Qazaxda “Dilimizin ictimai-siyasi mövqeyinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib
Avqustun 1-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar “Dilimizin ictimai-siyasi mövqeyinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul işçiləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla birdəqiqəlik sükutla yad edilib.
Sonra mövzuya uyğun “Ana dilimizin tarixi inkişafı” mövzusunda videoçarx nümayiş etdirilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün tarixi əhəmiyyətindən danışıb. C.Hüseynova bildirib ki, xalqın, millətin milli varlığı, mədəni və mənəvi zənginləşməsində əsas meyar kimi zəruri ünsiyyət vasitəsi olan dil mənəviyyatımızın güzgüsü, varlığımızın sübutudur. Milli kimlik hadisəsi olan dili qorumaq, keşiyində durmaq hər bir insanın vətəndaşlıq borcudur. Çünki hər bir dilin tarixi inkişafı həmin dildə danışan xalqın tarixi ilə sıx bağlıdır, xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə keşməkeşlərdən keçir, tarixin qaynaqlarından süzülür, toplumu xalq, millət edir. Ona görə də varlığımızı şərtləndirən ən mühüm dəyər olan ana dilimiz bizim yaddaşımız, sirdaşımız, ictimai-siyasi, mədəni hadisələrə yol yoldaşımız, ideoloji silahımızdır. Dilimizin bugünkü inkişaf səviyyəsi tarixi keçmişimizə nəzər salanda elə də asan başa gəlməyib. Dövlətimizə, xalqımıza vurulan zərbələr dilimizdən də yan keçməyib. Dahi Nizami Gəncəvinin, Füzulinin əsərləri dilimizə ölməzlik qatıb, Şah İsmayılın tarixi ana dilimizə xidmətləri, Vaqifin, Vidadinin, Vurğunun şirin ləhcəsi, Zərdabinin, Sabirin, Müşfiqin ana dilimizdə yaratdığı inciləri də daxil olmaqla, 50 milyondan çox insanın danışdığı bu dil ilə tanıtdıq dünyaya kimliyimizi, elan etdik müstəqilliyimizin əbədiliyini. Lakin danılmaz faktdır ki, dilimizin inkişafı, dövlət dili olaraq yüksəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu yolda Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi bir qərinədən çoxdur. Milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi Ulu Öndərimizin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin, son dərəcə dəqiq, düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsidir. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyev cəsarətli mövqe nümayiş etdirərək bütün süni məhdudiyyətlərə rəğmən ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olub. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Mövzu ətrafında geniş məruzə ilə çıxış edən müavin G.Həsənova 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün xalqımız və dövlətimiz üçün əhəmiyyətindən, dilimizin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında Ulu Öndərin əvəzsiz xidmətlərindən danışıb. Müavin bildirib ki, əsrlərdir xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin keşməkeşlərindən şərəflə, qürurla çıxaraq bu günlərə gəlib çatmış ən dəyərli milli-mənəvi sərvətimizdir. Heydər Əliyevin ötən əsrin 70-ci illərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması istiqamətində apardığı məqsədyönlü siyasət danılmaz faktdır. Ümummilli Lider Heydər Əliyevin xalqımızın varlığını təsdiq edən dilimizin inkişafı üçün göstərdiyi xidmətlər hər birimizə örnəkdir. Dahi şəxsiyyət dil siyasətini dövlət quruculuğu siyasətinin tərkib hissəsi kimi hər zaman əsas bilərək Azərbaycana rəhərliyinin hər iki dövründə ana dilinin sosial-siyasi, ideoloji problemlərinin həllində heç kimin apara bilmədiyi mübarizəni aparıb. Hələ 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu Öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərir, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər verirdi. Bununla kifayətlənməyən Ulu Öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, Azərbaycan dili rəsmi dil statusuna malik oldu və bu Azərbaycanı yerli dilin rəsmi dil statuslu azsaylı Sovet respublikalarından birinə çevirdi. Sonralar müstəqilliyə gedən yolda ana dilimizin ictimai- siyasi nüfuzunun güclənməsində də Ulu Öndərin yürütdüyü siyasətin çox böyük rolu oldu. 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində başqa sahələrdə olduğu kimi dil siyasətində də geriləmələr mövcud idi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın stabilləşməsinə nail oldu. Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar ataraq müstəsna xidmətləri ilə ana dili məsələsinə yeni səviyyədə müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşdı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış sözügedən Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Müavin qeyd edib ki, ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. Ölkə Prezidentinin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Bundan əlavə, müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan ölkə Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkə Prezidentinin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.
Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək dilin millətlərin maddi, mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğunu bildirib. O, qeyd edib ki, hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləmini zənginləşdirir və dünyagörüşünü genişləndirir. Hər bir xalqın inkişafı, həyatı, mübarizəsi onun dili ilə sıx bağlıdır. Belə ki, hər bir xalq öz tarixini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə məhz dil vasitəsi ilə çatdırır. Ana dili, bizim müqəddəs sərvətəmizdir, anamızın bizə layla dediyi şirin dildir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır. Ana dili hər bir xalqın, millətin varlığıdır. Azərbaycan dili bizi dünyaya gətirən anamızın dilidir. Üzərində boy atıb böyüdüyümüz Vətənimizin dilidir. Azərbaycan Respublikasının dövlət dilidir. Ulu Tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətidir. Bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin əvəzi yoxdur. Bu dilin cazibəsini heç bir dildə tapmaq olmaz. Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə Ümummilli Lider Heydər Əliyevə minnətdar olmalıyıq. O, bütün ömrü boyu Azərbaycan dilinə məhz millətin taleyi kimi yanaşaraq onu sevməklə bərabər onun keşiyində də mərdliklə durub. Nüfuzunu qaldırıb, tərəqqisi üçün illərlə mübarizə aparıb. Ana dilimiz bizim bugünümüz, sabahımız və gələcəyimizdir. Ana dili bizim kimliyimizdir. Ana dili bizim müstəqilliyimiz, əbədiliyimizdir. Onu qorumaq və nəsildən-nəslə ötürmək hər birimizin müqəddəs borcumuzdur. Azərbaycan dili bizim varlığımız və sərvətimizdir. Azərbaycan dili Azərbaycan xalqının varlığıdır.
