Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib

01 avqust 2023 | 18:55

Avqustun 1-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan dili" adlı tədbir keçirilib.

Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov, tənqidçi, ədəbiyyatşünas, professor Rüstəm Kamal, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun direktor müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media üzrə ekspert Natəvan Dəmirçioğlu, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, ziyalılar, təhsil, mədəniyyət, səhiyyə işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əməkdaşları, AYB-nin üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda olub, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəzi ziyarət edərək həyat və fəaliyyəti ilə yaxından tanış olublar.

Ədəbiyyat Muzeyində davam edən tədbirdə müasir müstəqil Azərbaycan Respublikasında dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirləri özündə əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal giriş sözü ilə çıxış edərək iştirakçıları və qonaqları salamlayıb, “Heydər Əliyev İli” çərçivəsində 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan dili" adlı tədbirin əhəmiyyətindən söz açıb. 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün Ulu Öndərin 100 illiyinə həsr olunmuş bir ildə keçirilməsinin böyük əhəmiyyət daşıdığını, tədbirə daha bir rəng qatdığını söyləyib. “Dilimiz millətimizin milli sərvətidir”, - deyən B.Vüsal Ulu Öndərin ana dilimiz haqqında səsləndirdiyi fikirləri çatdıraraq həmin sözlərin hər kəs üçün örnək olduğunu söyləyib. Ulu Öndərin söylədiyi “Milli dəyəri olmayan xalq xalq, millət millət deyil. Azərbaycan milli dəyəri, milli dili olan dövlətdir” fikirlərinin milli dəyərlərimizə verilən qiymətin bariz nümunəsi kimi qiymətləndirib. B.Vüsal qeyd edib ki, bu gün hər kəs fəxr edir ki, bu bayramı bizə Ulu Öndər bəxş edib. B.Vüsal bildirib ki, “Ulu Öndər həm Azərbaycan dilini sevirdi, həm də sevdirirdi. Bu dil dahi şəxsiyyətin sevdirdiyi bir dildir. Bu dil Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir söyləmək üçündür. Bu dil Müzəffər Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” söyləməsi üçündür. Əziz Şuşa sən azadsan deməsi üçündür”. Şair milli-mənəvi dəyərlərimizə, dilimizə olan qiymətin Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də olduğu kimi davam etdirildiyini qeyd edib. Ölkə başçısının söylədiyi “Azərbaycan milli dəyərlər üzərində qurulmuş dövlətdir. Biz milli dövlətimiz üçün dilimizə, dinimizə, tariximizə, ədəbiyyatımıza, adət-ənənələrimizə borcluyuq” fikirlərinin hər birimizə örnək olduğunu qeyd edib. B.Vüsal milli dövlətimizi, milli dəyərlərimizi yaşatdığı üçün Ulu Öndərə və ölkə Prezidentinə minnətdar olduğumuzu söyləyib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, qonaqları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı qeyd edib ki, ХХ əsrin son illəri Azərbaycan üçün taleyüklü sınaq məqamları ilə zəngin olmuşdur. İctimai-siyasi, iqtisadi və mənəvi sahələrdə əldə edilmiş nailiyyətlər, həlledici anlarda Vətənin və xalqın nicatı Heydər Əliyevin xalqla birliyi və uzaqgörən siyasəti ilə bilavasitə bağlıdır. Uzun illər ərzində ağır sınaqlarla dolu bir yol keçən Azərbaycan azadlıq uğrunda mübarizədə neçə-neçə oğlunu qurban vermişdir. Hakimiyyət davası və idarəçilikdə yaranmış xaos torpaqlarımızın mənfur erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə şərait yaradırdı. Azərbaycanı bu bəladan xilas etmək, iqtisadi böhranlardan qorumaq üçün qüdrətli bir əl, dərin zəka, güclü məntiqə malik bir şəxsiyyət lazım idi. Belə bir şəxsiyyət isə Heydər Əlirza oğlu Əliyev idi. Təbii ki, xalq yeganə çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görürdü. Rayon rəhbəri bildirib ki, Respublika Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalamışdır. Eyni zamanda, Prezidentin 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilmişdir. Həmin Sərəncamın icrası ilə əlaqədar təsdiqlənmiş Təqvim Planına uyğun olaraq bu gün "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilir. İcra başçısı vurğulayıb ki, 1993-cü ilin iyun ayının 15-də xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi Azərbaycana müstəqillik, suverenlik, dövlətçilik, milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin, mədəniyyətin yüksəlişi təmin edildi. Məhz bu prinsiplərin fövqündə milli ideologiyamızın əsası olan azərbaycançılıq formalaşdı. Ulu Öndər Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında qeyd etmişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Belə demək olar ki, Ulu Öndərin qurduğu və azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvünü vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, müdafiə edən qürur mənbəyimizdir. Bununla Azərbaycan dilinin əhəmiyyəti artmış, milli dövlətçilik düşüncəsi, təhsilin, mədəniyyətin, inkişafı baş vermişdir. Azərbaycançılıq ideologiyası istər sovetlər dövründə, istərsə də müstəqillik dövründə məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşmışdır. Heydər Əliyevin azərbaycançılıq ideologiyası sayəsində xalqımızın, o cümlədən soydaşlarımızın birlik və həmrəyliyinə nail olundu. Bu ideyanın əsas qayəsini Azərbaycan dilinə həqiqi dövlət dili statusunun qazandırılması, dilimizin qorunmasına və inkişafına yüksək diqqət göstərilməsi təşkil edirdi. Ulu Öndər ana dilini milli özünüdərk yolunda ən mühüm amillərdən biri kimi dəyərləndirir, bu istiqamətdə cəsarətli və uzaqgörən addımlar atırdı. “Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim məni həmişə bütün vəziyyətlərdən çıxarıb”, - deyən Heydər Əliyevin dilimizin inkişafı, qorunması, fəaliyyət dairəsinin genişlənməsi kimi tarixi missiyanın yerinə yetirilməsində  müstəsna rolunu hamı etiraf edir.

XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın hegemon dövlətlərinin və ən yüksək beynəlxalq cəmiyyətlərin, təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.

İcra başçısı bildirib ki, “Dil hər bir millətin mənəvi siması, onun milli varlığının timsalıdır” - deyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutmuşdur. Ümummilli Lider Heydər Əliyevin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib. Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu Öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Ulu Öndər hər zaman ana dilimizin qayğısına qalıb, Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməyib. Ana dilinə böyük məhəbbət, onun incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda möhkəm nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən biri idi.

Etiraf etmək lazımdır ki, “Heydər ƏIiyev və Azərbaycan dili!” bu iki ad XX əsrin 60-cı illərindən həmişə qoşa çəkilmişdir. Çünki Heydər ƏIiyev Azərbaycana rəhbər gəldiyi, 1969-cu ildən Azərbaycan dilini dövlət siyasətinə çevirmiş, bir an da olsa diqqətdən yayındırmamışdır. Bunun isbatı üçün tarixi bir faktı xatırlamaq kifayətdir. Respublikamızda baş verən məlum dəyişiklikdən sonra-Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinə müxtəlif münasibətlər özünü biruzə verdi. Hətta, Milli Məclis səviyyəsində “Azərbaycan dili” terminindən imtina etdilər. Azərbaycan dili “Türk dili” adlandırıldı. Orta məktəb dərslikləri “Türk dili” adı ilə nəşr olundu. Bu, xalq arasında narazılıqla qarşılandı. Ona görə də Heydər ƏIiyev xalqın tələbi ilə hakimiyyətə gələn kimi ölkəmizdə siyasi-iqtisadi vəziyyətin çətin və gərgin olmasına baxmayaraq, bu məsələni bir neçə ay alimlərin, yazıçıların, ziyalıların, dövlət xadimlərinin-geniş mənada xalqın müzakirəsinə verdi. 1995-ci il oktyabr ayının 31-də Azərbaycan Respublikası Elmlər Akademiyasında “Azərbaycan dilinin müzakirəsinə həsr olunmuş müşavirə”də 4 fikir - Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan türk dilidir (Azərbaycan türkcəsidir), Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir (Azərbaycan türkcəsidir), Azərbaycan Respublikasının dövlət dili türk dilidir fikirləri səsləndirildi.

Heydər ƏIiyev bu müzakirələrin hamısında yaxından iştirak etdi və özünün münasibətini, müşahidələrini çox yığcam şəkildə belə ümumiləşdirdi: “Ana dilinin adı müasir ictimai təfəkkür üçün tamamilə aydın olmalı, arxaik səciyyə daşımamalıdır, ölkənin, xalqın və dilin adında məntiqi bağlılıq olmalı, biri digərini təsdiq etməlidir, milli müstəqillik, milli mənlik qüruru zədələnməməlidir”. Heydər ƏIiyev yazıçılarla, mədəniyyət işçiləri, gənclərlə görüşlərində həmişə “Azərbaycan dili, onun saflığı və qorunmasını” ayrıca bir tezis kimi irəli sürmüş və dil mütəxəssislərinə özünün nəzəri göstərişlərini vermişdir. Görkəmli dövlət xadimi bu sahədəki fəaliyyətini iki istiqamətdə qurmuşdur: Azərbaycan dili ilə bağlı söylədiyi nəzəri mülahizə və göstərişlər,  Azərbaycan dilinin əməli olaraq tətbiqi ilə bağlı özünün nümunəvi nitqləri.

