Qazaxda görkəmli oftalmoloq-alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş “Zəngin mənəviyyat sahibi” başlıqlı tədbir keçirilib
Aprelin 26-da Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş “Zəngin mənəviyyat sahibi” başlıqlı tədbir keçirilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Sevda Məmmədova, Mərkəzi Xəstəxananın həkim-oftalmoloqları və əməkdaşları, mədəniyyət müəssisələrinin direktor və əməkdaşları, rayon ziyalıları iştirak ediblər.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın və dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra “Akademik Zərifə Əliyeva” filmi nümayiş etdirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. İcra başçısı ölkə Prezidentinin əzmkarlığı, yürütdüyü müdrik siyasət, şanlı Ordumuzun gücü, qüdrəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qalib gəldiyimizi, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasını xalqımızın bu gün də qürurla xatırladığını söyləyib. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qüdrətli Ordumuzun Azərbaycan xalqına doğma Xankəndimizə, Xocalımıza qovuşmağın sevincini yaşatdığını qeyd edib. Rayon rəhbəri "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın bu günlərdə xalqımıza, qazaxlılara daha bir sevinc bəxş etdiyini, bu xəbərin hər bir ölkə vətəndaşını qürurlandırdığını vurğulayıb. 19 aprel 2024-cü il tarixinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu söyləyib. İcra başçısı vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunması dövlətimizin daha bir qələbəsi, zəfəridir. İcra başçısı Qarabağda həyata keçirilən “Böyük Qayıdış" proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. Rayon rəhbəri bütün bunlara görə ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib. İcra başçısı Azərbaycan oftalmologiya elminə böyük töhfələr verən Akademik Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan danışaraq bildirib ki, hər insan ömrü yer üzündə bir məqama, bir məqsədə sərf olunur. Zərifə Əliyevanın həyatı sanki bir missiyanın daşıyıcısı olub. Zərifə Əliyeva bütün ömrü boyu nurun, işığın keşiyində durdu. Ömrünü, gününü bu işığı azalmağa, sönməyə qoymamağa həsr etdi. Zərifə Əliyeva təkcə bu dünyanın gözəlliklərini görmək üçün insanlara verilən nuru deyil, həm də bu xalqın zəkasının nuru Heydər Əliyevi və övladlarını da qoruyur, keşiyini çəkirdi. Bu dünyadan köçdükdə belə Zərifə Əliyevanın keşiyində durduğu işıq Azərbaycanın üzərinə qaranlıqlar çökəndə yenidən parladı və bu gün Onun qoyub getdiyi yadigar işıq öz aydınlığını bircə damla belə azaltmayıb, bu işıq hər an bizimlədir, bizə yol göstərir, şöləsinə üz tutur, istisinə isinirik. Rayon rəhbəri ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu, Ulu Öndərin və Akademik Zərifə xanım Əliyevanın 100 illik yubleylərinin ölkə səviyyəsində təntənə ilə qeyd edildiyini vurğulayıb. İcra başçısı illər ötsə belə nə qədər Azərbaycan dövləti və xalqı var Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın daim qəlblərdə yaşayacaqlarını, hər zaman dərin hörmət və ehtiramla anılacaqlarını bildirib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, apardığı elmi tədqiqatların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri, yorulmaz elmi fəaliyyətinin nəticəsi olaraq Zərifə xanım Əliyeva “Əməkdar elm xadimi” adına, “Qırmızı Əmək Bayrağı” ordeninə və oftalmologiya sahəsində ən yüksək akademik Averbax adına mükafata layiq görülüb. Zərifə xanım Əliyeva bu mükafata layiq görülmüş ilk qadındır. O, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu bütün respublikada tətbiq olunub. Azərbaycanda traxoma xəstəliyinin ləğvi Zərifə xanım Əliyevanın yorulmaz əməyinin nəticəsində mümkün olub.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Poliklinika Şöbəsinin müdiri Rəqiyyə İsmayılova çıxış edərək qeyd edib ki, Akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafına səbəb olmuş mühüm əsərləri saysız-hesabsızdır. Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən, bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Zərifə Əliyevanın daktriologiyadan bəhs edən monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Zərifə Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim-oftalmoloq Rahilə Əhmədova çıxış edərək bildirib ki, XX əsrin 40-cı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta, tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə, respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, Onun müalicə metodu bütün respublikada tətbiq edilirdi. Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim-nefroloq Cəhanə Xasməmmədova çıxış edərək bildirib ki, traxoma ilə yanaşı, Zərifə Əliyeva qlaukoma xəstəliyinin də öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparıb. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək edib, öz tədqiqatlarında oftalmologiyanın bir sıra aktual məsələlərinə xüsusi diqqət yetirərək diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. xəstəliklərin araşdırılması sahəsinə də diqqət ayırıb.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim-oftalmoloq Məlahət Mustafayeva çıxış edərək qeyd edib ki, Azərbaycanda oftalmologiya elminin inkişafına səbəb olmuş mühüm əsərlər, elmi araşdırmalar nəticəsində Zərifə xanım Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Zərifə Əliyevanın daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir ki, bu kitab bu gün də hər bir oftalmoloq üçün stolüstü kitaba çevrilib.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Sevda Məmmədova çıxış edərək bildirib ki, Zərifə xanım Azərbaycanın milli dövlətçilik tarixinin müəllifi Heydər Əliyevin ömür-gün yoldaşı, Vətənimizin, xalqımızın əziz, dəyərli övladı və rəhbəri, dövlətimizi uğurla dünya birliyinə çıxardan möhtərəm Prezidentimizin əziz anası, gözlərə nur paylayan alim, şəxsiyyətdir. Eyni zamanda, Azərbaycan qadınlığının adına, ünvanına şərəf, qürur gətirmiş, qadınlıq, zəriflik, möhtəşəmlik mücəssəməsidir. Bütün həyatı, ailəsi, fəaliyyəti örnək, nümunə olan bu şəxsiyyət düz 101 il bundan qabaq məhz bu tarixdə dünyaya göz açdı ki, insanların gözünə nur bəxş etsin. Zərifə xanım Əliyevanın parlaq səhifələrlə dolu zəngin ömür kitabında insanı özünə ən çox cəlb edən həm də onun analıq fenomenidir. Analıq həqiqətən də təbiətin ən böyük möcüzəsi sayılır. Çünki Allahdan sonra yeganə yaradıcı varlıq məhz anadır. Zərifə xanım Əliyeva da bu baxımdan nadir, unikal bir qadın idi. Elmi və ictimai işlər onun həddən artıq vaxtını aparsa da, övladlarının tərbiyəsi, təhsili ilə bağlı hər şeyə özü diqqət yetirir, hər kiçik məsələdə, hadisədə şəxsən özü iştirak edirdi. Sonralar həyat sübut etdi ki, Zərifə xanım vaxtında bu çətin və mürəkkəb işin, vəzifənin öhdəsindən necə bacarıqla gəlib. Prezident İlham Əliyev Zərifə xanım Əliyeva haqqında demişdir: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.