Qazaxda Aşıq Şəmşir və Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda Beynəlxaq Elmi Konfrans keçirilib
Mayın 13-də Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutu, Erzincan Binali Yıldırım Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə Aşıq Şəmşir və Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda Beynəlxaq Elmi Konfrans keçirilib.
Ədəbiyyat Muzeyində keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətini başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov, Birliyin üzvləri, AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov, Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna", "Zerkalo" qəzetlərinin, ayna.az saytı və Ayna TV-nin təsisçisi və baş redaktoru Elçin Şıxlı, Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq Rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov, Aşıq Şəmşirin nəvəsi Cabir Qurbanov, Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Adil Cəmil, Erzincan Binali Yıldırım Universiteti, Prof. Dr. Ali Kafkasyalı, Kırşehir Ahi Evran Üniversitesi, Prof. Dr. Kubilay Kolukırık, Ukrayna-Gürcüstan Beynəlxalq Universiteti, Prof. Dr. Mahmud Kamaloğlu, Əməkdar mədəniyyət işçisi Misgər Məmmədov, AMEA Folklor İnstitutu, Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, AMEA Gəncə bölməsinin üzvü, Filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Bakı Dövlət Universitetinin Tarix üzrə fəlsəfə doktorları dosent Fəxriyyə Həvilova, dosent Hicran Mahmudova, AMEA Folklor İnstitutu Filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova, ADPU Cəlilabad filialının müəllimi, Filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı, AMEA Folklor İnstitutunun əməkdaşları Mahir Cavadlı, Filologiya elmləri doktoru, dosent İslam Sadıq, Filologiya üzrə fəlsəfə doktoru Aynurə Səfərova, ADPU Şəki filialının müəllimləri Pakizə Əliyeva, Ulduz Mürşüdova, Filologiya üzrə fəlsəfə doktoru, dosent Əpoş Vəliyev, Balabançı, Əməkdar mədəniyyət işçisi İbadət Kəlbəcərli, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi şair Barat Vüsal, filialın üzvləri, idarə, müəssisə rəhbərləri, səhiyyə, təhsil, mədəniyyət işçiləri, BDU Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, ziyalılar, şəhər və kənd ağsaqqalları, Qazax və Kəlbəcər aşıqları, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək memorial önünə tər qərənfillər düzüb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra şəhərin Heydər Əliyev prospektində Aşıq Şəmşirin və Aşıq Ələsgərin büstləri, Mədəniyyət Mərkəzinin qarşısında Xalq şairi Səməd Vurğunun heykəli ziyarət olunub, ustad Aşığın və Xalq şairinin əziz xatirəsi ehtiramla anılıb.
Daha sonra tədbir iştirakçıları Ədəbiyyat Muzeyinin foyesində Aşıq Şəmşirlə Xalq şairi Səməd Vurğunun fotolarından, kitablarından ibarət guşə, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Dövlət Rəsm Qalereyasının və Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə "Səməd Vurğun və Aşıq Şəmşir dostluğu sazın-sözün vəhdətində” adlı rəsm müsabiqəsində iştirak etmiş iştirakçıların çəkdikləri rəsmlərdən ibarət sərgi ilə tanış olublar.
Ədəbiyyat Muzeyinin akt zalında davam edən tədbiri AMEA Folklor İnstitutu, Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək konfrans iştirakçılarını, qonaqları salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Aşıq Şəmşir və Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda keçirilən Beynəlxaq Elmi Konfransın əhəmiyyətindən söz açan icra başçısı bu günün qazaxlıların yaddaşına tarixi gün kimi yazıldığını bildirib. Rayon rəhbəri hər zaman tədbirlərdə yaxından iştirak etmiş və töhfə vermiş, bu gün dünyalarını dəyişmiş hörmətli akademik Teymur Bünyadovun, professor Vüsət Əfəndiyevin və ölməz sənətkar Aşıq Ədalət Nəsibovun əziz xatirələrini ehtiramla yad edib.
