Qazaxda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda çağırış yaşlı gənclərlə görüş keçirilib
İyunun 13-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda çağırış yaşlı gənclərlə görüş keçirilib.
Qazax Rayon Mədəniyyət Mərkəzinin böyük zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, mətbuat katibi Rafiq Rzayev, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, qazilər, ziyalılar, gənclər, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən, misilsiz xidmətlərdən bəhs edən videoçarx nümayiş olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, tədbrin əhəmiyyətindən söz açıb. İcra başçısı ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər keçirildiyini qeyd edib. Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda keçirilən bugünkü tədbirin həmin tədbirlərin davamı olduğunu söyləyib. Rayon rəhbəri bildirib ki, Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. İcra başçısı vurğulayıb ki, bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələri və onun yaranma tarixi, onun formalaşması bütün ömrünü xalqının xoşbəxt gələcəyinə, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində ətraflı gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut etdi. Ümummilli Liderin müxtəlif illərdə Vətən, xalq, ordu, Qarabağ haqqında söylədiyi dəyərli fikirlər bəhrəsini verərək xalqımızı, ordumuzu şanlı qələbəyə apardı. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət güclü maddi-texniki bazaya, müasir texnikaya və silahlara malik olan nizamlı ordusu vardır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın güclü ordusunun formalaşdırılması üçün zəmin yaratmışdır. Təbii ki, Sovetlər Birliyi dövründə milli ordudan söz açmaq mümkün deyildi. O dövrdə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması, ordunun formalaşdırılması Ulu Öndərin gələcəyə hesablanmış uzaq görən siyasətinin tərkib hissəsi idi. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Belə ki, Ümummilli Liderin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılması, bu mənada mühüm əhəmiyyət daşımışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almışdır. Həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına xidmət etmişdir. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. İcra başçısı qeyd edib ki, sonralar Ulu Öndər bu məktəb barədə deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımları idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam".
1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də atəşkəs haqqında saziş imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi. Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. “Biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq, dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini mütləq təmin edəcəyik” deyən Heydər Əliyev ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başladı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Eyni zamanda, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulması və genişlənməsi də məhz Ümummilli Liderin adı ilə bağlıdır. Bu əlaqələrin əsası 1994-cü ildə qoyulmuşdur. Belə ki, həmin il may ayının 4-də Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmuşdur. Silahlı qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılması, mərkəzləşdirilmiş maddi-texniki bazasının yaradılması, hərbi təhsil sisteminin yeni prinsiplər əsasında qurulmasına əsaslı zəmin yaratmışdır. Ardıcıl həyata keçirilən tədbirlər sayəsində ordu ilə xalqın vəhdəti, orduda mərkəzləşdirilmiş komandanlıq prinsipi tam təmin edildi.
Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli Lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı. 1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Ulu Öndər bu barədə demişdir: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyinin elan edilməsi, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Biz həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, ordusu günü elan etmişik".
Hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə Ümummilli Lider Heydər Əliyevin 20 fevral 1999-cu ildə imzaladığı Fərmanla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılmışdır. 20 avqust 2001-ci il tarixli Fərman ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə Ulu Öndərin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondu yaradıldı. Eyni zamanda, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Müdafiə haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Qanunlar qəbul edildi.
Ulu Öndər ordunun dövlət üçün əhəmiyyətindən danışarkən bu ordunun əsas vəzifələrini göstərir, onun möhkəmlənməsi, modernləşdirilməsi üçün var qüvvəsini əsirgəmirdi. Ulu Öndər çıxışlarında deyirdi: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq... Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən, güclənən milli ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir”.
Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu sahəsində aparılan islahatlar bu gün də Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində, 44 günlük haqq savaşında tarixi zəfər qazandı. Bu qələbənin baş memarı isə illər öncə güclü Azərbaycan Ordusunun əsasını qoyan Ümummilli Lider Heydər Əliyevdir. Bu gün fəxrlə deyə bilərik ki, uzaqgörən tarixi şəxsiyyətin hələ 2002-ci ildə dediyi “Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir” fikri real həyat həqiqətinə çevrildi. Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi: “Dərsini verdik. Öz bayrağımızı ucaltdıq Şuşada və bütün başqa şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!”.
