Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda brusellyoz xəstəliyinə qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə mübarizə tədbirlərinə həsr olunmuş iclas keçirilib

16 aprel 2025 | 19:14

Ölkəmizdə brusellyoz xəstəliyinə qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə mübarizə tədbirləri davam etdirilir. “Azərbaycan Respublikasının 2025-ci il üçün epizootiya əleyhinə Tədbirlər Planı”na əsasən brusellyoz xəstəliyinə görə epizootoloji şəraitin öyrənilməsi ilə bağlı südlük istiqamətili iribuynuzlu heyvanlarda seroloji monitorinqlərin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq məktubuna əsasən Agentliyin Qazax-Tovuz Regional bölməsinin inzibati ərazisində yerləşən təsərrüfatlarda monitorinqlər keçirilir.

Monitorinq çərçivəsində iribuynuzlu heyvanlardan diaqnostik nümunələr götürülərək laborator müayinələr aparılır, habelə təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülür və epizootoloji məlumatlar toplanaraq təhlil edilir.

Məlumat üçün qeyd edək ki, monitorinqlər zamanı Qazax rayonu ərazisində yerləşən heyvandarlıq (fərdi və fermer) təsərrüfatlarında olan südlük istiqamətli iribuynuzlu heyvanlardan Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşları tərəfindən diaqnostik qan nümunələri götürülmüş və müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunmuşdur.

Laboratoriyanın nəticələrinə əsasən Qazax rayonunun Aşağı Salahlı kənd sakini Abdullayev Hüseyn Omar oğluna, Daş Salahlı kənd sakini Əliyev Hüseyn Asif oğluna, Aslanbəyli kənd sakini Məmmədov Sahib Alı oğluna və Orta Salahlı kənd sakini Məmmədov Şahin Oktay oğluna məxsus təsərrüfatlarda aparılan monitorinq zamanı iribuynuzlu heyvanlardan götürülmüş qan nümunələrində (Hər bir sakinə məxsus 1 baş iribuynuzlu heyvanda) brusellyoz xəstəliyinin olması təsdiq olunmuşdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan  məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları”na uyğun olaraq aidiyyəti məlumatlar epizootiya əleyhinə fövqəladə komissiyaya təqdim olunur.

Aprelin 16-da Qazax Rayon İcra Hakimiyyətində sözügedən məsələ və təsərrüfatda brusellyoz xəstəliyinə qarşı mübarizə tədbirlərinə həsr olunmuş iclas keçirilib.  

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz Regional Bölməsinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri  Firudin Mehvalıyev, həmin sektorda aparıcı məsləhətçi Pərvin Yusifov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi Məsud Xatibi və onun müavini Yusif İbrahimov, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi İlqar Orucov, Qazax RİH başçısının Aşağı Salahlı, Orta Salahlı, Aslanbəyli, Daş Salahlı kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Bələdiyyə sədrləri, təsərrüfatlarında brusellyoz xəstəliyi aşkar olunmuş adları çəkilən kənd sakinləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq qonaqları salamlayıb, tədbirin əhəmiyyətini qeyd edərək səmimi ürək sözlərini bölüşüb. İcra başçısı qeyd edilən məsələ ilə bağlı mövcud vəziyyəti öyrənərək məsələnin həlli istiqamətində aidiyyəti nümayəndələrə müvafiq tapşırıqlarını verib.

Tədbirdə iştirak edən aidiyyəti qurumların nümayəndələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə brusellyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə keçirilən seroloji monitorinqlər, mübarizə tədbirləri, peyvəndlənmə işləri barədə ətraflı məlumat veriblər.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyi müfəttişləri və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssislərinin iştirak etdikləri diqqətə çatdırılıb.

Qeyd olunub ki, brusellyoz xəstəliyi heyvanlar arasında geniş yayıldıqda ölkə əhalisinin sağlamlığına ciddi risk yaradır və heyvandarlıq təsərrüfatlarında iqtisadi itkilərə səbəb ola bilir. Digər zoonoz infeksiyalardan fərqli olaraq, insanların brusellyoza yoluxmasının yeganə mənbəyi xəstə heyvanlardır və əksər hallarda yoluxma süd və süd məhsulları vasitəsilə baş verir. Ona görə də istehlakçılar bu cür məhsulları seçərkən daha diqqətli olmalıdırlar.

Keçidlər