Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib

22 sentyabr 2023 | 20:50

Sentyabrın 22-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib.

Qazax Gənclər Evində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qonaqlardan Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru Əfsun Sucayev, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Ramil Mirzəyev, Vətən müharibəsi iştirakçısı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Sərhədçi İdman Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi, "Sərhədçi" Peşəkar İdman Klubunun prezidenti, Milli Olimpiya Komitəsinin üzvü Firdovsi Umudov, Azərbaycan Respublikası "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev və təşkilatın əməkdaşları, Ərazi təşkilat sədrləri, Partiya veteranları və fəalları, YAP-ın üzvlük vəsiqələri təqdim olunacaq gənclər, ziyalılar, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim-tələbə heyəti, şəhid ailələri, müharibə əlilləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gələrək memorial önünə tər qərənfillər düzüb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. 

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub. 

Daha sonra iştirakçılar Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəz ziyarət olunaraq dahi rəhbərin həyat və fəaliyyətinə bir daha nəzər salınıb.

Qazax Gənclər Evində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömrünü, misilsiz xidmətlərini özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbrin aparıcısı, deputat köməkçisi Akif Əmirov çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. A.Əmirov ölkə Prezidenti tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını dahi şəxsiyyətin yubileyinə ən böyük töhfə olduğunu söyləyib. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə, o cümlədən Qazax rayonunda silsilə tədbirlərlə qeyd olunduğunu, bu günə kimi rayonda 120-dən çox tədbirin keçirildiyini, bugünkü tədbirin həmin silsilə tədbirlərin davamı olduğunu bildirib. 

