Qazaxda barama tədarükü davam edir
Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı da bu sahənin inkişafında mühüm rol oynayır. Sözügedən Sərəncamdan irəli gələn vəzifələrin icrası sayəsində ənənəvi və ixracyönümlü sahələrdən olan baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır.
Ölkə başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində əməli işlər görülür, ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
Bu il artıq doqquzuncu ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 2400 kq yaş baramanın istehsalı nəzərdə tutulub. Rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Qazaxbəyli, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülərə 60 qutu ipəkqurdu toxumu təhvil verilib.
Qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışan kümçülər artıq barama tədarükünə başlayıblar.
İyunun 8-də Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülər tərəfindən 444 kq barama məhsulu "Azəripək” MMC-yə təhvil verilib. Ümumilikdə, bu günə kimi 504 kq barama tədarük olunub. Mərkəzdə kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.