vətən yolunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla ehtiramla yad edilib.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri. Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, yubilyarın ünvanına xoş sözlərini, təbriklərini səsləndirib. B.Vüsal şairlərə, saz, söz adamlarına göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. “Ulu Öndər Heydər Əliyev söyləyirdi ki, mənəvi dəyərləri olmayan xalq xalq, dövlət dövlət deyil. Bugünkü tədbir bir daha onu göstərir ki, Qazaxda milli dəyərlərə, milli dəyərlərimizi yaşadanlara çox böyük diqqət göstərilir, böyük ehtiram var. Bugünkü tədbirin keçirilməsi Aşıq Camoy Qurbanovun simasında bütün aşıqlarımıza, aşıq sənətini uca tutanlara verilən dəyərdir”, - söyləyən şair bu gün Qazax rayonunda həmin qayğını yüksək səviyyədə hiss etdiyini bildirib. B.Vüsal ölkə rəhbərinin ziyalılara, mədəniyyət, ədəbiyyat sahəsində çalışan insanlara, şairlərə, aşıqlara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin şahidi olduğunu dilə gətirib. Bugünkü yubiley tədbirinin yüksək səviyyədə təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz adından təşəkkürünü bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, yubilyarın ünvanına xoş ürək sözlərini çatdırıb. Rayon rəhbəri Azərbaycanın şairlər və aşıqlar yurdu olan, görkəmli şəxsiyyətləri ilə tanınan qədim Qazax elində yubiley tədbirlərinin keçirilməsinin artıq bir ənənə halını aldığını qeyd edib. Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizə, şairlərimizə, yazarlarımıza, aşıqlarımıza, ozan sənətinə verdiyi yüksək dəyərdən, qiymətdən söz açıb. Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasətinin ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, mədəniyyətimizin, ədəbiyyatımızın, aşıq sənətimizin inkişaf etdirilməsində misilsiz xidmətləri olduğunu vurğulayıb. Ölkə Prezidenti İlham Əliyevin aşıq sənətinə, ozan sənətini yaşadanlara verdiyi dəyəri diqqətə çatdıran rayon rəhbəri bunun bariz nümunəsi olaraq Aşıq Ələsgərin yaradıcılığına olan dəyəri göstərib. İcra başçısı üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün ölkə başçısı tərəfindən iki Sərəncam imzalandığını, bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini, ikinci Sərəncam əsasında onun abidəsinin ucaldıldığını bildirib. Cari ilin 30 sentyabr tarixində Prezident İlham Əliyevin Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etməsini bütün aşıqlarımıza olan hörmət və ehtiramın ifadəsi kimi qiymətləndirib. Rayon rəhbəri sonda bir daha Aşıq Camoy Qurbanovu 70 illik yubileyi münasibətilə təbrik edib, illərdir aşıq sənətini yaşadan el aşığına bundan sonrakı gələcək fəaliyyətində, həyatında uğurlar arzulayıb.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, millət vəkili Ülviyyə Ağayeva, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Nail Məmmədov, Azərbaycanın Əməkdar idman xadimi Ramiz Tağıyev çıxış edərək yubilyara təbriklərini çatdırıb, ona cansağlığı arzulayıblar. Bugünkü yubiley tədbirinin təşkilinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bugünkü yubiley tədbiri ilə rayonda sözə, şeiriyyətə, ziyalıya verilən qiymətin bir daha bariz nümunəsini gördüklərini dilə gətiriblər.
Çıxışlarda ölkəmizdə mədəniyyətimizə, aşıq sənətimizə verilən dəyərin yüksək səviyyədə olduğunu söyləyiblər. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi istiqamətində görülmüş işləri aşıq sənətimizə, aşıqlarımıza verilən ən böyük dəyər kimi qiymətləndiriblər. Aşıq sənətinin təbliği və inkişafı məqsədilə təqdirəlayiq işlər görüldüyünü, ölkəmizdə Aşıqlar Birliyinin yaradılmasını, fəxri adların verilməsini, aşıqların yubileylərinin qeyd olunmasını, kitabların və notların çap edilməsini, orta və ali musiqi məktəblərində aşıq sənətinin tədris olunmasını bu sahədə görülmüş işlər kimi diqqətə çatdırıblar.
Çıxışlardan sonra bu gün 70 illik yubileyini qeyd edən Aşıq Camoy Qurbanova Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı, Milli Məclisin deputatları Səməd Seyidovun və Ülviyyə Ağayevanın hədiyyələri təqdim edilib.
Yubiley tədbiri bədii hissə ilə davam etdirilib. Gənc müğənnilərdən Qazax Dövlət Dram Teatrının aktyoru Zəmanə Dərviş, Vüsal Osmanlı, Nəsimi Kamaloğlu, Gülnar Mədətova bir-birindən rəngarəng mahnı töhfələri ilə yubilyarı təbrik ediblər.
Aşıqlardan Çaylı kənd Folklor Evinin müdiri, qocaman mədəniyyət işçisi Məhəmmədəli Məşədiyev, Hüsən Kəmərli, Şaiq İncəli, Ruslan Məzəmli, Şahin Süleymanov, Mahal İncəli, Samir Allahverdiyev, yeniyetmə Aşıq Vüqar Kamandaroğlu saz havaları ilə yubilyara olan təbriklərini, xoş arzularını çatdırıblar.
Sonda yubilyar Aşıq Camoy Qurbanov çıxış edərək ona göstərilən diqqətə, qayğıya, bugünkü yubiley tədbirinin təşkilinə görə rayon rəhbərliyinə, əziyyəti keçən insanlara öz adından və ailəsi adından minnətdarlığını bildirib. Ünvanına xoş sözlər söyləyən, onu təbrik edən hər kəsə səmimi arzularını çatdırıb.