Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Heydər Əliyev İli” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir!” mövzusunda uşaq yaradıcılıq festivalı keçirilib

01 iyun 2023 | 18:42

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da qeyd olunub.

İyunun 1-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir!” mövzusunda uşaq yaradıcılıq festivalı keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecin rəhbərliyi, şəhid ailələri və şəhid övladları, rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimləri və şagirdləri, körpələr evi-uşaq bağçalarının rəhbərləri, tərbiyəçiləri və uşaqları, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri və üzvləri, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimləri və şagirdləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladıqları əl işləri, ekologiya ilə bağlı sərgi və güllərin sərgisi ilə tanış olublar. Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin çəkdikləri, Ulu Öndərin 100 illiyinə həsr olunmuş rəsm sərgisinə baxış keçiriblər.

Daha sonra şahmat, güləş, karate, ağır atletika, qol güləşi, taekvondo idman növləri üzrə uşaq və yeniyetmələr öz məharətlərini nümayiş etdiriblər.

Körpə fidanlara həsr olunmuş bayram tədbirinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Tədbirin aparıcıları, Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və Zəmanə Dərviş iştirakçıları və günün səbəbkarı olan uşaqları salamlayıb, səmimi təbriklərini çatdırıblar. Tədbirdə iştirak edən şəhid analarına, qazilərimizə, şəhid övladlarına xoş təbriklərini ifadə ediblər. Qeyd ediblər ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Ümummilli Liderin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə yaşadır. Aparıcılar bildiribər ki, rayonumuzda da uşaqlara dövlət qayğısını Rayon İcra Hakimiyyətinin başçısı, bütün uşaqların sevimlisi, uşaqların babası Rəcəb Babaşovun sayəsində hiss edirik. Ən zərif və kövrək nümayəndələr olan uşaqlara Qazax rayonunda da daim xüsusi diqqət, qayğı və nəvaziş göstərilir. Onların sağlam böyümələri üçün hər cür şərait yaradılır. Azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təmin edilməsi bu sahədə olan inkişafın bariz nümunəsidir. Dövlətimiz tərəfindən təhsilə göstərilən sonsuz diqqət və qayğıdan respublikanın Qərb qapısı sayılan, ziyalılar məskəni, elmə, təhsilə xüsusi qiymət verilən Qazax rayonu da yetərincə bəhrələnir. Belə ki, son dövrlər Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli və İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbləri təmir edilmiş, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta və Qaymaqlı kənd tam orta məktəbləri isə yenidən tikilərək şagirdlərin, müəllimlərin istifadəsinə verilmişdir. Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey üçün yeni bina inşa edilmişdir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, balaca fidanlara 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi təbriklərini, xoş arzularını çatdırıb. İcra başçısı “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş “Uşaqlar bizim gələcəyimizdir!” adlı yaradıcılıq festivalında balaca fidanları görməkdən məmnunluq hissi duyduğunu qeyd edib. İcra başçısı bildirib ki, ölkəmizdə uşaqlara diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider ölkəmizə rəhbərliyinin bütün dövrlərində uşaqların təhsilinə, dünya görüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət yetirmiş, gələcəyimiz olan uşaqlara daim qayğı göstərmişdir. Rayon rəhbəri Ulu Öndərin söylədiyi “Uşaqlar bizim gələcəyimizdir!” kəlamının bu gün hər birimiz üçün örnək olduğunu vurğulayıb. Bu gün əsası Ulu Öndər tərəfindən qoyulan uşaq siyasətinin ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirildiyini söyləyib. Həmin qayğının bariz nümunəsi olaraq hər il ölkəmizdə yeni-yeni məktəblərin, uşaq bağçalarının tikilməsini, uşaqların hərtərəfli inkişafı istiqamətində məqsədyönlü işlərin görülməsini göstərib. İcra başçısı sonda bir daha müstəqil Azərbaycanın övladları olan körpələri, gələcəyimiz olan uşaqları təbrik edib, onlara xoş, firavan həyat arzulayıb.

Sonra söz uşaqlara verilib. Bayramın səbəbkarı olan uşaqlar bir-birindən maraqlı çıxışlar ediblər. Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin xor qrupu “Xoşbəxt olsun uşaqlar”, “Dünyanı qoruyaq” mahnıları, Mərkəzin dərnək üzvlərindən Yunis İsayev “Yaşa Azərbaycan”, Eşqin Ocaqverdiyev “Vətənim mənim” mahnıları ilə bayram təbriklərini çatdırıblar. Təhminə İsmayılova və Səadət Pirməmmədova “Ulu Öndər”, Banu Səmədli “Ulu bir sərkərdə, Ulu bir öndər” şeirlərini səsləndiriblər. Afiq Qasımov sazda “Ruhani”, Alı Əliyev “Azərbaycan” mahnısını ifa ediblər. Ülkər Əkbərova və Məqsəd Alməmmədli rəqs nömrəsi ilə balaca dostlarını təbrik ediblər. Dərnək üzvlərindən Aytac İsmayılova, Nurəndə Allahverdiyeva, Fatimə Hüseynli, İslam Məmmədli, Fəridə Rzayeva, Oruc Abdullayev, Nuray Qurbanova müxtəlif xalqların uşaqlarını təmsil edərək “Yer üzündə uşaqlar var” şeirini səsləndiriblər.

Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin “Yurd” vokal qrupu “Bu gün bayramdır”, xor qrupuHeydər babamız” mahnıları, məktəbin şagirdləri Samir Mehtizadə “Xudayar təsnifi”, Sarif Vəliyev “Tələsin insanlar” mahnısı ilə həmyaşıdlarını təbrik ediblər.

Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Türkan Rəhimova “Doğma diyar”, şagirdlərdən Zəhra İsmayılova, Fatimə Kazımlı, Mədəd Mədədzadə “Uşaqlıq illəri” mahnısı ilə bayram tədbirinə rəng qatıblar. 

Aslanbəyli kənd tam orta məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qaravəliyev “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” şeirini səsləndirib.

Skripka ifaçılarından ibarət “By Hoca” qrupunun üzvləri Müjgan Məhərrəmova və Cəmilə Məmmədova “Bakı küləyi”, Qazax Dövlət Sosial-İqtisadi Kollecin 3-cü kurs tələbəsi Nəzrin Muradova “Sən elə bir zirvəsən” mahnısı ilə tədbirə toplaşanlara xoş ovqat bəxş ediblər.

Nağıl və cizgi filmi qəhrəmanlarının tədbirə qatılması balaca fidanların sevincinə səbəb olub.

Keçidlər