İcra başçısı qeyd edib ki, Xalq şairi Osman Sarıvəllinin vurğuladığı kimi "Aşıq Şəmşir Xalq şairi Səməd Vurğunun kəşfidir". Aşıq Şəmşir poeziya çeşməsini xəzan örtmüşdü, lal-dinməz çağlayırdı. Səməd Vurğun mərdliyi, Səməd Vurğun böyüklüyü bu çeşmənin gözünü açdı, onu Kürə, Xəzərə qovuşdurdu. Onlarla gənci ədəbiyyata gətirən Səməd Vurğun bu dəfə ahıl bir sənətkarı halal şöhrətinə çatdırdı. Türk dünyasının dərin qatlarından süzülüb gələn ozan-aşıq sənəti tarixin müxtəlif keçidlərində enişli-yoxuşlu yollardan keçərək Qorqud atanın əzəmətində ozanı yaşatmış, orta yüzillərdən isə Kərəmin, Sarı Aşığın, Qurbaninin, Xəstə Qasımın, nəhayət, Ələsgərin simasında həmin zirvəni yaratmışdır. Aşıq sənəti özünə qədər şaman, varsaq, ozan, yanşaq kimi müxtəlif adlar, titullar daşımış, xalqımızın ictimai-bədii təfəkkür tarixində silinməz izlər qoymuşdur. Aşıqlar sazda çalıb oxumaqla bərabər, rəngarəng formalı şeirlər qoşur, geniş məzmunlu dastanlar yaradırdılar.
İcra başçısı bildirib ki, 30 sentyabr 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılmışdır. YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin 2009-cu il sentyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu hadisə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləyir. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğının nəticəsidir.
Rayon rəhbəri qeyd edib ki, Ulu Öndər Heydər Əliyev zaman-zaman aşıq sənətinin ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsi barəsində bir neçə sərəncam və fərmanlar vermişdir. Onlardan biri də 5 iyul 2003-cü il tarixində aşıq yaradıcılığının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin 110 illik yubileynin keçirilməsi haqqında sərəncamıdır. Ulu Öndər öz sərəncamında qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi olduğunu vurğulamışdır. Sərəncama uyğun olaraq ölkə miqyasında Aşıq Şəmşirin 110 illik yubileyi təntənəli şəkildə keçirilmişdir.
İcra başçısı cənab Prezident İlham Əliyevin hər zaman mədəniyyətimizə, incəsənətimizə xüsusi diqqət ayırdığını bildirib. 2 aprel 2018-ci il tarixdə sərəncam verərək Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin təntənəli surətdə keçirilməsi haqqında tapşırıqlar vermişdir. Bu sərəncama uyğun olaraq respublikanın bir çox şəhər və rayonlarında o cümlədən Qazaxda mədəni-kütləvi tədbirlər keçirilmişdir. Qazaxda Aşıq Şəmşirin və Aşıq Ələsgərin xatirəsinə ucaldılmış büstlərin açılış mərasimi olmuş, açılış mərasimindən sonra Qazax Mədəniyyət Mərkəzinin böyük zalında geniş tədbir keçirilmişdir. Saz sevərlər, sözə dəyər verənlər Dədə Şəmşirin ruhunun işığına toplaşmışdı.
Ustad aşıq olan Dədə Şəmşirin həyat və yaradıcılığna nəzər salan icra başçısı qeyd edib ki, XX əsr Azərbaycan aşıq poeziyasının ən tanınmış və məşhur simalarından biri Aşıq Şəmşirdi. Əgər XVI əsrdə Dirili Qurbani, XVII əsrdə Tufarqanlı Abbas, XVII-XVIII əsrlərdə Xəstə Qasım, XVIII əsrdə Abdal – Gülablı Valeh, XIX əsrdə Aşıq Ələsgər aşıq poeziya sənətinin zirvəsində dayanırdılarsa, XX əsrdə isə Aşıq Şəmşir bu zirvəni fəth etmişdir.
Sual olunur, Aşıq Şəmşir hansı zəminə, hansı yaradıcı qaynaqlara söykənərək, ondan güc alıb bu ucalığa yüksələ bilmişdir? Bunu bir-iki cümlə ilə ifadə etmək çətindir. Hər kəs öz mühitinin oğludur. Aşıq Şəmşir yurdumuzun ən ucqar rayonunda, Kəlbəcər dağlarının dilbər guşəsi olan Dəmirçidanı kəndində dünyaya göz açmış, sonra atası aşıq, şair Qurban təbiətin ən səfalı guşəsi olan Ağdaban kəndinə köçmüşdür. Şəmşir gözünü açıb Dəlidağı, Məndili, Qoşqarı, Qonuru, Lülparı, neçə-neçə belə möhtəşəm dağları görmüşdür. Onun ilk bəhrələndiyi qaynaq, yaradıcılıq qaynağı, nəsil şəcərəsidir. Hər şeydən əvvəl, Aşıq Şəmşir dövrünün azman sənətkarı, hər zaman Aşıq Ələsgərlə bir olan, yanaşı duran atası Ağdabanlı Qurbandan dərs almışdır. O, hələ beşikdə ikən Ağdabanlı Qurbanın sazının, sözünün səsi ilə yatıb oyanmışdır.
İcra başçısı bildirib ki, Aşıq Şəmşir yüksək poetik zövqə malik olan Səməd Vurğunun geniş mədəni ictimaiyyət üçün “kəşfı” olduğu kimi, eyni zamanda onun canlı xalq yaradıcılığı ilə ünsiyyətə olan ehtiyacının, təşnəsinin ödəndiyi, qidalandığı coşğun bulaq idi. Səməd Vurğun məhz xalq sənətkarları arasında Qurbani kimi, Miskin Abdal kimi azman bir sənətkar axtarırdı. Elə bir sənətkar ki, onunla yanaşı durmaq qabiliyyətinə malik olsun, sözünün qabağına söz deyə bilsin. S.Vurğun el məclislərində olurdu, hər yerdə məşhur aşıqların yaradıcılığına, ifaçılığına xüsusi maraq göstərirdi. S.Vurğun Şikəstə Şirinə, Bozalqanlı Hüseynə və digər saz-söz sərraflarına şeirlə məktublar yazdı, onları yerindən tərpətdi. Lakin onların əks-sədasını duymadı və cavabını ala bilmədi. S.Vurğun öz düşüncəsində nəyi isə, kimi isə axtarırdı, lakin tapa bilmirdi. Aşıq Şəmşirin bir qoşmasını dinləməklə sanki Səməd axtardığını tapdı. 1955-ci ildə milli ruhlu poeziyamızın iki ən böyük nümayəndəsi Dədə Şəmşirin Xalq şairi, ölməz sənətkar Səməd Vurğunla Kəlbəcərdə görüşləri olmuşdur. Səməd Vurğun Aşıq Şəmşirin göz açıb dünyaya baxdığı dağları, bulaqları bir bənd şeiri ilə bir tabloya gətirdi, göz önündə canlandırdı. Şeir belədir:
Səməd Vurğun:
Aşıq Şəmşir, Dəlidağdan keçəndə,
Kəklikli daşlardan xəbər al məni,
Ceyran bulağından qızlar içəndə,
Saz tutub, söz qoşub yada sal məni.
Aşıq Şəmşir isə cavabında:
Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayak səni.
Aşıq Şəmşirin cavab qoşmasındakı bircə misra Səməd Vurğunu həyəcana gətirdi, varlığını tərpətdi. Aşığın böyüklüyünü, azman sənətkar olduğunu hiss etdirdi.
Alimlərimiz Aşıq Şəmşirlə Səməd Vurğunun görüşünü bədii düşüncə tariximiz üçün çox böyük hadisə kimi təhlil edərək yazır: “Hər şeydən əvvəl bu görüş Aşıq Şəmşiri vətənimizin paytaxtına, elm-sənət aləminə yaxşı tanıtdı. Deyişmə zamanı söylənilən şeirlər Aşıq Şəmşirin və Səməd Vurğunun kəşf olunmamış çox qiymətli yaradıcılıq xüsusiyyətlərini üzə çıxardı və respublikamızın elm və sənət aləminə göstərdi”.
Rayon rəhbəri vurğulayıb ki, Aşıq Şəmşir yaradıcılığına bütövlükdə nəzər saldıqda göz önündə iki Şəmşir durur: Bunlardan biri köhnə aşıq poeziyası ənənələri ilə düzüb-qoşan Şəmşir, o biri isə Vurğun lirikası ruhunda yazıb-yaradan Şəmşir. Aşıq Şəmşir Xalq şairi Səməd Vurğunla görüşəndən sonra, bir şair kimi, bir söz ustası kimi daha da şöhrətlənmişdir. Bu yerdə Osman Sarıvəllinin də Aşıq Şəmşir üzərində olan zəhmətini unutmaq olmaz. Aşıq Şəmşirin şeirlərinin kitab kimi çap olunmasında və geniş oxucu kütləsi qazanmasında, Onun böyük rolu olmuşdur.
