Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Heydər Əliyev İli” çərçivəsində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib

18 yanvar 2023 | 17:06

Yanvarın 18-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçısı, “Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Sərhədçi İdman Mərkəzinin İdman Bölməsinin rəisi, polkovnik Firdovsi Umudov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının, Qazax Rayon Gənclər İdman İdarəsinin, “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin rəhbərləri, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim-tələbə heyəti, KİV nümayəndələri iştirak edib. 

BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salmalyıb, tədbirin əhəmiyyətindən söz açıb. A.Rüstəmov “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərə start verildiyini, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu diqqətə çatdırıb. “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda olan tədbirin filialda keçirilməsini yüksək qiymtləndirən direktor Ulu Öndərin bu sahədə olan xidmətlərinin bir daha tələbələrə çatdırılmasında bugünkü dəyirmi masanın mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, iştiraklarına görə razılığını ifadə edib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyətindən danışıb. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyatını, fəaliyyətini, xalqı qarşısında olan misilsiz xidmətlərini gələcək nəsillərə çatdırmaq üçün bu ilin bizim üçün ən böyük töhfə olduğunu bildirib. “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən dəyirmi masada Ulu Önərin bu sahədə olan xidmətlərinə bir daha nəzər yetiriləcəyini, tədbirdə iştirak edən gənclərə çatdırılacağını qeyd edib. İcra başçısı alqımızın başına gətirilən müsibətləri 3 mərhələyə ayıraraq - 1990-cı ilin 20 yanvarına qədər olan müddəti, 20 Yanvar hadisəsini və yenə də həmin qanlı faciədən sonra olan dövrü qeyd edib. Ulu Öndərin bütün sahələrdə olduğu kimi hər 3 mərhələdə Azərbaycan xalqının yanında olduğunu bütün dəhşətli faciələrin dünya ictimaiyyətinə çatdırılmasının Ümummilli Liderin adı ilə bağlı olduğun söyləyib. Ümummilli Lider Heydər Əliyevin faciənin səhəri günü bütün maneələrə baxmayaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Azərbaycan xalqının haqq səsini bütün dünyaya çatdırdığını, məhz Heydər Əliyevin prinsipial siyasi mübarizəsi sayəsində 20 Yanvar faciəsinin öz siyasi-hüquqi qiymətini aldığını vurğulayıb. Ulu Öndərin Moskvadakı bəyanatının Azərbaycan xalqına güc, qüvvə, ruh verdiyini diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, müstəqil Azərbaycanın keçmişi, dünəni və bu günü, eləcə də gələcəyi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. İstər SSRİ, istərsə də sonrakı dövrlərdə Azərbaycanın inkişafında, bütün sahələrdə əldə edilən uğurlarda Ümummilli Liderin danılmaz əməyinin olduğunu vurğulayıb. Bugünkü Azərbaycanın güclü, müstəqil dövlət kimi söz sahibi olmasında dahi şəxsiyyətin böyük xidmətlərinin olduğunu diqqətə çatdırıb. Rayon rəhbəri Ulu Öndərin əsasını qoyduğu düzgün, dəqiq, düşünülmüş dövlət siyasətinin bu gün onun layiqli varisi, ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən olduğu kimi icra edilməsi nəticəsində ölkəmizin gündən-günə daha da inkişaf etdiyini, dahi şəxsiyyətin arzuladığı Azərbaycanın var olduğunun şahidi olduğumuzu qeyd edib. Bu gün iqtisadiyyatda, təhsildə, səhiyyədə, mədəniyyətdə, eləcə də digər sahələrdə olan inkişafın təməlində dahi şəxsiyyətin yürütdüyü dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən olduğu kimi icra edilməsinin dayandığını söyləyib. Rayon rəhbəri Ulu Öndərin ordu quruculuğu sahəsindəki siyasətinin yüksək səviyyədə davam etdirilməsinin 44 günlük Vətən müharibəsində bir daha şahidi olduğumuzu söyləyib. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz Qələbənin müstəqillik tariximizin ən parlaq səhifəsi olduğunu bildirib. Qazandığmız Qələbənin kökündə 20 Yanvar faciəsinin, eləcə də xalqımızın başına gətirilən digər müsibətlərin, düşmənə olan sonsuz nifrət hissinin dayandığını vurğulayıb. Ən əsası da əldə etdiyimiz Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsi olduğunu qeyd edib. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalətin Azərbaycanı Qalib ölkəyə çevirdiyini söyləyib. Bu Qələbənin müəllifi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin, şəhidlərimizin, qazilərimizin olduğunu söyləyib. “Ulu Öndər özünün də dediyi kimi qalan ömrünü xalqına baışladı”, - deyən icra başçısı illər ötsə belə qədirbilən Azəraycan xalqının öz dahi rəhbərini, onun dövləti xalqı qarşısında olan misilsiz xidmətlərini heç zaman unutmayacağını, ən ülvi duyğularla, hörmət və ehtiramla yad edəcəyini bir daha diqqətə çatdırıb.  