İcra başçısı qeyd edib ki, bu gün Ulu Öndərin ruhu şaddır, çünki Qarabağ Azərbaycandır! Azərbaycan xalqının Prezidenti İlham Əliyevin dəmir siyasətinin nəticəsində “Dağlıq Qarabağ” problemi yoxdur. Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov tədbir iştirakçılarını və bütün qazaxlıları Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından salamlayaraq, onları Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edən natiq vurğulayıb ki, müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan müasir və güclü Azərbaycan Ordusunun memarı Ümummilli Lider Heydər Əliyevdir. Bu dahi şəxsiyyətin ordu quruculuğu sahəsində həyata keçirdiyi əsas fəaliyyət istiqamətlərindən biri də milli zabit kadrların hazırlanması idi. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi ordu quruculuğu prosesi hazırda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin yüksəldilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, ən son hərbi texnologiyaların orduya cəlb olunması Silahlı Qüvvələrimizin daha da güclənməsinə və modernləşməsinə gətirib çıxardı ki, bunun da nəticəsini - böyük Zəfəri hər birimiz böyük sevinclə qarşıladıq. Rəşadətli Azərbaycan Ordusu möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı Qələbə ilə hərb tariximizin qəhrəmanlıq salnaməsini yazdı.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, gənclərlə olan görüşün əhəmiyyətindən söz açaraq ürək sözlərini bölüşüb. T.Məmmədov bildirib ki, müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. 1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatları həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar orduya cəlb edilib. Möhtəşəm hərbi paradlar da bunu təsdiq edir. Bu paradlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının gözəl nümunəsidir.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş ehtiyatda olan kapitan Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi fikirlərini bölüşüb. S.Çobanov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüuru ilə həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tapıb. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Hələ Sovetlər dönəmində Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil gələcəyi haqqında düşünür və vacib addımlar atırdı. Bu addımlardan biri də Ulu Öndərin Sovetlər dönəmində böyük maneələrə baxmayaraq 1971-ci ildə İnternat məktəbinin bazasında yaratmış olduğu bugünkü Cəmşid Naxçıvanski adına hərbi liseydir. Hansı ki, bu lisey Azərbaycan Ordusuna peşəkar zabit kadrlarının hazırlanmasında böyük rol oynayır. Liseyin məzunları 1-ci və 2-ci Qarabağ müharibəsində böyük şücaətlər göstərmişdir. C.Naxçıvanski adına Hərbi Liseyin məzunlarından 1000 nəfəri göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfəri isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. S.Çobanov Cəmşid Naxçıvanski adına hərbi liseyin 2004-2007-ci illər və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 2007-2011-ci illər üzrə məzunu olduğu üçün qürur duyduğunu bildirib. Heydər Əliyəv ideyalarını yaşadan hərbi məktəblərdə təhsil aldığı üçün fəxr etdiyini qeyd edib. Vurğulayıb ki, biz Ulu Öndərin bu ideyalarını rəhbər tutaraq 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düşməni torpaqlarımızdan qovduq. Bu gün isə mən ehtiyatda olan bir zabit kimi böyük fəxarət hissi ilə deyirəm ki, Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Cənab Prezident digər sahələrə olduğu kimi, ordu quruculuğuna da çox böyük diqqət ayırır. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu, Azərbaycan xalqı dəmir yumruq tək Ali Baş Komandanın ətrafinda sıx birləşdi və zəfərimizin başlanğıcı olan 2016-cı ilin aprel döyüşlərində, nəhayət 27 sentyabr 2020-ci ildə başlamış 44 günluk Vətən müharibəsində hiyləgər düşmən üzərində qələbə qazandı. S.Çobanov torpaqlarımızın azadlığı uğrunda Qazax rayonunun 344 nəfər şəhid verdiyini bildirib. Bunlardan 289 nəfəri Birinci Qarabağ müharibəsi, 52 nəfəri 44 günlük Vətən müharibəsi şəhidi, 3 nəfər isə sentyabr ayının 12-dən 13-ə keçən gecə düşmən təxribatının qarşısını alan zaman şəhid olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı Qazax rayonu üzrə 7 nəfər şəhidimiz Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Qazax rayonu üzrə 44 günlük Vətən müharibəsi və 2022-ci ilin sentyabr döyüşləri zamanı şəhid olmuş hərbi qulluqçular isə Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 2 nəfər “Qarabağ” ordeni, 8 nəfər “Azərbaycan Bayrağı” ordeni, 5 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 8 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, habelə 