İcra başçısı bildirib ki, yurdumuzda Aşıq Şəmşir poeziyasının vurğunu olmayan, onun şəxsiyyətini sevməyən, şeirlərini bilməyən, əzbərləməyən tək-tək aşıq olar. Təkcə aşıqlar, şairlər deyil, bütövlükdə xalqımız Aşıq Şəmşiri sevir və onun adı gələndə böyük qürur hissi keçirir. Bu gün deyə bilərik ki, Xalq şairi, ölməz sənətkar Səməd Vurğun və klassik aşıq sənətinin son nümayəndəsi Aşıq Şəmşir qəlblərdə daim qoşa yaşayacaqlar.
İcra başçısı sonda Qazax ictimaiyyəti adından və öz adından Aşıq Şəmşirin oğlu, dəyərli ziyalımız Qurbanov Qənbər Şəmşir oğlunun vəfatına görə bütün kəlbəcərlilərə və Aşıq Şəmşir ocağına bir daha başsağlığı verib, əziz xatirəsini ehtiramla anıb.
AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov çıxış edərək konfrans iştirakçılarını salamlayıb, tədbirin yüksək səviyyədə təşkil olunmasına və ev sahibliyinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Xalq şairi Səməd Vurğunla Aşıq Şəmşirin dostluq əlaqələrindən söz açan natiq bu dostluğun təsadüfi dostluq olmadığını qeyd edib. Klassik aşıq sənətinin son nümayəndəsi olan Aşıq Şəmşir yaradıcılığının gələcək nəsillər üçün örnək olduğunu bildirib. Natiq çıxışında Aşıq Şəmşirin klassik və çağdaş aşıq sənəti arasında körpü rolunu oynadığını vurğulayıb. Xalq şairi Səməd Vurğunun yaradıcılığından söz açan natiq onun sovet dövründə Azərbaycan ədəbiyyatının səsini dünyaya çatdıran dəyərli ziyalımız, şairimiz olduğunu qeyd edib.
BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək konfrans iştirakçılarına səmimi ürək sözlərini çatdırıb. A.Rüstəmov qeyd edib ki, nə qədər millət var, ounun mədəniyyəti o qədər yaşayır. Xalqın milli varlığını onun dahiləri, zirvədə olanlar öz çiyinlərində daşıyaraq gələcək nəsillərə ötürürlər. Buna görə də xalq öz dahilərini daim diqqətdə saxlayır. Bu gün Xalq şairi Səməd Vurğun və Aşıq Şəmşir həm xalqın qəlbində ədəbi yaşayırlar, həm də dövlət tərəfindən hər zaman onların yaradıcılığı yüksək qiymətləndirilir. Şairlərə, saz, söz adamarına verilən dəyərdən, qiymətdən söz açan A.Rüstəmov Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ənənənin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirildiyini, onların fəaliyyətində də öz əksini tapdığını bildirib. Bugünkü konfransı həmin yüksək qiymət və dəyərin davamı kimi qeyd edib. BDU Qazax filialı olaraq artıq 4-cü dəfə beynəlxalq konfransda iştirak etdiklərini, həmin konfransların materiallarının kitab şəklində çap olunduğunu, eləcə də bugünkü konfransın materiallarının da kitab şəklində dərc ediləcəyini vurğulayıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar jurnalist Adil Cəmil çıxış edərək konfrans iştirakçılarını öz növbəsində salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. A.Cəmil Qurbani, Xəstə Qasım, Abbas Tufarqanlı, Aşıq Abdı, Aşıq Ələsgər və Aşıq Şəmşir kimi ustad aşıqlarımızın öz yaradıcılıqları ilə saz, söz mədəniyyətimizə, poeziyamıza böyük töhfələr verdiklərini söyləyib. Dədə Şəmşir yaradıcılığında klassik aşıq sənətinin bütün parametrlərinin olduğunu diqqətə çatdırıb. 1955-ci ildə Kəlbəcərdə İstisuda Xalq şairi Səməd Vurğunla Aşıq Şəmşirin görüşməsindən söz açan natiq bu görüşdə yaranan dostluğun bu gün də davam etdiyini, bugünkü görüşün də məhz bu məqsədə xidmət etdiyini qeyd edib. Natiq Aşıq Şəmşirin ədəbi mühitdə üzə çıxmağında Səməd Vurğunun və Xalq şairi Osman Sarıvəllinin böyük xidmətləri olduğunu vurğulayıb.
"Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov çıxış edərək birliyin üzvləri adından salamlarını çatdırıb, konfransın ərsəyə gəlməsində əməyi keçən insanlara təşəkkürünü bildirib. "Qazax” Xeyriyyə İctimai Birliyi olaraq gördükləri işlərdən söz açan natiq bugünkü konfransda iştirak etməyi özlərinə borc bildiklərini qeyd edib.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna", "Zerkalo" qəzetlərinin, ayna.az saytı və Ayna TV-nin təsisçisi və baş redaktoru Elçin Şıxlı çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Şifahi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyat haqqında fikirlərini bölüşən E.Şıxlı qeyd edib ki, Molla Pənah Vaqifin əsərləri yandırılsa da, məhz şifahi xalq ədəbiyyatı sayəsində bu günümüzə qədər gəlib çatıb. Natiq Qazaxda belə bir tədbir keçirilməsinə görə şad olduğunu söyləyib.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağının sədr müavini, Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək “Aşıq Şəmşir” Mədəniyyət Ocağının sədri, Kəlbəcərin dəyərli ziyalısı Cavid Qurbanovun adından tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini yetirib. Kəlbəcər ziyalılarına, ictimaiyyətinə olan isti münasibətə, verilən dəyərə görə razılığını bildirib. H.Misirov Qazaxın ədəbiyyat, mədəniyyət paytaxtı olduğunu vurğulayıb. Qazaxdan Azərbaycanın dəyərli ziyalıları, elm xadimləri çıxdığını bildirib. Azərbaycan aşıq sənətinin inkişafında, eləcə də Dədə Şəmşirin zirvələrə qalxmasında Xalq şairi Səməd Vurğunun böyük rolu olduğunu vurğulayıb. Dədə Şəmşirin Qazaxda olmasından, Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı ilə olan görüşlərindən söz açıb. Dədə Şəmşirin 125 illik yubileyinin Qazax ictimaiyyəti tərəfindən təntənə ilə qeyd olunmasını, Aşıq Ələsgərlə Dədə Şəmşirin büstünün qoyulmasının bu gün də minnətdarlıq hissi ilə qarşılandığını söyləyib. Bunu Qazax ictimaiyyətinin şeirə, mədəniyyətə verdiyi dəyər kimi qiymətləndirib. H.Misirov Qarabağ adlı dərdin Dədə Şəmşir ocağından da keçdiyini bildirib. 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə Xocalıda törədilən faciənin eynilə Dədə Şəmşirin ata yurdu olan Ağdabanda da törədildiyini, ailə üzvlərinin yandırıldığını söyləyib. H.Misirov qeyd edib ki, bu gün Dədə Şəmşirin ruhu şaddır. Ona görə ki, 28 illik həsrətdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevn rəhbərliyi altında ordumuzun gücü ilə işğal altında olan torpaqlarımız, o cümlədən də Kəlbəcər azad edildi. Nə xoş ki, Qənbər Şəmşiroğlu Kəlbəcərin qayıtdığını gördü. H.Misirov Dədə Şəmşirin adını daşıyan ictimai birliyin yarandığı ilk gündən milli-mənəvi dəyərlərin qorunması, aşıq sənətinin yaşadılması istiqamətində mühüm işlər gördüyünü söyləyib. Natiq sonda bir daha konfransın təşkilinə görə əməyi keçənlərə təşəkkür edib.
Erzincan Binali Yıldırım Universiteti, Prof. Dr. Ali Kafkasyalı “Səməd Vurğunun ədəbi irsində milli-mənəvi dəyərlər” adlı məruzəsində Xalq şairi Səməd Vurğunun yaradıcılığını təhlil edib, maraqlı məlumatlarla fikirlərini bölüşüb. Natiq çıxışında Səməd Vurğunun Azərbaycan ədəbiyyatnda önəmli yerə sahib olduğunu, daim xalqının vicdanının səsi olduğunu söyləyib. Natiq bildirib ki, Səməd Vurğun insani duyğular içərisində ən müqəddəs duyğunun vətənpərvərlik, vətənsevərlik olduğunu qeyd edir və bunu şeirlərində də aydın şəkildə əks etdirib.
