Qazaxda “Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazıldığı - 20 il” mövzusunda tədbir keçirilib
Oktyabrın 13-də Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazıldığı - 20 il” mövzusunda tədbir keçirilib.
YAP Qazax Rayon Təşkilatının akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın əməkdaşları YAP Qazax Rayon Təşkilatı Ərazi partiya təşkilatlarının sədrləri, fəalları və veteranları, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. 2023-cü ilin xalqımız üçün əlamətdar bir il olduğunu, bu ilin “Heydər Əliyev İli” elan edildiyini söyləyən icra başçısı bu il həm də Prezident İlham Əliyevin 2003-cü ilin 15 oktyabrında ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötdüyünü qeyd edib. Rayon rəhbəri öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Ölkə Prezidentinin 2003-2023-cü illər ərzində uğurlu fəaliyyətinə və əldə edilmiş yüksək nailiyyətlərinə nəzər yetirərkən bunun əyani şahidi olduğumuzu qeyd edib. 1 oktyabr 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına etdiyi “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” tarixi müraciəti xatırladan icra başçısı Azərbaycan xalqının yanılmadığını, doğru, düzgün seçim etdiyini, öz taleyini etibarlı əllərə həvalə etdiyini söyləyib. İcra başçısı vurğulayıb ki, 2003-cü ilin 15 oktyabrında keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu təkcə İlham Əliyevə səs vermədi, eyni zamanda, xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. İcra başçısı ölkə Prezidentinin düşünülmüş, məqsədyönlü siyasəti sayəsində müstəqil Azərbaycanın bu gün bütün dünyada qalib dövlət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib sərkərdə kimi tanındığını vurğulayıb. 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 günə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində həm şanlı Azərbaycan Ordusunun, həm də Müzəffər Ali Baş Komandanın hərb tariximizdə qəhrəmanlıq dastanı yazdıqlarını qeyd edib. Əldə etdiyimiz şanlı Zəfərin ölkə başçısının misilsiz xidmətlərinin, fəaliyyətinin pik nöqtəsi hesab edildiyini diqqətə çatdırıb. Mədəniyyət paytaxtımız olan Şuşanın azad edilməsindən sonra - 2020-ci ilin 8 noyabrında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi “Mən bu gün eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” fikirlərini diqqətə çatdıran rayon rəhbəri vurğulayıb ki, xalqa müraciət edən İlham Əliyev bütün bunları yalnız bir atanın oğluna etdiyi vəsiyyət olaraq yerinə yetirmədi. Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirən böyük lider, həm də bir Prezident kimi xalqına verdiyi vədi yerinə yetirdi, ona olan inamın qırılmasına nəinki imkan vermədi, onu getdikcə daha da gücləndirdi. Bu gün Azərbaycan bu inamın sayəsində güclənərək inkişaf edir. İcra başçısı ata vəsiyyətini yerinə yetirən ölkə başçısı, Müzəffər Ali Baş Komandanla bu gün xalqımızın fəxr edib, qürur duyduğunu bir daha dilə gətirib. Rayon rəhbəri ölkə Prezidentinin 20 illik fəaliyyəti dövründə, diqqət və qayğısı sayəsində paytaxt Bakı ilə yanaşı, bütün bölgələrimizin, o cümlədən də Qazaxın gündən-günə inkişaf etdiyini vurğulayıb. Rayon rəhbəri müstəqil Azərbaycanın bundan sonra da möhtərəm Prezident İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcəyini və çiçəklənəcəyini qeyd edib, bu yolda hər kəsə uğurlar arzulayıb.
YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. A.Nəbiyev qeyd edib ki, 2003-cü ilin 15 oktyabrında keçirilmiş Prezident seçkilərində tarixin ağır sınaqlarından çıxmış müdrik xalqımız doğru, düzgün seçim edərək Heydər Əliyev siyasi kursuna, haqqa, ədalətə, müstəqil Azərbaycanımızın xoş, firavan gələcəyinə, ən layiqli namizədə - cənab İlham Əliyevə səs verdi. Natiq vurğulayıb ki, bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin - amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Ötən 20 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderlik keyfiyyətləri sayəsində ölkəmiz böyük tarixi qələbələr, uğurlar, nailiyyətlər qazandı.