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını və qonaqları təşkilatın üzvləri adından salamlayıb, bugünkü tədbirin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Geniş məruzə ilə çıxış edən A.Nəbiyev bildirib ki, ölkə başçısının müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bu Sərəncam bizə imkan verir ki, biz Ümummilli Lider, dahi rəhbər Heydər Əliyevin şərəfli və mənalı ömrünü, onun misilsiz xidmətlərini, titanik fəaliyyətini daha dərindən öyrənək, mənimsəyək, təbliğ edək, gənclərə aşılayaq. Eyni zamanda, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müdrik Azərbaycan xalqının öz böyük oğluna, dahi rəhbərinə olan hörmət və ehtiramın, sevgi və sədaqətin təzahürüdür. A.Nəbiyev Ulu Öndər Heydər Əliyevin sözünün çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı bacaran, zəngin dövlətçilik və idarəçilik qabiliyyətinə malik olan, tarixdə iz qoymağı bacaran dahi bir lider olduğunu söyləyib. Qeyd edib ki, Heydər Əliyev xalqını nə qədər sevirdisə, Azərbaycan xalqı da onu o qədər sevir və inanırdı. A.Nəbiyev Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 1969-1982, 1982-1987, 1987-1993, 1993-2003-cü illərdə ölkəmizdə bütün sahələrin inkişaf etdiyini, dövlətimizin güclənməsi, qüdrətlənməsi naminə uğurlu islahatların həyata keçirildiyini, qısa bir vaxtda Azərbaycanda sənayenin, aqrar sahənin, elmin, təhsilin, idmanın, eləcə də bir çox sahələrin inkişafına nail olunduğunu vurğulayıb. Ulu Öndərin səsləndirdiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini xatırladan natiq bu gün sözün əsl mənasında bunun əyani şahidi olduğumuzu söyləyib. A.Nəbiyev qeyd edib ki, Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması, bütöv Azərbaycanı görmək idi. Bu gün qürur və fəxrlə deyə bilərik ki, dahi rəhbərin arzusu gerçəkləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı və işğalda olan torpaqlarımız azadlığına qovuşdu. A.Nəbiyev bu şanlı zəfərə görə canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, hərbçilərimizə, Müzəffər Ali Baş Komandana borclu və minnətdar olduğumuzu qeyd edib. Sentybarın 19-dan etibarən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən söz açan A.Nəbiyev antiterror tədbirləri nəticəsində bizim hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini bildirib.  Antiterror tədbirləri zamanı əldə edilən uğurlu nəticələrin Azərbaycanın növbəti qələbəsi olduğunu söyləyib. A.Nəbiyev Ulu Öndərin söylədiyi “Nə qədər Azərbaycan var, mən də varam. Mən Azərbaycanda əbədi olacağam” fikrini səsləndirərək qeyd edib ki, Azərbaycana hansı tərəfdən baxsaq, orada Ulu Öndərin dəstt-xəttini, onun misilsiz xidmətlərini, silinməz izlərini görürük.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən söz açıb. İcra başçısı ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasını Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ən böyük töhfə olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”   deyən  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Məhz bu ağır dönəmdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını şərəflə yerinə yetirərək müstəqil dövlətçiliyimizin yenidən itirilməsinin qarşısını aldı, milli inkişaf strategiyasını müəyyənləşdirdi və onu bütün istiqamətlər üzrə ardıcıllıqla reallaşdırmağa başladı. İcra başçısı vurğulayıb ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur. Bu gün ötən əsrin 70-ci illərini təhlil edərkən qətiyyətlə demək olur ki, Heydər Əliyev bu millətin inkaredilməz qürur mənbəyi, qazandığımız bütün nailiyyətlərin səbəbkarı, uğurlu günlərimizin təməlini qoyan alternativsiz lideridir. Bugünkü müstəqil Azərbaycan və onun əldə etdiyi uğurlar Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin şah əsəridir. Bu gün hər birimiz qürurla deyə bilirik ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Rayon rəhbəri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrlə ikinci dövr arasındakı illərin, sözün əsl mənasında, tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül illəri olduğunu bildirib. Xüsusilə, Azərbaycan tarixinin 1990-1993-cü illərinin xalqın yaddaşında ən ağır fəlakət illəri, "olum, ya ölüm" dövrü kimi qaldığını söyləyib. Həmin dövrdə Azərbaycanın Cənubi Qafqazın xəritəsindən silinmək üzrə olduğunu, ölkədə hakimiyyətsizliyin, siyasi hərc-mərcliyin, özbaşnalığın baş alıb getdiyini qeyd edib. Azərbaycanın xarici aləmdəki olan-qalan nüfuzu da tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalanda bu zaman Vətənin ümid çırağı, əliyalın, başsız qalan xalqın yeganə qələbə silahı Heydər Əliyev zəkası idi. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Müdrik xalqımız o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı – dünyanın böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, düşmənlərimizin arzuları gözlərində qaldı. Məhz o zaman - 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Göründüyü kimi, Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması heç də təsadüfi deyil. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. İcra başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyev ölkənin inkişafı istiqamətində gördüyü işlər, qəbul etdiyi cəsarətli qərarlar, həyata keçirdiyi tikinti-quruculuq işləri və infrastruktur obyektlərin tikintisi müstəqillik əldə edəcək respublikamızın gələcəyinə və inkişafına  hesablanmış  məqsədyönlü layihələrdən ibarət olmuşdur. Bu məqsədyönlü layihələrdən biri də “Əsrin müqaviləsi”nin imzalanması idi. "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. Müqavilənin bağlanmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev misilsiz rol oynamışdır. “Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün  geniş zəmin yaratdı. Rayon rəhbəri qeyd edib ki, bu gün dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələri və onun yaranma tarixi, onun formalaşması da Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Belə ki, Ümummilli Liderin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması bu mənada mühüm əhəmiyyət daşımışdır. Ulu Öndər hər zaman ordunun dövlət üçün əhəmiyyətindən danışarkən ordunun əsas vəzifələrini göstərirdi. Ordunun möhkəmlənməsi, modernləşdirilməsi və inkişafı üçün var qüvvəsini əsirgəmirdi. Ulu Öndər çıxışlarında deyirdi: “Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən, güclənən milli ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir”. Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu sahəsində aparılan islahatlar bu gün də Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan Ordusu yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir.  Bunun nəticəsidir ki, Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrnda başlayan İkinci Qarabağ müharibəsində, 44 günlük haqq savaşında tarixi zəfər qazandı. Bu qələbənin baş memarı isə illər öncə güclü Azərbaycan ordusunun əsasını qoyan Ümummilli Lider Heydər Əliyevdir. Bu gün fəxrlə deyə bilərik ki, uzaqgörən tarixi şəxsiyyətin hələ 2002-ci ildə dediyi “Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir” fikri real həyat həqiqətinə çevrildi. Prezident İlham Əliyevin dəmir siyasətinin nəticəsində biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır. Bütün bu uğurlar Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin və qətiyyətinin, dövlətimizin qüdrətinin, ordumuzun gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdətinin nəticəsidir. Ulu Öndər deyirdi: “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”. İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin söylədiyi kimi, "Biz bundan sonra da qürur hissi ilə yaşayacağıq, müzəffər xalq, güclü dövlət, yenilməz ordu, güclü iradə sahibi kimi".

Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru Əfsun Sucayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Qərbin qapısı sayılan Qazaxda olmaqdan, Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib. “Əgər tarixi yaradanlar olmasaydı, bu gün tarixi yazan insanlardan, onların yazdığı tarixdən danışmağa çətinlik çəkərdik”, - deyən Ə.Sucayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də məhz tarix yazan şəxsiyyətlərdən biri olduğunu qeyd edib. Natiq Ulu Öndərin yaşadığı ömrünün böyük hissəsini Azərbaycanın inkişafına, tərəqqisinə, quruculuğuna sərf etdiyini söyləyib. Ölkəmizi dünya dövlətləri içərisində tanıtmaq üçün misilsiz xidmətlər göstərdiyini bir daha diqqətə çatdırıb. Ulu Öndərin torpaqlarımızın azadlığı ilə bağlı arzularının, etdiyi vəsiyyətin bu gün gerçək olduğunu, dahi şəxsiyyətin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirərək onun arzularını reallığa çevirdiyini bildirib. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin dövlət başçısının fəaliyyətinin şah əsəri olduğunu vurğulayıb. Sentyabrın 19-dan etibarən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən danışan Ə.Sucayev antiterror tədbirləri nəticəsində növbəti uğuru əldə etdiyimizi söyləyib.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. “Ulu Öndərin adı ilə bağlı keçirilən tədbirdə iştirak etmək, söz söyləmək həm qürurvericidir, həm də məsuliyyətdir”, - söyləyən millət vəkili bugünkü tədbirdə olmaqdan məmnunluq hissi duyduğunu ifadə edib. Ulu Öndərin vaxtilə səsləndirdiyi “Siz, əziz qazaxlılar! Burada həm öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız!” fikrinin qazaxlılara verilən ən böyük dəyər olduğunu bildirib. S.Seyidov bu gün bütün dünyanın Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışdığını, vaxtilə Azərbaycanın uğurlarını qəbul etməyən dövlətlərin bu gün ölkəmizin yanında olduğunu, həqiqətlərini qəbul etdiyini, bu gün həmin dövlətlərin Qarabağ Azərbaycandır! söylədiyini diqqətə çatdırıb. Bütün bu uğurların təməlində Ulu Öndərin misilsiz xidmətlərinin dayandığını bildirib. Millət vəkili qeyd edib ki, bu gün Ulu Öndər haqqında danışanda Azərbaycanı, Azərbaycan haqqında danışanda Ulu Öndəri xatırlayırıq. Azərbaycançılığın əsasını qoyan Ümummilli Liderin daim qəlblərdə yaşayacağını vurğulayıb.

Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən danışan millət vəkili həmin tədbirlər zamanı qazandığımız Qələbənin 3 il əvvəl 44 günlük Vətən müharibəsində əldə etdiyimiz nailiyyətin davamı olduğunu söyləyib. Ü.Ağayeva xalqımızın hər zaman ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizlə qürur duyduğunu, qəhrəman şəhidlərimizə, qazilərimizə, Müzəffər Ali Baş Komandana minnətdar olduğumuzu dilə gətirib.

YAP Qazax Rayon Təşkilatının təsisçisi Abbas Göyüşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Ulu Öndərin adı ilə bağlı olan tədbirdə iştirak etməkdən məmnunluq hissi keçirdiyini söyləyib. A.Göyüşov bildirib ki, 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dedi və artıq illərdir ki, biz xalq olaraq bu ümidlərin doğrulduğunun şahidi oluruq. Xüsusilə də Ulu Öndərin ordu quruculuğu sahəsindəki siyasətinin yüksək səviyyədə davam etdirilməsinin 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sonra şanlı Qələbə ilə başa çatan Vətən müharibəsində bir daha şahidi olduq.       

Partiya fəalı, AYB-nin üzvü, Qaymaqlı kənd Folklor evinin müdiri, şair Kazım Kazımlı çıxış edərək bildirib ki, bir xalqı, milləti xoşbəxt etmək üçün ilahi qüdrətə malik dahi rəhbər olmalıdır. Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi Ulu Öndəri, Ümummilli Lideri olub, bu gün də var və o, qəlblərdə əbədi yaşayır. Dahi şəxsiyyətə həsr etdiyi şeiri səsləndirən şair Ulu Öndərə olan sonsuz ehtiramını ifadə edib.

Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd folklor klubunun müdiri Rüfət Axundlu “Ulu Öndər” şeirini təqdim edərək dahi şəxsiyyətə olan ehtiramını ifadə edib.

Tədbirdə YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev “Heydər Əliyev İli” çərçivəsində əmək funksiyasını peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fəmanı ilə təltif olunub.

YAP Qazax Rayon Təşkilatı tərəfindən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov başda olmaqla, rayonun ictimai-siyasi həyatında fərqlənən fəallardan bir qrupuna Fəxri Fərmanlar təqdim edilib.

YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.

Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Təhminə İsmayılova və Səadət Pirməmmədova Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Gənc Aşıq Samir Allahverdiyev şair Eldar Nəsibli SibirelinBura Qazaxdır oğlum!” şeirini səsləndirərək tədbirə xoş ovqat qatıb.

Keçidlər