Qazaxda günəş enerjisi ilə işləyən artezian istifadəyə verilmişdir
Qərb bölgəsində ilk dəfə olaraq günəş enerjisi ilə işləyən artezian istifadəyə verilmişdir. Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Qazax rayonunun Bala Çaylı kəndində reallaşan layihənin həyata keçirilməsində əsas məqsəd əkin sahələrini su ilə təmin etmək, eləcə də süni yaradılmış meşələrin qurumasının qarşısını almaqla ətraf mühitin yaşıllaşdırılmasına dəstək olmaqdır.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov, Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov və Bala Çaylı kəndinin sakinləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə layihənin icraçısı Ramil Göyüşov açaraq Yaponiya ilə Azərbaycan dostluğunun töhfəsi olan layihənin əhəmiyyətindən söz açmış və Qazaxda əhəmiyyətli bir işin həyata keçirilməsinə görə Yaponiyanın Azərbaycandakı səfirliyinə minnətdarlığını bildirmişdir. 54 hektar əkin sahəsinin və 22 hektar meşə zolağının suvarılması üçün nəzərdə tutulan və günəş enerjisi ilə işləyən artezian quyusunun gücünün saatda 25 kubmetr təşkil etdiyini diqqətə çatdırmışdır.
Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək artezian quyusunun istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik etmiş, rayonda əhəmiyyətli bir layihənin reallaşmasına görə Yaponiya dövlətinə və səfirinə, layihə rəhbərlərinə minnətdarlığını bildirmişdir.
Səfir Vada Cüniçi günəş enerjisi ilə işləyəcək yeni artezian quyusunun istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik etmiş, Yaponiya hökumətinin Azərbaycan Respublikasının davamlı inkişafına yönəlmiş əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd etmişdir. Vurğulamışdır ki, son illər Yaponiya dövlətinin maliyyə dəstəyi ilə Qazaxda 5 layihə icra edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xidmət rəisi Xalıqverdi Hüseynov isə çıxışında Yaponiya ilə Azərbaycan dövlətləri arasında olan əməkdaşlıq əlaqələrindən, eləcə də icra olunan layihələrin əhəmiyyətindən danışmışdır.
Sonda artezian işə salınmışdır.
Sabir ƏLİYEV,
"Azərbaycan" qəzetinin bölgə müxbiri
6 sentyabr 2022-ci il