Bakı Dövlət Universitetinin Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi kafedrasının müəllimi Türkan Carçıyeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. T.Carçıyeva çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz xalqına, dövlətinə şərəflə xidmət edən dövlət başçısı olmaqla yanaşı, həmçinin, dünya azərbaycanlılarının lideri olduğunu vurğulayıb. Qətiyyətli liderin həyata keçirdiyi, məqsədyönlü siyasətlə atdığı addımların nəinki öz ölkəsində, həmçinin, dünyada uğurla tanındığını bildirib.
YAP Qazax Rayon Təşkilatının məsləhətçisi Polad Ağakişiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 illik fəaliyyəti dövründə layiq görüldüyü, təltif olunduğu orden və medalları, yüksək təltifləri diqqətə çatdırıb. P.Ağakişiyev ölkə Prezidentinə verilən ən ali mükafatın isə xalq sevgisi, hörməti, ehtiramı olduğunu söyləyib. Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanla fəxr edib, qürur duyduğunu, ən ülvi sevgi ilə dəyər verdiyini qeyd edib.
Partiya fəalı, Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək xalqımıza Zəfər yaşadan Müzəffər Ali Baş Komandanla uşaqdan tutmuş böyüyə kimi hər kəsin qürur duyduğunu bir daha dilə gətirib. G.Alişanova Prezident İlham Əliyevin 2003-cü ildə ilk dəfə Prezident seçiləndə söylədiyi “Hakimiyyət xalqa xidmət vasitəsidir” fikrinin ölkə başçısının 20 illik fəaliyyəti dövründə real əksini gördüyümüzü, hər zaman xalqın yanında olduğunu söyləyib. Qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində xalqın öz Prezidentini necə sevdiyinin, öz rəhbərinin ətrafında necə yumruq tək birləşdiyinin, Prezidentinə inandığının, güvəndiyinin şahidi olduq. Bu birlik, həmrəylik sayəsində bu gün Prezidentimizin qalib liderə, xalqımızın qalib xalqa çevrildiyini bildirib.
Fəal gənc, Poçtamt Ərazi partiya təşkilatının sədr müavini Şəhadət Abbasov çıxışı zamanı 2003-cü ilin 15 oktyabrında İlham Əliyevin Prezident seçilməsi ilə müasir Azərbaycanın yeni tarixinin yazıldığını söyləyib. Bu gün ölkə başçısının düşünülmüş siyasəti nəticəsində Azərbaycanın böyük uğurlara imza atdığını qeyd edib. Ölkə başçısının 20 illik fəaliyyəti dövründə Azərbaycan dövlətinin və xalqının qazandığı ən böyük nailiyyətin 30 illik həsrətdən sonra işğal altında olan torpaqlarımızın azad olunması, suverenliyimizin bərpa edilməsi olduğunu vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd folklor klubunun müdiri Rüfət Axundlu şanlı Zəfərimizə həsr etdiyi şeirini təqdim edərək tədbirə öz töhfəsini verib.
Partiya fəalı, AYB-nin üzvü, Qaymaqlı kənd Folklor evinin müdiri, şair Kazım Kazımlı çıxış edərək Prezident İlham Əliyevə həsr etdiyi şeiri səsləndirib, qalib sərkərdənin, liderin fəaliyyətinin hər anının bir tarix olduğunu söyləyib.
Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Təhminə İsmayılova və Səadət Pirməmmədova Ümummilli Lider Heydər Əliyevə və möhtərəm Prezident İlham Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.
Tədbirdə rayonun ictimai - siyasi həyatında fərqlənən bir qrup partiya fəalı YAP Qazax Rayon Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunub. Həmçinin, YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.