Qazaxda “Davamlı iqtisadi inkişafa aparan yol” mövzusunda tədbir keçirilib
Sentyabrın 20-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan iqtisadiyyatının təməli sayılan “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar “Davamlı iqtisadi inkişafa aparan yol” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul işçiləri, mədəniyyət, təhsil, səhiyyə, Qazax Elektrik Şəbəkəsi, Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsi üzrə müəssisə rəhbərləri və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecin pedaqoji heyəti, KİV nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Ulu Öndər Heydər Əliyevin banisi olduğu neft strategiyasının uğurlarını özündə əks etdirən kitablardan ibarət sərgiyə baxış keçirilib. “Əsrin müqaviləsi - Milli uğur strategiyası” filmi nümayiş etdirilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, Respublika Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkəmizdə 20 sentyabr tarixinin həm də Dövlət Suverenliyi Günü kimi təsis edilməsi ilə əlaqədar tədbir iştirakçılarını təbrik edib. C.Hüseynova bildirib ki, bu gün eyni zamanda Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümüdür. Bu müqavilə Azərbaycanın iqtisadiyyatının güclənməsində müstəsna rola malik olub və regionun, ümumilikdə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyəti ilə ölkəmizin yeni inkişaf erasına daxil olmasına vəsilə olub. Müxtəlif çətinliklərdən və maneələrdən keçən “Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzmi sayəsində reallaşdı. Yenicə müstəqilliyinə qovuşmuş ölkəmizin gələcək inkişafının və dünya birliyi ilə tərəfdaşlığının ən həlledici amilinə çevrildi.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Həsənova 20 sentyabr tarixinin daha bir əlamətdar hadisə ilə də yadda qaldığını, xalqımızın yaddaşına əbədi həkk olunduğunu söyləyib. “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” ölkə Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən qalib Azərbaycan xalqının bundan sonra hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, eyni zamanda, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklərini bildirib. Müavin qazandığımız qələbələrə, nailiyyətlərə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Vətən yolunda canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, hərbçilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. G.Həsənova geniş məruzə ilə çıxış edərək bildirib ki, sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycan ilə dünyanın tanınmış neft şirkətləri arasında sazişin imzalanmasının 30-cu ildönümüdür. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış, sonradan isə beynəlxalq aləmdə yüksək qiymətləndirilmiş və haqlı olaraq “Əsrin müqaviləsi” adını qazanmış bu saziş respublikamızın salnaməsinə qızıl hərflərlə həkk olunub və Heydər Əliyevin neft strategiyasının şanlı səhifəsinə çevrilib. Məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirib. Elə ilk günlərdən o vaxt ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev danışıqlar prosesinə cəlb edilib, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçısı olub. Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış razılaşma öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. “Əsrin Müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış bu müqavilə Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoydu. “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başladı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan, Azərbaycanın inkişaf və tərəqqisinin əsasında dayanan “Əsrin müqaviləsi” təkcə siyasi deyil, həm də böyük iqtisadi və sosial əhəmiyyəti olan tarixi hadisədir. Azərbaycanın gələcək iqtisadi inkişafının və uğurlarının təməli sayılan bu saziş ölkəmizin inkişafına müstəsna təsir göstərərək iqtisadi-siyasi müstəqilliyimizin qarantına çevrildi. Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, eyni zamanda, insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü tədbirlərin mühüm tərkib hissəsidir. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” təşkil edir. Əminliklə demək olar ki, bu güclü təməl üzərində ölkə iqtisadiyyatı daha sürətlə inkişaf edib, xalqımızın rifahı ildən-ilə daha da yaxşılaşıb, Azərbaycan qüdrətli və qalib, suveren dövlətə çevrilib.
Bakı Dövlət Universitetinin Qazax filialının İctimai fənlər kafedrasının baş müəllimi Mübariz Süleymanov çıxış edərək 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının birgə işlənməsi və hasilatı pay bölgüsü ilə bağlı imzalanmış “Əsrin müqaviləsi” haqqında danışıb. O, bildirib ki, bu hadisə Azərbaycanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirdi. Çünki 90-cı illərin əvvəlləri çox gərgin siyasi vəziyyətin hökm sürdüyü bir dövr idi. Belə bir vaxtda yenicə müstəqilliyinə qovuşmuş ölkəmizin gələcək inkişafı üçün maliyyə vəsaitinə ehtiyac duyulurdu. Yeganə çıxış yolu Xəzər dənizinin zəngin karbohidrogen yataqlarının işlənməsi və dünya bazarına çıxarılmasından əldə edilən vəsaitin sosia-iqtisadi inkişafa yönləndirilməsində idi. Ölkədəki, eyni zamanda, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı qeyri sabitlik xaos, anarxiya dünyanın aparıcı neft şirkətlərini Azərbaycana investisiya yatırımına cəlb etmək istiqamətində çətinliklər yaradırdı. Heydər Əliyevin 1993-cü ildən idarəçilik sükanı arxasına keçərək ölkədə vətəndaş qarşıdurmasına son qoyması, qonşu ölkələrlə kəskinləşən münasibətləri yoluna qoyması xarici investorlara təminat yaratdı və “Əsrin müqaviləsi” kimi nəhəng layihənin imzalanmasına şərait yaratdı. Bununla bərəbər Xəzər dənizinin statusu problemini qabartdı, bütün narazı tərəfləri inandırdı, bölgədə hamı üçün əməkdaşlıq və tərəfdaşlıq şəraiti yaratdı, bütün neft-qaz müqavilələrinin Azərbaycanın milli maraqlarına uyğunluğunu təmin etdi.