Bakı Dövlət Universitetinin Qazax filialında “Dillər, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasının müəllimi Əfsanə Həsənli çıxış edərək ölkəmizdə təhsil və dil məsələlərinin vəhdətinin dövlətimiz üçün hər zaman prioritet olduğunu bildirib. Qeyd edib ki, bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərhələyə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Heydər Əliyev ana dili ilə bağlı dövlət siyasətinin təməlini hələ Azərbaycana rəhbərliyinin birinci dövründə qoyub, sovet ideologiyasının hökm sürdüyü vaxtlarda bütün əsas tədbirlərdə öz ana dilində danışaraq xalqımızın milli-mənəvi dəyərlərinin üstün olduğunu hər kəsə çatdırıb, ana dilinə və doğma torpağa sıx bağlılığını hər zaman nümayiş etdirib. Heydər Əliyev ana dilinin saflığı uğrunda ardıcıl və qətiyyətlə çalışıb, yaradıcı adamları da buna əməl etməyə açıq-aşkar çağırıb. Ulu Öndər bu sahədəki fəaliyyəti ilə təkcə rəhbər deyil, əslində milli ruhlu, millətsevər bir dövlət və siyasi xadimi idi. Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalaması müstəqilliyimizin ilk illərindən dil siyasətinə önəm verərək Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuz qazanmasına, dilimizi ən mükəmməl formada təqdim etməyə nail olub.
Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Sanılı çıxış edərək bildirib ki, Heydər Əliyevin siyasi fəaliyyətində ana dilinə qayğı xüsusi yer tutub. Xalqın milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsində ana dili müstəsna yer tutur. Bu baxımdan Ulu Öndərin bu məsələyə münasibəti hər zaman seçilib, dahi rəhbər həmişə Azərbaycan dilinin dövlət dili statusunu qoruyur. Zənginləşdirməkdən ötrü şərait yaradır, dilçi alimlərə xüsusi qayğı göstərməklə dərs vəsaitlərinin, kitabların nəşrinə xüsusi diqqət ayırır, Azərbaycan dilinə həsr olunmuş kitablara dövlət mükafatının verilməsini təmin edib. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalqı qarşısında şəxsi, tarixi xidməti olub, gələcək müstəqil dövlətçiliyin mühüm atributlarından birini mahiyyətcə qoruduğunun göstəricisi olub. Heydər Əliyev hər zaman hesab edirdi ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. O, Azərbaycan dilinə gələcək dövlət müstəqilliyinin təməllərindən biri kimi baxıb, bütün təzyiqlərə və müqavimətlərə baxmayaraq böyük zəhmət və əmək sərf edib.
Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Xəzəngül Məmmədova çıxış edərək Azərbaycan dilinin inkişafına və zənginləşməsinə xüsusi qayğı göstərən Ulu Öndər Heydər Əliyevin milli ruhlu, millətsevər bir dövlət və siyasi xadim olaraq bu istiqamətdə gördüyü işlərdən danışıb. Bildirib ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilsə də yalnız 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra özünün ən yüksək mərhələsinə çatdı və milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını atdı. Məhz Ulu Öndər Heydər Əliyevin yeritdiyi fəal və ardıcıl dil siyasəti ölkəmizdə özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq məfkurəsinin və milli özünüdərkin keçmişin yad ünsürlərindən və buxovlarından azad olunması, xalqın yaddaşının özünə qaytarılmasıdır. Heydər Əliyev xalqın formalaşmasında ana dilinin rolunu yüksək qiymətləndirir və deyirdi: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.
Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Həbibə Məmmədli çıxış edərək bildirib ki, XX əsrin ikinci yarısında dilimizin inkişafı, dövlət dilinə, diplomatiya dilinə çevrilməsi, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatlarının ən mötəbər kürsülərində səslənməsi məhz Ulu Öndərin əvəzsiz xidmətlərinin nəticəsidir. Dilimizin keşiyində durmaq Heydər Əliyevin həyat fəaliyyəti, amalı idi. Azərbaycan dilinin inkişafı, yabancı təsirlərdən qorunması istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsi hələ neçə-neçə nəsillərə örnək olacaqdır.
Qazax Dövlət Sosial-İqtisadi Kollecində Azərbaycan dili və ədəbiyyat müəllimi Türkan Allahverdiyeva çıxış edərək bildirib ki, Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. Dil xalqın mənəviyyatıdır, onun ruhudur. Dil sahib olduğumuz sərvətlər içərisində ən qiymətlisidir. Hər xalqın öz dili var. Dövlət dilimiz olan Azərbaycan dili zaman-zaman inkişaf edib, zənginləşib. Ümummilli Liderimiz Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm işlər görüb. Ulu Öndərimiz ana dili haqqında deyirdi: ”Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir”. Ana dilinin statusunun özünə qaytarılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun ana dili haqqında imzaladığı sənədlər xalqın mənəvi qidası olan ana dilimizin mövcudluğuna yeni nəfəs, yeni yüksəliş verib.
Sonda Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin IX sinif şagirdi Sənubər Qasımova şair Tofiq Bayramlının “Öz ana dilini bilməyənlərə”, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin XI sinif şagirdi Əsmər Hüseynova Xalq şairi Bəxtiyar Vahabzadənin “Ana dilim” şeirini səsləndiriblər.