Sərhədçi İdman Mərkəzinin İdman Bölməsinin rəisi, polkovnik Firdovsi Umudov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. F.Umudov 20 Yanvarın xalqımızın qan yaddaşı olmala bərabər, həm də Azərbaycanın tarixi qəhrəmanlıq salnaməsi olduğunu qeyd edib. Bu faciəni nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, həmin faciənin xalqımızın azadlıq yolunda olan əzmini, mübarizliyini sındırmadığının şahidi olduğumuzu söyləyib. Natiq çıxışında 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymətin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini qeyd edərək Onun Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək hadisənin səbəbkarlarının cəzalandılmasını tələb etməsini, xüsusi bəyanatla çıxış etməsini xalqımızın bu gün də sonsuz minnətdarlıq hissi ilə qarşıladığını vurğulayıb. F.Umudov Ulu Öndərin təşəbbüsü və göstərişi ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarın qəbul edilməsini, Ümummilli Lider Heydər Əliyevin dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəblərini və günahkarların araşdırılması ilə də məşğul olmasını, 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” adının təsis edilməsini, 1998 ci il 5 avqust Sərəncamına əsasən Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılmasını, Qanlı Yanvar hadisələrinin ilk siyasi-hüquqi qiymətini almasını 20 Yanvar hadisələri ilə bağlı həqiqətlərin ifşa olunmasına xidmət edən fəaliyyətin ən bariz nümunəsi kimi qiymətləndirib. Ulu Öndərin 20 Yanvar şəhidlərinin ailələrinə göstərdikləri qayğının bu gün də davam etdirildiyini qeyd edən F.Umudov bunun bariz nümunəsi olaraq ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri olan görüşlərini, onlara göstərdikləri qayğını, mənəvi dəstək olmalarını göstərib. F.Umudov şəhidlərimizin, qazilərimizin keçdikləri döyüş yolunun gələcək nəsillər üçün örnək, bir məktəb olduğunu bildirib və gənclərə daim bu yolu örnək götürməyi tövsiyə edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək 20 Yanvarın Azərbaycan tarixində təkcə faciə deyil, qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş nöqtəsi olduğunu bildirib. Uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu diqqətə çatdırıb.

Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü çıxış edərək tədbir iştirakçılarını salamlayıb, müxtəlif dövlərdə beş dəfə Ulu Öndər Heydər Əliyevlə görüşmüş bir ziyalı kimi bugünkü tədbirdə iştirak etməkdən, xalqın böyük oğlu haqqında fikir bildirməkdən məmnunluq hissi duyduğunu qeyd edib. 20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətləri olduğunu qeyd edən natiq məhz bu səbəbdən yan yaddaşımız olan faciəyə siyasi-hüquqi qiymət verildiyini bildirib. “20 Yanvar 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanmağımızın təməl günüdür”, - deyən Z.Ziyadoğlu xalqımızın bu günü heç zaman unutmayacağını qeyd edib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 20 Yanvar faciəsi və Ulu Öndərin bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi xidmətlərdən söz açıb. A.Nəbiyev Ulu Öndərin cəsarəti, Vətəninə, xalqına olan sevgisi sayəsində Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, 20 Yanvar faciəsinin səbəbkarlarının, xəyanətkarın cəzalandırılmasını tələb etdiyini, xüsusi bəyanatla çıxış edərək xalqına dərin hüznlə başsağlığı verdiyini qeyd edib. A.Nəbiyev Ulu Öndərin səsləndirdiyi “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamlarının məhz həmin gün – 1990-cı ilin 21 yanvarında bir daha öz real əksini tapdığını söyləyib.

Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, mövzu ətrafında fikirlərini bölüşüb. M.Yusifov qeyd edib ki, 1990-cı ilin 21 yanvarında Ulu Öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi, blokada şəraitində olan Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırması dahi rəhbərin yürütdüyü düzgün siyasətinin təntənəsi, eyni zamanda ikinci dəfə yenidən hakimiyyətə gəlməsinin anonsu idi. Nicat yolunu Ulu Öndərin hakimiyyətə qayıdışında görən Azərbaycan xalqı üçün bu, nümunəvi addım idi ki, bu addımı dahi şəxsiyyət Heydər Əliyev atdı.

Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Elvira Əfəndiyeva çıxış edərək 20 Yanvarın hüzn günü ilə yanaşı, həm də qeyrət, hünər günü olduğunu bildirib. Ulu Öndərin qəlbində olan millət, xalq sevgisi sayəsində həyatını təhlükəyə atmasına rəğmən Moskvaya gedərək bizim haqq səsimizi bütün dünyaya çatdırdığını söyləyib. Xalqımızın Ulu Öndərin bu fədakarlığını hər zaman minnətdarlıqla xatırladığını və yüksək qiymətləndirdiyini qeyd edib.

BDU Qazax filialının Tarix fakültəsi üzrə III kurs tələbəsi Milruhi Müseyibli, fəal gənclər, Qazax Rayon Gənclər İdman İdarəsinin könüllüsü, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Poçt rabitə ixtisasının I kurs tələbəsi Şücayət Mahmudova, “Qazax Gənclər evi” Sosial Xidmət Müəssisəsinin könüllüsü, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tikiş məmulatlarının və trikataj istehsal texnologiyası ixtisasının II kurs tələbəsi Yetər Sadıqova çıxış edərək Azərbaycan gəncliyi olaraq xalqımızın başına gətirilən müsibətləri, qanlı faciələri, şəhidlərimizin, qazilərimizin göstərdiyi igidlikləri heç zaman unutmadıqlarını və bundan sonra da unutmayacaqlarını söyləyiblər.

Keçidlər