Qazax Elektrik Şəbəkəsinin rəisi Namaz Mənsimov çıxış edərək bildirib ki, Azərbaycanda energetika sahəsinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin şah əsəri olan "Əsrin müqaviləsi", Xəzərin zəngin neft və qaz ehtiyatlarından istifadə edilməsi üzrə digər müqavilələr məhz Ümummilli Lider Heydər Əliyevin iradəsi, qətiyyəti sayəsində imzalandı. Xəzərin karbohidrogen ehtiyatlarının beynəlxalq neft şirkətləri ilə birgə işlənməsi və xarici bazarlara çıxarılması mifdən reallığa çevrildi: “Heydər Əliyev özünəməxsus müdrikliklə fərqində idi ki, Azərbaycanın sözün əsl mənasında müstəqilliyi, heç bir dövlətin siyasi-iqtisadi asılılığında qalmaması, kifayət qədər gərgin geosiyasi regionda yerləşən ölkəmizin bütün xarici təhdidlərə rəğmən xalqımızın milli maraqlarına uyğun balanslaşdırılmış xarici siyasət kursunu qoruyub saxlaya bilməsi enerji marşrutlarının şaxələndirilməsindən keçir. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan kəmərləri təkcə ideya olaraq yox, möhtəşəm bir tarixi reallıq kimi də onların ərsəyə gəlməsində böyük qətiyyət göstərmiş Heydər Əliyevin əsərləridir.
Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinin rəisi Şahlar Əsədov çıxış edərək bildirib ki, sentyabrın 20-si Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramıdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan enerji strategiyası hazırda İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan bu gün təkcə neft ölkəsi kimi deyil, o cümlədən öz qazı ilə regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək bir ölkə kimi tanınır. Bu gün ölkədə mühüm qlobal proqramlar, irimiqyaslı layihələr, müxtəlif sahələri əhatə edən çoxsaylı Dövlət Proqramları həyata keçirilməkdədir ki, bütün bunlar da ən ümdə məqsədə - Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, nüfuzunun artmasına, beynəlxalq aləmdə ədalətli mövqeyinin təmin olunmasına və ən başlıcası ölkədə həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası neft-qaz ölkəsi kimi bölgədə liderliyini inamla davam etdirir.
Fəal gənc, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasının sədri Pəri İbrahimova çıxış edərək bildirib ki, “Əsrin müqaviləsi" müstəqil Azərbaycan Respublikasının mövcudluğu barədə dünyaya verilən reallıqlara dayanan bəyanatdır. Azərbaycan bu müqaviləni imzalamaqla dövlətimizin tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə sahib olduğunu dünyaya bir daha nümayiş etdirdi. Həmin vaxtdan bu günədək "Əsrin müqaviləsi"ndən ötən illər Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin heç də rəvan olmamışdır. Azərbaycanın müstəqillik yolunda saysız-hesabsız maneələr olub, dövlətçiliyimizə zərbə vurmağı qarşısına məqsəd qoyan mənfur düşmənlərlə mübarizə, müstəqilliyimizi hədəfə alan təxribatlar, qiyam və çevriliş cəhdləri həyata keçirilib. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti və xalqı özünün dahi oğlu, yenilməz Heydər Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində bu əngəlləri bir-bir aşaraq sabitlik, inkişaf və rifah yoluna çıxdı. Azərbaycan dövləti bu gün özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir.
Bakı Dövlət Universitetinin Qazax filialının Kimya və biologiya fakültəsinin 3-cü kurs tələbəsi Xəyal Şıxəliyev çıxış edərək vurğulayıb ki, Heydər Əliyevin yaratdığı milli neft strategiyası Azərbaycanı regionda və dünyada lider dövlətlərdən birinə çevirdi. Hər şey 1994-cü ildə başladı və hər şey Heydər Əliyev şəxsiyyəti ilə bərqərar oldu. Məhz onun əsasını qoyduğu strategiyaya əsaslanan Prezident İlham Əliyev dünyanın enerji xəritəsini daha da zənginləşdirən “Yeni əsrin müqaviləsi”nə imza ataraq, Azərbaycanın adını dünya tarixinə yazdırdı. 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıb. Sazişə əsasən BP layihənin operatoru olaraq qalıb. Saziş Milli Məclis tərəfindən oktyabrın 31-də ratifikasiya olunub. 14 sentyabr ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün olub, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayıb. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi.