Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Aşıq Saqif Məzəmlinin 65 illik yubileyi qeyd olunub

25 aprel 2025 | 23:17

Qərbin qapısı kimi tanınan, sazın, sözün beşiyi sayılan doğma Qazax eli həm də tarixi şəxsiyyətləri, ziyalıları, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə tanınır. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda yubiley tədbirlərinin keçirilməsi, əlamətdar günlərin qeyd edilməsi isə artıq bir ənənəyə çevrilib.  

Aprelin 25-də illərdir öz sənəti, saz havaları ilə aşıq sənətini yaşadan, gənc aşıqların yetişməsində əməyi olan, Azərbaycan Aşıqlar Birliyinin üzvü Aşıq Saqif Məzəmlinin (Rəhimov Akif Nuru oğlunun) 65 illik yubileyi qeyd olunub. 

Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Aşıqlar Birliyinin, Qazax Regional Aşıqlar Birliyinin birgə təşilatçılığı ilə Qazax Ədəbiyyat Muzeyində keçirilən yubiley tədbirində Aşıq Saqif Məzəmlinin sözünə, saz havalarına, şəxsiyyətinə dəyər, qiymət verənlər yubilyara olan təbriklərini çatdırıb, ünvanına səmimi ürək sözlərini səsləndiriblər.

