Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Heydər Əliyev İli“ çərçivəsində “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin banisidir” mövzusunda tədbir keçirilib

06 mart 2023 | 17:25

Martın 6-da “Heydər Əliyev İli“ çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin banisidir” mövzusunda tədbir keçirilib.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə YAP Qazax Rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatı aparatının işçiləri, qadın partiya fəalları, YAP üzvlük vəsiqəsi təqdim olunacaq gənclər iştirak ediblər.

Əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, təşkilatın üzvləri adından Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, bütün Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin banisidir” mövzusunda keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Azərbaycanda dövlət qadın siyasətinin əsasının Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə qoyulduğunu qeyd edib. Məhz Ulu Öndərin qayğısı sayəsində qadınlarla işin dövlət səviyyəsinə qaldırıldığını, bu sahədə Fərman və Sərəncamların imzalandığını vurğulayıb. “Hər güclü şəxsiyyətin arxasında güclü bir qadın durur. Biz bunu Ulu Öndər Heydər Əliyevlə Zərifə xanım Əliyevanın timsalında aydın şəkildə görmüşdük. Bu gün isə Prezident İlham Əliyevlə Mehriban xanım Əliyevanın timsalında şahidi oluruq”, - deyə A.Nəbiyev bildirib. Natiq çıxışı zamanı qəhrəman şəhidlərimizin, qazilərimizin, hərbçilərimizin analarının da qəhrəman analar olduğunu və bu gün bizim həmin analarımızla fəxr etdiyimizi dilə gətirib. A.Nəbiyev bu gün YAP Qazax Rayon Təşkilatının 10653 nəfər üzvü olduğunu və onlardan 6778 nəfərini, 63,5 %-ni qadınların təşkil etdiyini söyləyib. A.Nəbiyev sonda qadınları bir daha təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdıraraq onlara gələcək işlərində uğurlar arzulayıb. İcra başçısı bildirib ki, Azərbaycan qadını deyəndə gözümüzün qarşısında qəhrəman analar canlanır. O analar ki, minlərlə şəhidimizin qəhrəman, fədakar, dözümlü analarıdır. Bizlər həmin qəhrəman analarımıza borcluyuq. İcra başçısı Azərbaycan xanımlarının həmişə sədaqət, təmkin, ailəsinin qayğısına qalan fədakar, nəcib qadın mücəssəməsi olduğunu söyləyib. “Dövlətimizin elə bir sahəsi yoxdur ki, orada qadınlarımızın xidməti olmasın”, - deyən rayon rəhbəri qadınların ölkəmizin ictimai-siyasi həyatında rolundan danışıb. İlk növbədə, demokratik cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş ölkənin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini vurğulayıb. Rayon rəhbəri bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev həmişə qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Rayon rəhbəri vurğulayıb ki, dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. İcra başçısı bildirib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu bir daha təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər bütün Azərbaycan qadınlarına əsl örnəkdir. İcra başçısı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da Azərbaycanın tanıdılması, xüsusilə də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir. İcra başçısı rayonun ictimai-siyasi həyatında mühüm nailiyyətlərin əldə edilməsində qazaxlı qadınların da böyük əməyinin olduğunu bildirib, onların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsini və cəmiyyətdə fəal mövqe tutmalarını yüksək qiymətləndirib.

Partiya fəalı, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, xoş arzularını səsləndirib. G.Həsənova Ulu Öndərin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, qadın siyasətində görülmüş işləri də ən yüksək səviyyəyə qaldırdığını söyləyib. Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan qadınının əməyinə, işinə hər zaman yüksək qiymət verildiyini diqqətə çatdırıb. Onun qayğısı sayəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını, Azərbaycan qadınlarının mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunduğunu bildirib. “Azərbaycanda tarixən fədakar, qəhrəman qadınlarımız olub. Bu gün də həmin qadınlarımız var və bunun bariz nümunəsini biz Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında görürük”, - deyən G.Həsənova Onun fəaliyyətinin hər bir Azərbaycan qadınına nümunə olduğunu bildirib.

Partiya veteranları Bəsti Ələkbərova, Səfurə Rəhimova, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova çıxış edərək bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildiriblər. Tarixin bütün dövrlərində Azərbaycan qadınının ağlı, təmkini, vəfası və yüksək analıq keyfiyyətləri ilə seçildiyini, zərifliyin, nəcibliyin, gözəlliyin rəmzi olduğunu söyləyiblər. Çıxış edənlər bayram münasibətilə onları unutmadığına və təbrik etdiyinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova və YAP Qazax Rayon Təkilatının sədri Anar Nəbiyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri qadınları onlara həsr olunmuş şeiri səsləndirməklə təbrik ediblər.  

Sonra bir qrup gəncə YAP üzvlük vəsiqələri təqdim olunub. Partiya fəalları YAP Qazax Rayon Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilib, qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər