Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Heydər Əliyev İli” çərçivəsində “Ailə dəyərlərinin formalaşması və təbliği” mövzusunda tədbir keçirilib

15 may 2023 | 19:00

Mayın 15-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin, “Loqos” Psixoloji və Nitq Mərkəzinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə dəyərlərinin formalaşması və təbliği” mövzusunda tədbir keçirilib.

Bakı Dövlət Universitetinin Qazax filialında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin, “Loqos” Psixoloji və Nitq Mərkəzinin əməkdaşları, filialın müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Sonra “Ulu Öndər və ailə dəyərləri” mövzusunda videoçarx nümayiş etdirilib.

BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, ailə dəyərlərinə də böyük önəm verdiyini, ailənin cəmiyyətimizdəki rolunu hər zaman yüksək qiymətləndirdiyini bildirib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini vurğulayıb. G.Həsənova bildirib ki, bu il 100 illiyini böyük təntənə ilə qeyd etdiyimiz Azərbaycan xalqının böyük oğlu, tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin ictimai və siyasi fəaliyyətini araşdıran hər kəs, onun necə qüdrətli, hərtərəfli şəxsiyyət olduğunun şahidinə çevrilir. Müxtəlif peşəli, geniş dünyagörüşlü insanların, həm də əsl ailə həyatını təcəssüm etdirməsi bu gün də gənclərə nümunədir. Belə insanların məhşur ailələrin üzvləri olması isə onların həyatlarının, bir-birinə və övladlarına olan münasibətlərinin hər zaman bir örnək kimi qəbul edilməsinə səbəb olur. Azərbaycan xalqının sadiq oğlu, Ümummilli Lider Heydər Əliyevin ailəsi də gənclərimizə örnəkdir. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Ulu Öndər Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Böyük şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. Ulu Öndər qeyd edirdi ki, "...Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o, da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib". G.Həsənova qeyd edib ki, ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Müstəqil dövlətimizin ali sənədinin - Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Müavin bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şərəflə davam etdirən, artıq dünya siyasi xadimləri sırasında öz layiqli yerini tutan cənab Prezident İlham Əliyev tərəfindən bu sahədə islahatlar aparılmışdır. Xüsusilə, ailə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün 1998-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında, möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə bu sahədə vahid dövlət siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdı. Ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində hüquqi islahatlar aparılmışdır. Azərbaycan Respublikasının "Gender (kişi və qadınların) bərabərliyinin təminatları", "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunları hüquqların bərabərliyi istiqamətində atılmış ən uğurlu addımlardandır. Ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva qadınların problemlərinə, onların ictimai həyatda aktiv rolunun təmin edilməsinə böyük qayğı ilə yanaşır. Məhz "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun qəbul olunmasında Mehriban Əliyavanın xüsusi təşəbbüsü olmuşdur. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək, genişmiqyaslı proqram və layihələrin reallaşmasına dəstək üçün yaradılan Heydər Əliyev Fondu bu missiyanı şərəflə həyata keçirir.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, gənclərlə ailə dəyərlərinə həsr olunmuş tədbirin təşkilinə görə rayon rəhbərliyinə və filialın kolletivinə razılığını ifadə edib. T.Paşayeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasətinin əsasını milli-mənəvi dəyərlərin qorunması təşkil edirdi. Ümummilli Liderin əsasını qoyduğu bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkəmizdə ailəyə verilən qiymətin bariz ifadəsidir. “Loqos” Psixoloji və Nitq Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələrdən söz açan T.Paşayeva Loqos ailəsi olaraq ailə münasibətlərinə, ailənin cəmiyyətdəki roluna xüsusi önəm verdiklərini, sağlam ailənin formalaşması üçün əllərindən gələni əsirgəmədiklərini qeyd edib.

Təqaüddə olan Əməkdar müəllim Bəsdi Ələkbərova “Ulu Öndər Heydər Əliyev və ailə dəyərləri”, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova “Sağlam ailə milli-mənəvi dəyərimizin qarantıdır”, BDU-nun Qazax filialının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Hacımuradova “Müasir Azərbaycan ailələrində inklüziv dəyərlərin aşılanması yolları”, filialın müəllimləri Gülnar Abdullayeva “Müasir cəmiyyətdə sağlam ailə modeli”, Ayşən Qasımova Ailə dəyərimiz cəmiyyətin bünövrəsi kimi”, “Loqos” Psixoloji və Nitq Mərkəzinin əməkdaşları, psixoloqlar Ertoğrul Koca “Ailə dəyərlərinin təbliği və aspektləri”, Taciyə Mehdisoy “Qloballaşma dövründə ailə dəyərlərinin qorunması və psixoloji aspektləri” mövzularında çıxış ediblər. Çıxışlarda ailənin cəmiyyətimizdəki rolundan, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olmasından, dövlətimizin ailə dəyərlərinə xüsusi həssaslıqla yanaşmasından söz açıblar. Çıxışlarda qeyd olunub ki, Azərbaycan ailəsinin özünəməxsusluğu digərilərindən yüksək mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Ailənin bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunduğu, bu gün ailə məsələlərinin həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən biri olduğu vurğulanıb. Çıxış edənlər müstəqil Azərbaycanda dövlət ailə siyasətinin formalaşmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu, Ulu Öndərin bütün fəaliyyəti boyu Azərbaycan ailələrinin sağlam və xoşbəxt olması, milli mənəvi dəyərlər üzərində inkişaf etdirilməsi üçün böyük səylə çalışdığını bildiriblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ailə siyasəti bu gün də məqsədyönlü şəkildə davam etdirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva müasir Azərbaycan ailəsinin qarşılıqlı sevgi və ehtiram kimi yüksək dəyərlər üzərində qurulduğunu bütün dünyaya bir daha sübut edirlər.

Maraqlı söhbət əsasında keçən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər