Qazaxda daha iki çoxmənzilli yaşayış binasının həyətinə asfalt örtüyü vurulacaq
Son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında qəbul edilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larına əsasən paytaxt Bakıda, eləcə də respublikamızın bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Son dövrlər bunu Qazaxda aparılan abadlıq işlərinin timsalında aydın şəkildə görmək olar. Xüsusilə də ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması bu dediklərimizin əyani sübutudur. Şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5, Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı, Hüseyn Arif küçəsində yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Şəhərdə prospekt və küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Qazaxda daha iki binanın - şəhərin Bakı küçəsində yerləşən 1 və 2 saylı çoxmənzilli yaşayış binalarının həyətində də su-kanalizasiya sisteminin çəkilişi başa çatdığı üçün yeni asfalt örtüyünün vurulması nəzərdə tutulub.
İyulun 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişindən sonra yeni asfalt örtüyü vurulacaq həmin binaların həyətində görüləcək işlərlə tanış olub. Görülməsi nəzərdə tutulan işlərlə maraqlanan icra başçısı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Ölkə başçısının rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda genişmiqyaslı quruculuq işlərinin aparılması bina sakinləri tərəfindən də razılıq hissi ilə qarşılanır. Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.
Məlumat üçün bildirək ki, hər iki bina əsaslı şəkildə təmir olunub. Belə ki, binaların dam örtüyü, elektrik və rabitə xətləri yenilənib. Bloklarda əsaslı təmir işləri aparılıb. Daxili və xarici fasad, blokların giriş qapıları rənglənib. Bu gün isə binaların həyətində su və kanalizasiya sisteminin çəkilişi başa çatdığı üçün asfalt örtüyü vurularaq, abadlıq işləri aparılaraq sakinlərin istifadəsinə veriləcək.