Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda dərslərə başlayan ADA Universitetinin Azərbaycan dilindəki yeni magistr proqramının tələbələri rayonun görməli yerlərinə ekskursiya ediblər

12 sentyabr 2022 | 13:01

Xəbər verdiyimiz kimi, sentyabrın 5-də ADA Universitetinin region müəllimləri və məktəb direktorları üçün Azərbaycan dilində “Təhsil üzrə menecment” və “Təlim və tədrisin təşkili və metodikası” üzrə təqdim etdiyi iki yeni magistr proqramının ilk tələbələri Qazaxda dərslərinə başlayıblar.

Bakı Dövlət Universitetinin Qazax filialında start götürən proqram bir çox baxımdan universitet üçün olduqca əlamətdar xarakter daşıyır. ADA Universiteti hər iki proqramı daha əvvəl ingilis dilində təsis etsə də, bilavasitə regionlarda fəaliyyət göstərən müəllimləri müasir bilik və bacarıqlarla təmin etmək məqsədilə bu ildən etibarən həmin ixtisasları Azərbaycan dilində təqdim etməyə başlayıb. Təqdim edilən proqramlar müəllimlərimizin peşəkar inkişafını dəstəkləyəcək, region məktəblərində təlim-tədris prosesinin inkişafına fayda verəcək. ADA Universitetində və onun Qazax mərkəzində əyani və distant formatda keçirilən proqram üzrə ümumilikdə 38 tələbə təhsil alır. Onlardan 27-si “Təhsil üzrə menecment”, 9-u isə “Təlim və tədrisin təşkili və metodikası” proqramı üzrə təhsil alırlar. 

Sentyabrın 11-də Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənovanın iştirakı ilə tələbələrin və müəllimlərin Qazax rayonunun gəzməli-görməli yerlərinə ekskursiyası təşkil olunub.

Ədəbiyyat Muzeyində, Fəxri Qazaxlılar parkında, Şəhidlər xiyabanında, Qazax Müəllimlər Seminariyasında, Qazax “Cümə” məscidində, Qazax Tarix-Diyarşünaslıq Muzeyində, Molla Pənah Vaqif və Molla Vəli Vidadinin Xatirə Muzeyində, Qazax Dövlət Rəsm Qalereyasında, Qazax Rayon Heydər Əliyev Mərkəzində, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksində, Yuxarı Salahlı kəndində yerləşən Xalq şairi Səməd Vurğunun Poeziya Evində, "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialında, “Məmməd Koxa bulağı”nda olan tələbələrə dolğun, əhatəli məlumatlar verilib. 

Tələbələrin ziyarət etdiyi ilk ünvan tarixi şəxsiyyətlər, şairlər, yazıçılar, saz-söz adamları haqqında dolğun məlumatları özündə əks etdirən Ədəbiyyat Muzeyi olub. Şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən muzeylə tanış olan tələbələr burada şairlərimizin həyat və yaradıcılığı haqqında dolğun məlumatlar əldə ediblər. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal muzey haqqında məlumat verərək bildirib ki, Qazaxda fəaliyyət göstərən Ədəbiyyat Muzeyi 5 iyul 2013-cü ildə istifadəyə verilib və açılışında Respublika Prezidenti İlham Əliyev iştirak edib. Mərkəzdə yerləşən muzeyin binası üçmərtəbəlidir. Birinci mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbədə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır. Tələbələr Fəxri Qazaxlılar parkında da olublar. Burada gənclərə büstü qoyulmuş şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər və park haqqında dolğun, ətraflı məlumatlar verilib. 

Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edən tələbələr igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər. Qeyd edilib ki, Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər torpaqlarımızın azadlığı uğrunda canından keçib. Qazax rayonu mənfur düşmənin apardığı müharibə nəticəsində bu günə kimi 339 şəhid verib. Şəhidlərdən 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adını alıb.

Tələbələr ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində tarixi binası əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyası, yerli əhəmiyyətli memarlıq abidəsi olan “İsrafil Ağanın hamamı”, künbəzində və həyətində əsaslı təmir işləri aparılan Qazax "Cümə” məscidi ilə də tanış olublar. 

Qazaxda qonaq olan tələbələr Qazax Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkiblər. Muzeylə tanışlıq tələbələrin böyük marağına səbəb olub. Bildirilib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Muzeyin birinci mərtəbəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin, bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində olan qonaqlara "Qazax xalça məktəbi”, "Etnoqrafiya və folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı, muzey binasının müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edildiyi də diqqətə çatdırılıb.

Qonaqlar Molla Pənah Vaqif və Molla Vəli Vidadinin Xatirə Muzeyinə də baş çəkiblər. Bildirilib ki, 1970-ci ildə açılan muzeydə 1235 eksponat qorunur. Muzeydə əsasən görkəmli şairlər M.P.Vaqif və M.V.Vidadinin dövrünə (XVIII əsr) aid məişət və bəzək əşyaları, paltarlar, silahlar və s. nümayiş olunur.

