Qazaxda “Heydər Əliyev İli“ çərçivəsində “Vurğun şeirlərinin vurğunu - Heydər Əliyev” mövzusunda tədbir keçirilib
İyulun 6-da “Heydər Əliyev İli“ çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Səməd Vurğun Poeziya Evinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Xalq şairi Səməd Vurğunun poeziyasına xüsusi rəğbət və hörmətinə həsr edilmiş “Vurğun şeirlərinin vurğunu - Heydər Əliyev” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Səməd Vurğun Poeziya Evinin direktoru Mətanət Rəhimova və əməkdaşları, Ürkməzli kənd sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova, Çaylı kənd folklor evinin müdiri Məhəmmədəli Məşədiyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tamella Poladlı, Bilal Qoca, şairə Asimə Hüseyn, Qazax şəhər 1 və 2 saylı Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri, gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin ən çox sevdiyi şeirin – Xalq şairi Səməd Vurğunun ”Azərbaycan” şeirinin misralarını yüksək kürsüdən xüsusi şövqlə söylədiyi kadrlarların yer aldığı videoçarx nümayiş olunub.
Tədbirin aparıcısı, Ürkməzli kənd sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, təşkil olunmuş tədbirin əhəmiyyətindən söz açıb. G.Cəlilova bildirib ki, Heydər Əliyev Azərbaycanın ilk Xalq şairi, dünya şöhrətli ədib, akademik, ictimai xadim Səməd Vurğuna xüsusi hörmət bəsləyib və onun irsinə həmişə yüksək qiymət verib. Qeyd edib ki, məhz Ulu Öndərin qayğısı və təşəbbüsü ilə Bakıda ilk dəfə Səməd Vurğunun Ev Muzeyi açılıb. 1976-cı ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazax rayonunda şairin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində Səməd Vurğun Poeziya Evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və o, 1979-cu ilin sentyabrında onun açılışında şəxsən iştirak edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Həsənova Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Respublika Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini bildirib. “Heydər Əliyev İli” çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər keçirildiyini, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu söyləyib. Müavin dahi şəxsiyyət Heydər Əliyevin Xalq şairi Səməd Vurğunun yaradıcılığına, onun şəxsiyyətinə, ailəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Qeyd edib ki, Heydər Əliyev şairi öz dövrünün şairlərinin şairi adlandırması əbəs deyildir. Çünki Heydər Əliyev hər zaman deyirdi ki, ustad şairin irsinə yanaşmada onun yaşadığı, yazıb-yaratdığı dövrə də diqqət yönəltmək lazımdır. Səməd Vurğun bütün əsərlərində Vətənə, Azərbaycana, xalqımızın dilinə, dininə məhəbbətini izhar edib, bütün əsərlərində öz əqidəsinə sadiq qalıb, eyni zamanda, yüksək şeir sənəti nümayiş etdirib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Tamella Poladlı çıxış edərək şairə həsr etdiyi şeirini söyləyib və bildirib ki, Səməd Vurğun yaradıcılığı hər zaman Ulu Öndərin diqqətində olub, onu özünün gənclik illərinin şairi adlandırıb.
Səməd Vurğun Poeziya Evinin direktoru Mətanət Rəhimova Ulu Öndərin Səməd Vurğun şəxsiyyətinə böyük ehtiramından danışaraq bildirib ki, rəhbərlik etdiyi Poeziya evinin yaradılmasının təşəbbüskarı məhz Ulu Öndər Heydər Əliyev olmuş və Qazax rayonuna tarixi səfərləri zamanı Poeziya evini ziyarət etməsi böyük şairin özünə və yaradıcılığına olan ehtiramının nümunəsidir.
Şairə Asimə Hüseyn Ulu Öndərlə Səməd Vurğunun dostluğunun dərin köklərlə bir- birinə bağlı olduğunu vurğulayaraq qeyd edib ki, hər iki insanın Azərbaycan adının dünyada tanınmasında böyük xidmətləri olub, Heydər Əliyev deyirdi: “İndi artıq 40 ildir ki, o, dünyasını dəyişib, ancaq xalq onu unutmur...”
Çaylı kənd folklor evinin müdiri Məhəmmədəli Məşədiyev çıxış edərək Heydər Əliyev və Səməd Vurğun haqqında xatirələrdən danışıb. Qeyd edib ki, şairin yaşadığı dövrlə bağlı, eləcə də tarixi mövzularda yazdığı əsərləri Ulu Öndər hər zaman yüksək dəyərləndirirdi və bildirirdi ki, “... Hər bir şair öz dövrünün aşiqi olubdur, öz dövrünü yazıbdır. Biz buna görə keçmiş əsrlərin heç bir şairinə hər hansı bir mənfi münasibət göstərə bilmərik...”
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Bilal Qoca çıxış edərək Xalq şairi Səməd Vurğunun XX əsr Azərbaycan poeziyasına gətirdiyi xüsusi çalarlardan danışıb. Şair bildirib ki, Ulu Öndər Səməd Vurğunun yaradıcılığına xüsusi rəğbət bəsləyirdi, hətta onun şeirindən bir bənd söyləyərkən qəhərlənirdi.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək Ulu Öndərin Azəraycanın ədəbiyyat nümayəndələrinə xüsusi diqqət və qayğısından söz açıb. C.Hüseynova bildirib ki, dahi şəxsiyyətin xüsusi rəğbət bəslədiyi şair və yazıçılar, eləcə də daha çox dəyərləndirdiyi və sevdiyi əsərlər sırasında Səməd Vurğun və onun “Azərbaycan” şeirinin yeri bir başqadır.
Tədbirdə həmçinin Qazax şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin şagird və müəllimlərindən ibarət trio qrupu-kamançada İradə Allahverdiyeva, tarda Pərvin Hüseynov, nağarada Cəfər Qurbanov, ifaçı Samir Mehdizadə, sazda Qurban Süleymanov, Qazax şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin şagirdi Yaşar Abdıyevin ifasında görkəmli şairin sözlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub, musiqilər səslənib.
Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin VIII sinif şagirdi Sənubər Qasımova, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin V sinif şagirdi Yusif Budaqovun ifasında Səməd Vurğunun şeirləri və Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin Xalq şairi Səməd Vurğunun 90 illik yubileyində çıxışı zamanı söylədiyi tarixi fikirləri ilə sona çatdırılıb.
“El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən!
Anam, doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Biz Səməd Vurğunun ruhu qarşısında baş əyərək deyə bilərik: əziz şairimiz, sənin canın qədər sevdiyin Azərbaycan bu gün müstəqil dövlətdir. Sənin canın qədər sevdiyin xalqın bu gün azaddır. Bu gün mən bir daha bəyan edirəm ki, biz Səməd Vurğunun ruhunu gələcəkdə də şad edəcəyik. Müstəqil Azərbaycan yaşayacaq. Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz olacaqdır. Xalqımız daim sərbəst, öz taleyinin sahibi olacaqdır.
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Səməd Vurğun yaradıcılığı!
Səməd Vurğuna eşq olsun!”