Qazaxda dövlət qulluqçularının peşə bayramı qeyd olunub
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Respublika Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən artıq 16 ildir ki, dövlət qulluqçuları bu günü özlərinin peşə bayramı kimi qeyd edirlər.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 23 İyun - Dövlət Qulluqçularının Peşə bayramı qeyd olunub.
Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə icra aparatının əməkdaşları, RİH başçısının İƏD-si üzrə nümayəndələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qazax rayonu üzrə Maliyyə Şöbəsinin, Qazax Rayon Statistika İdarəsinin, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin əməkdaşları iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov peşə bayramı münasibətilə dövlət qulluqçularını təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında səmərəli fəaliyyət arzulayıb. İcra başçısı qeyd edib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illər ərzində, xüsusən də ölkənin yeni Konstitusiyasının qəbul edildiyi 1995-ci ildən sonrakı müddətdə dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşməsi ilə bağlı ardıcıl surətdə silsilə xarakterli islahatlar həyata keçirilib. İnzibati sistemin tənzimlənməsinə dair xeyli sayda müvafiq qanun və fərmanlar qəbul edilib, dünya təcrübəsindəki müasir inkişaf tendensiyalarının nəzərə alınması ilə ölkədə dövlət qulluğunun möhkəm normativ hüquqi bazası yaradılıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb. Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir.
Rayon rəhbəri vurğulayıb ki, Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib. Bundan əlavə, Respublika Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır. Ölkədə idarəçiliyin təşkilində mühüm rol oynayan bu aktlarla dövlət qulluqçularının etik davranış qaydaları, icbari sığortası, pensiya təminatı və digər məsələlər tənzimlənir. İdarəetmə sahəsində aparılan islahatlar nəticəsində idarəetmə strukturunun təkmilləşdirilərək çevik mexanizmin yaradılması xüsusi diqqət yetirilən vacib məsələlərdən biridir. Son dövrdə bir çox dövlət qurumlarının statusu yenilənərək onlara publik hüquqi şəxs statusu verilib, bununla da onların həm hüquqları genişləndirilib, həm məsuliyyəti artırılıb və həm də müvafiq sahələrin idarə edilməsində daha fəal iştirakı təmin edilib.
İcra başçısı bildirib ki, ölkəmizdə dövlət qulluqçularının peşəkarlığını artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində rolu böyükdür. Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən qısamüddətli kurslarda hər il yüzlərlə dövlət qulluqçusu idarəetmənin müasir tələblərini, bu sahədə olan yenilikləri həvəslə öyrənir, çalışdıqları idarə və müəssisələrin işində tətbiq edirlər. İcra başçısı qeyd edib ki, dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır. Bu cəhətdən "Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli Fərmanını qeyd etmək lazımdır. Bu sənəd dövlət qulluqçularının hüquqlarının qorunmasında və məsuliyyətinin artırılmasında mühüm rol oynayır. İcra başçısı bildirib ki, Azərbaycanda dövlət qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır. Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi get-gedə cavanlaşır, daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da müsbət nəticəsini göstərir. Son illər dövlət qulluğunda çalışanların böyük əksəriyyətinin gənclər təşkil etdiyini qeyd edən icra başçısı Respublika Prezidenti İlham Əliyev tərəfindən dövlət qulluğu ilə bağlı imzalanan fərman və sərəncamların da məhz gənc kadrların önə çəkilməsinə xidmət etdiyini bildirib. Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan dövlətinin sürətli inkişafı, dünyanın nüfuzlu iqtisadi qurumları tərəfindən tanınan nailiyyətləri, ilk növbədə, ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl və davamlı islahatların nəticəsidir və bu islahatların səmərəsini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir, əldə olunan uğurlardan bəhrələnir. Ölkə başçısı hər zaman vətəndaşların maddi və sosial rifah halının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Atılan hər bir addımda, həyata keçirilən layihələrdə yalnız və yalnız ölkə vətəndaşlarının xoş güzəranını düşünür. İcra başçısı qeyd edib ki, bu gün hər bir vətəndaş fəxr etməlidir ki, müstəqil və suveren Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Hər bir dövlət qulluğunda çalışan vətəndaşın da ən böyük vəzifəsi görülən işlərə qiymət vermək, ölkəmizdə yürüdülən siyasəti olduğu kimi dəstəkləmək və bu yolda ölkə rəhbərinin yanında olduğumuzu, həmrəylik nümayiş etdirdiyimizi göstərməliyik. Rayon rəhbəri bildirib ki, ölkə Prezidentinin dövlət qulluqçuları haqqında söylədiyi "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil. Məsuliyyətdir. İnsanlara xidmət imkanıdır” fikrini hər bir dövlət qulluqçusu öz əməli işi ilə hər zaman doğrultmağa çalışmalıdır. Hər bir dövlət qulluqçusu üzərinə düşən məsuliyyəti dərk edərək vətəndaşlara, xalqa xidmət etməyi özünün həyat amalı, məqsədi hesab etməlidir. Vətəndaşların müraciətini, qayğısını özünün qayğısı hesab etməli, daim vətəndaş məmnunluğunu təmin etməlidir.
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Yasin Əkbərov çıxış edərək rayon rəhbərliyi başda olmaqla, peşə bayramlarını qeyd edən bütün dövlət qulluqçularını təbrik edib, çətin və məsuliyyətli işlərində onlara uğurlar arzulayıb.
Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən bir qrup dövlət qulluqçusuna peşə bayramları münasibətilə və əmək funksiyalarını peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Fəxri Fərmanlar təqdim edilib.
Qazax RİH başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vəliyev Adil Seyfəddin oğlu, RİH başçısının Alpout kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Alıyev Murğuz Qələndər oğlu, RİH başçısının Qaymaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əfəndiyev Fikrət İmralı oğlu, RİH başçısının Quşçu Ayrım kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Alıyev Alim Tapdıq oğlu, RİH başçısının Çaylı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Binnətov Ceyhun Rəşid oğlu, Qazax Rayon Statistika İdarəsində rəis müavini Xəlilova Dürdanə Rəhim qızı Fəxri Fərmanla təltif olunublar.
Daha sonra Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi tərəfindən bir qrup dövlət qulluqçusuna hədiyyələr təqdim olunub.
Təltif olunan dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya, etimada görə rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirərək bundan sonra da ölkəmizin inkişafı naminə daha böyük səylə çalışacaqlarını qeyd ediblər.