Sonra tələbələr 30 ildən artıqdır ki, fəaliyyət göstərən və bu gün də hər kəsin sevimli məkanına çevrilən Qazax Dövlət Rəsm Qalereyasına ekskursiya ediblər. Burada nümayiş olunan Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, miniatürləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin foto-şəkilləri tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Tələbələrə vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillərlə bağlı ayrıca məlumatlar verilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq tələbələrin marağına səbəb olub. Mərkəzin direktoru Ceyhunə Hüseynova bildirib ki, 2008-ci il sentyabrın 24-də Prezident İlham Əliyev Qazax şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Original formalı geniş binada Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən böyük ekspozisiya salonu vardır. Ümummilli Liderin Qazax rayonuna səfərlərini, ictimaiyyətlə görüşlərini, həyat və fəaliyyətini özündə əks etdirən fotoşəkillər böyük maraq doğurur. Mərkəzdə dünyada çox az sayda ölkədə olan, yalnız əlin toxunması ilə idarə edilən UbiqWindow sistemi qurulmuşdur. Bu qurğunun köməyi ilə fotoşəkillər, video görüntülər və mətnlər vasitəsilə Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat almaq mümkündür. Mərkəzdə Qafqazda yeganə olan planetari qurulmuşdur. Onun yerləşdiyi salon kürə formalıdır. Salonun tam 180 dərəcə səthi ekran rolunu oynayır. Xüsusi qurğu vasitəsilə həmin ekranda qalaktikalar, günəş sistemi, planetlər və s. göstərilir.

Tələbələr 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini  ziyarət ediblər. Qonaqlara bildirilib ki, Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksi ötən il 27 sentyabr – Anım Günündə istifadəyə verilib. Qeyd edilib ki, 44 günlük haqq savaşında Qazaxın şəhid olan övladlarının adını əbədiləşdirmək məqsədilə yaradılıb. Kompleksdə şəhidlərimiz haqqında məlumatı əks etdirən lövhələr yerləşdirilib, xüsusi monitor vasitəsilə şəkilləri, təltif olunduqları orden və medallar nümayiş etdirilir.

Yuxarı Salahlı kəndində yerləşən Xalq şairi Səməd Vurğunun Poeziya Evinə baxış zamanı tələbələrə məlumat verilib ki, Ulu Öndər Heydər Əliyev həmişə Səməd Vurğunun yaradıcılığına böyük önəm vermiş, şairin əsərlərinin nəşri heç vaxt onun diqqətindən kənarda qalmamışdır. O, Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini çox sevir, yeri gəldikcə, ona müraciət edirdi. 1976-cı ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazax rayonunda Səməd Vurğun Poeziya evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və o, 1979-cu ilin sentyabrında onun açılışında şəxsən iştirak edib. Prezident İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya Evində olmuş, burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq vermişdi. 2005-ci ildə isə Respublika Prezidenti Səməd Vurğunun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdı. Poeziya evinin yerləşdiyi ərazi də genişləndirilmiş, burada yaşıllıq zolağı salınıb. Ötən dövrdə görülən işlər nəticəsində Poeziya evi yeni görkəm alıb. Buradakı eksponatların sayı artmış, yeniləri də əlavə olunub. Səməd Vurğunun Bakıdakı ev muzeyi buraya şairin köynəyini, ov və yazı ləvazimatlarını hədiyyə edib. Bir sözlə, Poeziya evi həmişə Səməd Vurğunun xatirəsinə bir ehtiram ünvanı olub, söz-sənət vurğunlarının daimi görüş yerinə çevrilib. Burada Xalq Şairi Səməd Vurğunun həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də Ulu Öndərin Azərbaycan ədəbiyyatına diqqət və qayğısını əks etdirən şəkillər də yer alıb. Ölkə başçısı 2011-ci ildə fevralın 9-da Qazax rayonunun Yuxarı Salahlı kəndində əsaslı təmir və yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında da iştirak edib. Qeyd olunub ki, bir neçə il öncə rayon rəhbərliyi tərəfindən Poeziya evində əsaslı təmir işləri aparılıb və dahi şairin adına layiq görkəmə salınıb.

Tələbələr ekskursiya çərçivəsində "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialında olublar. Daş Salahlı kəndindəki Damcılı mağarası ilə tanışlıq tələbələrdə zəngin təəssüratlar yaradıb. Bildirilib ki, burada dünya əhəmiyyətli qədim Damcılı mağara düşərgəsi və çox sayda mağaralar yerləşir. Ərazidə ilk dəfə 1953–1957-ci illərdə arxeoloji qazıntılar aparılıb və Avey dağında Daş dövrünə aid 30-a yaxın mağara aşkar edilib, buradan iki minə yaxın alət tapılıb. 2015-ci ilin yayında Yaponiyanın Tokio Universitetinin muzeyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və “Avey” qoruğu arasında memorandum imzalanıb. Sənədə əsasən, yaponiyalı və azərbaycanlı mütəxəssislər bu ərazilərdə arxeoloji tədqiqat işləri aparırlar və hazırda araşdırmalar davam etdirilir.

Ekskursiyanın sonuncu ünvanı isə “Məmməd Koxa bulağı” olub. Bildirilib ki, "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən, suyunun bol olduğuna görə əvvəllər “Qara bulaq” adlandırılan bu bulaq Daş Salahlı kəndinin vətənpərvər oğlu Məmməd Koxa Mahmud oğlu tərəfindən 1914-cü ildə Avey dağından çəkdirilmişdir. Onun şərəfinə “Məmməd Koxa bulağı” adlandırılmışdır. Bu bulaqdan kənd əhalisi indi də istifadə etməkdədir. 2006-cı ildə bu ərazi Məmməd Koxanın nəvəsi tərəfindən təmir edilərək qoruğa təhvil verilmişdir. Abidə hazırda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Rayonumuzda ilk dəfə qonaq olan tələbələr onlara göstərilən qonaqpərvərlikdən razılıq edərək rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib və Qazaxdan xoş təəssüratlarla ayrılacaqlarını qeyd ediblər.

Keçidlər