Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olunub

16 dekabr 2025 | 15:01

Bu gün - dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) işçiləri peşə bayramlarını qeyd edirlər. Prezident İlham Əliyev 2005-ci il dekabrın 16-da FHN-in yaradılması haqqında Sərəncam imzalayıb. FHN-in əməkdaşları builki peşə bayramlarını isə xüsusi əhvali-ruhiyyədə qeyd edirlər. Nazirliyin əməkdaşları ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri yüksək keyfiyyətlə, operativ və sədaqətlə icra etməyə hər an hazırdır. Yanğın alovlarının içində, dağıntıların altında, mina təhlükəsi olan ərazilərdə, sel və daşqınlarda ilk olaraq məhz xilasedicilər görünürlər. Onlar təhlükənin ölçüsünü deyil, xilas ediləcək həyatın dəyərini düşünürlər. Bu nazirlik yarandığı gündən ölkədə əhalinin təhlükəsizliyinin təmin olunması, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması, yanğınların söndürülməsi, partlayıcı maddələrin zərərsizləşdirilməsi və xilasetmə əməliyyatlarının həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərir. FHN-in əməkdaşları istənilən hava şəraitində, gecə-gündüz demədən, yüksək risk altında xidmət aparırlar. Onlar zəlzələlər, sel və daşqınlar, yol-nəqliyyat hadisələri, uçqunlar, qaz partlayışları zamanı insan həyatını xilas etmək üçün operativ şəkildə hadisə yerinə cəlb olunurlar. Bu peşə yalnız fiziki hazırlıq deyil, eyni zamanda, güclü psixoloji dözümlülük, cəsarət və vətənpərvərlik tələb edir. Peşə bayramı münasibətilə riskin qarşısında sinəsini sipər edən, gecə-gündüz demədən xidmət aparan bütün xilasediciləri, yanğınsöndürənləri, pirotexnikləri, kinoloqları və bu şərəfli missiyaya xidmət edən hər bir FHN əməkdaşını təbrik edirik.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20 illiyi və işçilərinin peşə bayramı qeyd olunub.

Əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, FHN-nin Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant Cəfər Verdiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzüb, böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar.      

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 16 Dekabr - Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov başda olmaqla, bu sahədə çalışan bütün əməkdaşları təbrik edib, ən xoş arzularını çatdırıb. Çətin və məsuliyyətli işlərində onlara uğurlar arzulayıb.

Keçidlər