Kırşehir Ahi Evran Üniversitesi, Prof. Dr. Kubilay Kolukırık “Aşık Şemşir şiirlerinde dini unsurlar ve Aşık Şemşirin ilahi formunda bestelenmiş iki eseri” mövzusunda məruzə ilə çıxış edib, Aşıq Şəmşir yaradıcılığından söz açıb.
Ukrayna-Gürcüstan Beynəlxalq Universiteti, Prof. Dr. Mahmud Kamaloğlu “Sazla sözün vəhdəti” adlı məruzə ilə çıxış edib. Borçalıdan qucaq dolusu salamlar gətirdiyini qeyd edən natiq səmimi ürək sözlərini çatdırıb. Qazaxda ikinci dəfə elmi konfransda olmağından şərəf duyduğunu dilə gətirib. Qazaxın təkcə şair, saz-söz diyarı deyil, eyni zamanda, bir mədəniyyət mərkəzi olduğunu bildirib. Dədə Şəmşirlə Səməd Vurğunun dillərə dastan olan görüşünün illər ötsə belə hər zaman öyrəniləcəyini, gələcək nəsillərə ötürüləcəyini qeyd edib.
Əməkdar mədəniyyət işçisi Misgər Məmmədov “Aşıq Şəmşir yaradıcılığının psixopoetik xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edərək sazla sözün vəhdət təşkil etdiyini vurğulayıb. ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini Qazaxda təhsil sahəsinə olan qayğı kimi qiymətləndirib. Xalq şairi Səməd Vurğunun və Aşıq Şəmşirin yaradıcılığında bütün fikirlərin real gerçəkliyə əsaslandığını bildirib.
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq Rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov çıxış edərək konfransın əhəmiyyətindən söz açıb. Gənclərin bu cür konfranslarda iştirak etməsinin vətənpərvərlik hissinin aşılanmasında böyük rol oynadığını qeyd edib.
Sonra söz saza, sözə verilib. Aşıq Şöhrət Kəlbəcərli və Qazaxlı Aşıq Coşqun Rəhimovun ifa etdikləri “Səməd Vurğun və Aşıq Şəmşir dastanı”, Aşıq Hacı Qazaxlının, Aşıq Əli Zeynalabdınov Kəlbəcərlinin bir-birindən maraqlı çıxışları alqışlarla qarşılanıb.
Sonda tədbir ilə əlaqədar keçirilmiş "Səməd Vurğun və Aşıq Şəmşir dostluğu sazın-sözün vəhdətində” adlı şeir və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıblar.
Şeir müsabiqəsində BDU-nun Qazax filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Xasayeva Gülnar Fariz qızı Səməd Vurğunun “Yada sal məni” adlı şeiri ilə, IV kurs tələbəsi Musayeva Qənirə Elman qızı Aşıq Şəmşirin “Səni” adlı şeiri ilə I yerə, Filologiya ixtisasının IV kurs tələbəsi Mirzəyeva Jalə Rizvan qızı Səməd Vurğunun “Ala gözlər” adlı şeiri ilə, Tarix fakültəsinin III kurs tələbəsi Yusibli Elmir Şahmar oğlu Aşıq Şəmşirin “Kimi” adlı şeiri ilə II yerə, Tarix fakültəsinin III kurs tələbəsi Bayramova Aysu İlham qızı Səməd Vurğunun “Dağlar” adlı şeiri ilə, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının I kurs tələbəsi Əmirova Günel Eldəniz qızı Aşıq Şəmşirin “Vətənim” adlı şeiri ilə III yerə layiq görülüblər.
Rəsm müsabiqəsində Aşıq Şəmşirin portreti üzrə Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvləri Eşqin Quliyev I yerin, Ema Carçılı II yerin, Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Leyla Qəribli isə III yerin, Xalq şairi Səməd Vurğunun portreti üzrə Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Həlimə Alməmmədova I yerin, Aydan Haqverdiyeva II yerin, Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvü Ruhin Xasməmmədov isə III yerin qalibi olublar. Qazax Rayon İcra Hakimiyyəti tərəfindən hər iki müsabiqə qaliblərinə hədiyyələr təqdim edilib.
Aşıq Şəmşir və Xalq şairi Səməd Vurğun yaradıcılığına həsr olunmuş tədbir Aşıq Coşqun Qazaxlının, Aşıq Şöhrət Kəlbəcərlinin, Aşıq Əli Zeynalabdınov Kəlbəcərlinin Xalq şairinin “Azərbaycan” şeiri və saz havasının sədaları altında başa çatıb.