52 nəfər şəhid müxtəlif adda 215 ədəd orden və medalla təltif edilmişdir. Qazax rayonunda şəhidlərin adının əbədiləşdirilməsi üçün Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayılın müəllifi olduğu 500 tirajda “Qanları ilə dastan yazanlar” kitabı çap edilmiş, ”Qarabağ Azərbaycandır!” Abidə Kompleksi inşa edilmiş, Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyində Birinci Qarabağ və Vətən müharibəsi, eləcə də digər döyüşlər zamanı şəhid olmuş oğullarımızın adını əbədiləşdirən guşə yaradılmış və Qazax Şəhidlər xiyabanına isə 344 nəfər şəhidin şəkilləri əks olunan mərmər lövhələr vurulmuşdur. Qazax rayonu üzrə Vətən müharibəsi zamanı 246 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli xəsarət almışdır ki, həmin şəxslərdən 66 nəfərə əlillik dərəcəsi təyin edilmişdir. Xəsarət almış 242 nəfər hərbi qulluqçu ümumilikdə müxtəlif adda 593 ədəd orden və medallarla (onlardan 1 nəfər 3-cü dərəcəli ”Rəşadət” ordeni, 2 nəfəri isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni) təltif olunmuşlar. O cümlədən Respublika Prezidentinin müvafiq sərəncamına əsasən Qazax rayonu üzrə hazırda hərbi xidmətini davam etdirən 1 nəfər hərbi qulluqçumuz mayor Nicat Bədəlov “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Digər hərbi xidmətini davam etdirən və hərbi xidmətdən təxris olunmuş hərbi qulluqçularımız da Prezidentin müvafiq sərəncamlarına əsasən müxtəlif orden və medallarla təltif olunmuşlar. S.Çobanov Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. Bu gün isə xidmətini şərəflə davam etdirən hərbçilərimizə xidmətlərində uğurlar arzulayıb. Qeyd edib ki, gələcəyin əsgərləri isə fəxr etsinlər ki, qalib ordunun qalib əsgərləri olacaqlar.
Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, gənclərlə olan görüşün, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Azərbaycan Ordusunda xidmət etmiş bir hərbçi kimi ordumuzun əvvəlki və bugünkü gününü müqayisə edəndə ordumuzun daha müasir, güclü ordulardan birinə çevrildiyini qeyd edib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordumuzun gücləndiyini, ən yaxşı ordular sırasında dayandığını söyləyib. Azərbaycan Ordusunda ilk günlərdən vətənpərvərlik hissinin güclü olduğunu, istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində vətənpərvərlik hissi sayəsində qəhrəman oğullarımızın tarix yazdıqlarını söyləyib. Hərbçilərimizin bir addım geri çəkilməmək ideyası ilə hər gün irəli getdiklərini, qələbə uğrunda əzmlə vuruşduqlarını və tarix yazdıqlarını bildirib. “30 il işğalda olan torpaqlarımız şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına azad olundu. Artıq xalqımız, dövlətimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünyada seçilir”, - deyən şəhid atası buna görə şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. Gənc çağırışçılara uğurlar arzulayan şəhid atası şəhidlərimizin qanı tökülmüş, onlara əmanət edilmiş torpaqları şərəflə qorumağı, Vətənin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib. Şəhid ailəsi kimi onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhidlərimizə yaradılan guşələrə, inşa edilən bulaqlara görə razılığını ifadə edən şəhid atası bütün bunların onların adlarını yaşatmaq üçün olduğunu qeyd edib. Nə qədər Azərbaycan xalqı var, şəhidlərimizin, qazilərimizin də unudulmayacağını söyləyib.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qazax rayon filialının sədr müavini, I dərəcəli Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əsgər atası kimi səmimi ürək sözlərini bölüşərək gənc çağırışçılara uğurlar arzulayıb. Ehtiyatda olan bir hərbçi kimi keçdiyi döyüş yolundan, ordumuzun Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində keçdiyi şanlı yoldan danışıb. Ulu Öndərlə olan xatirələrindən söz açan natiq Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasının dahi şəxsiyyətin adı ilə bağlı olduğunu söyləyib.
Çağırışçı, karate üzrə 5 qat Azərbaycan çempionu Həsənəli Həsənov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Vətənin keşiyində dayanmaq üçün hərbi xidmətə yola düşəcək çağırışçı yoldaşlarına uğurlar arzu edib. “Mən fəxr edirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 illik işğala 44 gündə son qoymuş, öz qələbəsi ilə bütün dünyaya səs salmış qalib Azərbaycan Ordusunun əsgəri olacağam. Söz verirəm ki, hərbi xidmət boyunca verilən əmrləri, tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyə çalışacağam. Ailəmin və valideynlərimin başını hər zaman uca tutmağa çalışacağam”, - deyən gənc çağırışçı bunun üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.