Yubiley tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri. Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB Qazax bölməsinin üzvləri, Aşıqlar, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, mədəniyyət işçiləri, müharibə veteranları, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, yubilyarın yaxınları, doğmaları iştirak ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri. Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, yubilyarın ünvanına xoş sözlərini, təbriklərini səsləndirib. B.Vüsal şairlərə, saz, söz adamlarına göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın dünyada tanıdılmasında misilsiz xidmətlər göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. B.Vüsal Qazaxda saz, söz adamlarının yubiley tədbirlərinin keçirilməsinin artıq bir ənənə halını aldığını söyləyib. Ədəbiyyat Muzeyində bu gün Aşıq Saqif Məzəmlinin saz şöləninə toplaşdığımızı diqqətə çatdırıb. Şair qeyd edib ki, bugünkü tədbir bir daha onu göstərir ki, Qazaxda milli-mənəvi dəyərlərə, milli dəyərlərimizi yaşadanlara çox böyük diqqət göstərilir, böyük ehtiram var. O, bugünkü tədbirin keçirilməsini Aşıq Saqif Məzəmlinin simasında bütün aşıqlarımıza, aşıq sənətini uca tutanlara verilən dəyər kimi qiymətləndirib. B.Vüsal ölkə rəhbərinin ziyalılara, mədəniyyət, ədəbiyyat sahəsində çalışan insanlara, şairlərə, aşıqlara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin, qayğının şahidi olduğunu dilə gətirib. Bugünkü yubiley tədbirinin yüksək səviyyədə təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz adından təşəkkürünü bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, yubilyarın ünvanına xoş ürək sözlərini çatdırıb. Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyinə bugünkü tədbirə görə razılığını ifadə edib. İcra başçısı qeyd edib ki, orta əsrlərin ilkin çağlarından təşəkkül tapan aşıq sənəti əslində qədim ozan sənətinin davamı və varisidir. Ozan sənəti Azərbaycan xalqının soykökündə və təşəkkülündə başlıca rol oynamış oğuz qəbilə birləşmələrinin geniş yayılmış incəsənəti olmuşdur. Türklərin həyat tərzini, mədəniyyətini, fikir xəzinəsini özündə daşıyan, aşıq sənətinin ayrılmaz hissəsi olan saz duyğuların ifadəsində əvəzsiz rol oynamışdır. Saz türk dünyasının ən əzəmətli musiqi alətlərindəndir. Onu döyüşlərdə də səsləndiriblər, toylarda da, el şənliklərində də. Saz çox müdrik həmsöhbət, həmdərddir. Ona duyğularını etibar etmək, dərdini onunla bölüşmək, baş-başa verib danışmaq olar. Bu zaman saz öz səsi, avazı ilə kədərinə məlhəm olub, sevincinə sevinc qatacaq. Şifahi xalq ədəbiyyatının çox zəngin qolu olan aşıq ədəbiyyatı məhz sazın, saz havalarının, aşıq mahnılarının üzərində qurulmuşdur. “Saz aşığın yol yoldaşıdır. El-el, oba-oba gəzən aşıqlar sazla qol-boyun yaşayıb, ondan heç vaxt ayrılmayıblar. Bu alət varlığı ilə folklorumuzda böyük bir yaradıcılıq yolu açmışdır. Bu ecazkar alətin eşqinə yaranan aşıq poeziyasının nadir inciləri, dastanlar, ifaçılıq məktəbi, saz havaları, aşıq mahnıları tariximizi, milli mənəvi dəyərlərimizi əsrdən-əsrə ötürmüşdür”, - deyən icra başçısı aşıq Saqif Məzəmlinin də ozan sənətini yaşadan aşıqlardan olduğunu dilə gətirib. Rayon rəhbəri Azərbaycançılıq ruhunun aşılanmasında mühüm rol oynayan aşıq sənətinə ölkəmizdə dövlət səviyyəsində qayğı göstərildiyini söyləyib. Ulu Öndərin aşıq sənətinə yüksək qiymət verdiyi kimi, onun layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da aşıq sənətinə yüksək dəyər verdiyini diqqətə çatdırıb. 30 sentyabr 2009-cu il tarixdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılmışdır. YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 2009-cu il sentyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu hadisə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləyir. Bu uğur Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğının nəticəsidir. İcra başçısı bildirib ki, Azərbaycanın qərb bölgəsində yerləşən Qazax rayonunda zaman-zaman çox böyük insanlar dünyaya gəlib. Zaman keçdikcə həmin şəxslər sözümüzə, sazımıza, ədəbiyyatımıza, tariximizə, mənəviyyatımıza, elmimizə, ziyalılığımıza, hərb sənətinə, idmanımıza böyük şöhrət gətirmiş şəxsiyyətlərə çevrilmişlər. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olmuşdur. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda yubiley tədbirlərinin keçirilməsi, əlamətdar günlərin qeyd edilməsi isə artıq bir ənənə halını almışdır. Bu gün biz öz sənəti, saz havaları ilə aşıq sənətini yaşadan, gənc aşıqların yetişməsində əməyi olan, Azərbaycan Aşıqlar Birliyinin üzvü Aşıq Saqif Məzəmlinin 65 illik yubileyini qeyd edirik. Aşıq Saqif Məzəmli yaz ətirli Novruz günündə rayon mərkəzindən 26 kilometr aralıda, düşmənlə ən yaxın məsafədə yerləşən, qəhrəman sakinləri olan Məzəm kəndində dünyaya göz açıb. Sazlı-sözlü bir ailədə doğulduğu üçün aşıq sənətinə uşaqlıqdan yiyələnmişdir. Sazda ifa etməyi atasından, qardaşlarından öyrənmişdir. Saqif Məzəmli eyni zamanda Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibov məktəbi keçmişdir. 20 il Qazax şəhər Səməd Vurğun adına Uşaq Yaradıcılıq Mərkəzində saz dərnəyinin rəhbəri olmuş, bir çox gənc aşıqların yetişməsində əməyi olmuşdur. Onların bir neçəsi artıq respublika miqyasında tanınırlar. Aşıq Saqif Məzəmli sazı ilə mədəniyyətimizin, silahı ilə isə Vətənimizin keşiyində durmuşdur. Birinci Qarabağ müharibəsinin könüllü iştirakçısı olan Saqif Məzəmli şərəfli döyüş yolu keçmişdir. Qardaşı Rəhimov Qəhrəman Nuru oğlunun qəhrəmancasına şəhid olması məhz bu ailədə anaya, Vətənə, torpağa, elə-obaya olan sevginin bariz nümunəsidir. Respublikamızda, rayonumuzda keçirilən tədbirlərdə, bayram konsertlərində fəal iştirak etmiş, iştirakçılara xoş ovqat bəxş etmişdir. Aşıq dastanlarının yaxşı ifaçısı və söyləyicisidir. Tarix boyu tanınmış, dünyanın dörd bir yanını dolanan, ana sazımızı tanıdan, qara sazla dünyaya meydan oxuyan aşıqlarımız olmuşdur. “Aşıq el aşığıdır, haqqın səsidir” qənaətində olan xalqımız öz ustad sənətkarlarını daim qiymətləndirmişdir. Sənət adamları heç vaxt unudulmur, onlar əbədi olaraq yazıb yaratdığı əsərlərdə, dastanlarda, şeirlərdə, musiqidə yaşayırlar. Saqif Məzəmli də unudulmayan sənətkarlardan, əbədi olaraq yaşayanlardandır. Rayon rəhbəri sonda yubilyarı ictimai fəaliyyətdə, yaradıcılıqda əldə etdiyi uğurlar və 65 illik yubileyi münasibətilə bir daha təbrik edib, ünvanına ən xoş diləklərini çatdırıb, yeni ömür səhifəsində xoş xatirələrlə dolu günlər arzulayıb.  

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yubilyarın ünvanına səmimi ürək sözlərini, təbriklərini çatdırıb. “Bu gün Qazaxda keçirilən bu tədbir ölkəmizdə saza, sözə, yazarlara, şairlərə, aşıqlara verilən dəyərin əyani göstəricisidir. Milli-mənəvi dəyərlərimizin, ozan sənətinin yaşadılması, gələcək nəsillərə ötürülməsi istiqmətində görülmüş işlərin davamıdır”, - deyən millət vəkili buna görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.  

Tədbirdə iştirak edən AYB üzvü, şair, kontr-admiral Sübhan Bəkirov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Aşıq Saqif Məzəmlini "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun və öz adından 65 illik yubileyi münasibətilə təbrik edib, onun ünvanına xoş arzularını səsləndirib. Aşığın yubiley tədbirinin keçirilməsinə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Aşıq Saqif Məzəmli ilə olan dostluğundan söhbət açan natiq xatirələrini bölüşüb, yubilyara bundan sonra da yazıb-yaratmağı, ifa etdiyi saz havaları ilə könüllər oxşamağı arzulayıb.                    

Çaylı kənd Folklor Evinin müdiri, qocaman mədəniyyət işçisi Məhəmmədəli Məşədiyev çıxış edərək doğma Qazaxda mədəniyyətə, incəsənətə, ədəbiyyata bütün sahələrdə olduğu kimi, yüksək dəyər verildiyini dilə gətirib. Aşıq Saqif Məzəmlinin 65 illiyi münasibətilə keçirilən bugünkü yubiley tədbirini aşıqlara olan dəyərin bariz nümunəsi kimi qiymətləndirib, bu tədbirin keçirilməsinə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Yubilyarla olan yoldaşlığından söz açan natiq onunla bağlı xatirələrini bölüşüb, aşıq sənətinin yaşadılması istiqamətində Saqif Məzəmlinin öz dəstt-xəttinin olduğunu vurğulayıb.

Aşığın dostu, müharibə veteranı İbrahim İbrahimov çıxış edərək yubilyarın ünvanına səmimi ürək sözlərini, xoş arzularını səsləndirib.                

Aşığın bacısı Sima Rəhimova çıxış edərək qardaşını 65 illik yubileyi münasibətilə təbrik edib, ona cansağlığı arzulayıb, ən xoş arzularını dilə gətirib. Qardaşının timsalında keçirilən bugünkü yubiley tədbirini aşıqlarımıza, ozan sənətini yaşadanlara verilən dəyər, göstərilən qayğı kimi qiymətləndirərək rayon rəhbərliyinə, əziyyəti keçən insanlara minnətdarlığını bildirib.

Aşıqlardan Qazax Regional Aşıqlar Birliyinin rəhbəri Camoy Qurbanov, Yaşar Gülümcanov, Samir Allahverdiyev, Şahin Süleymanlı, Ruslan Məmmədov, Əsgər Osmanov, Coşqun Rəhimov, Niyaməddin Yusibov, Tovuzdan yubilyarı təbrikə gəlmiş Şəhriyar Qaraxanlı, Şəmşəd Elmanoğlu Saqif Məzəmlini anadan olmasının 65 illiyi münasibətilə təbrik edib, ünvanına səmimi ürək sözlərini, arzularını səsləndiriblər.              

Çıxışlardan sonra bu gün 65 illik yubileyini qeyd edən Aşıq Saqif Məzəmliyə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı, Milli Məclisin deputatı Səməd Seyidovun hədiyyəsi təqdim edilib.

Sonda yubilyar Aşıq Saqif Məzəmli çıxış edərək ona göstərilən diqqətə, qayğıya, bugünkü yubiley tədbirinin təşkilinə görə rayon rəhbərliyinə, əziyyəti keçən insanlara öz adından və ailəsi adından minnətdarlığını bildirib. Ünvanına xoş sözlər söyləyən, onu təbrik edən hər kəsə səmimi arzularını çatdırıb.

Keçidlər