Heydər ƏIiyev bütün sahələrdə, o cümlədən ana dilimizin inkişafında, təbliğində özü örnək olmuşdur. Heydər ƏIiyevə qədər Azərbaycan dilini elmi əsaslarla, əyani təbliğ edən ikinci şəxs təsəvvür etmək çox çətindir. O, hər bir auditoriyanın dilini, səviyyəsini məharətlə müəyyənləşdirir, nitqini bu istiqamətdə qururdu. Hələ ruslaşdırma siyasətinin güclü olduğu zamanında, yəni 60-80-ci illərdə belə, Azərbaycan dilini qoruyub saxlamaq, inkişaf etdirmək onun həyat amalı olmuşdur.

Rayon rəhbəri qeyd edib ki, Heydər ƏIiyev Azərbaycan xalqının və onun dilinin mənşəyi, formalaşması, sabitləşməsi kimi məsələlərə çox ciddi yanaşırdı, bütün bunları elmi faktlarla əsaslandırırdı. Ulu Öndərin Azərbaycan dili ilə bağlı dilçilik görüşləri çoxcəhətli idi. Onun çıxışlarında dil siyasəti, dil quruculuğu, dil mədəniyyəti, yazı və əlifba, üslublar yerində əsaslandırılırdı. O, Azərbaycan dilinə xalqımızın əvəzsiz sərvəti, tarixi, mədəniyyəti, mədəni sərvəti kimi yanaşırdı. Bunu onun alimlərlə, yaradıcı ziyalılarla, diplomatlarla, tələbələrlə, xaricdə yaşayan həmvətənlərimizlə söhbətlərində hər zaman şahidi olmuşuq. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Ulu Öndər çıxışlarının birində demişdir: “Mənim xatirimdədir, 70-ci illərdə mən bir neçə dəfə çox narahatçılıqla göstərişlər verdim ki, rus dilli məktəblərdə Azərbaycan ədəbiyyatına çox yer verilsin. Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya bilməz, C.Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tarixi bilməyəcək, onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları olmayacaqdır”. Burada onun nitqində ardıcıllıqla səslənən sözlərə, adlara, tələblərə diqqət yetirməmək mümkün deyil: Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir, C.Məmmədquluzadə, “ana dilini bilməyən-oxuya bilməz”, “bilməyən olmayacaq” kimi qarşılanan ifadələr çox-çox mətləblərdən xəbər verir, səbəb nəticə bir-birini məntiqi cəhətdən tamamlayır.

Ulu Öndər Azərbaycan dilinə dəyər verərək bu barədə fəlsəfi fikirlər səsləndirmişdir. O, qeyd edirdi ki, “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsində qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”, “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir”, ”Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”, “Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir”, “Öz ana dilini bilməyən adamlar şikəst adamlardır”, “Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir”.

Bildiyimiz kimi, böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan klassik ədəbiyyatını da, müasirləri də böyük sevgilərlə oxuyurdu. Onun Azərbaycan dilinin ən böyük mühafizəkarı olması dilimizə vaqifliyin nəticəsi idi, dilimizə sevginin nəticəsi idi. Heydər Əliyev nitqinin zənginliyi, mükəmməlliyi bu gün bizim üçün bir örnək, onun ictimai-siyasi natiqlik sahəsindəki təcrübəsi, istedadı isə bir məktəbdir. Bu gün müstəqil Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, ana dilimizin saflığının qorunması, daha da inkişaf etdirilməsi istiqamətində də Ulu Öndərin siyasi kursu hərtərəfli şəkildə və yüksək səviyyədə davam etdirilir. Belə ki, Respublika Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır. İcra başçısı qeyd edib ki, biz inanırıq ki, yetişən gənc nəslin, ümumiyyətlə, Azərbaycan xalqının bacarıq və iradəsi ilə dilimiz daha da inkişaf edib zənginləşəcək, bütün dünyada beynəlxalq danışıq dilinə çevriləcəkdir.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. “Ana dili elə bir varlıqdır ki, onu qoruyub saxlamaq, inkişaf etdirmək, ona qayğı ilə yanaşmaq, sevmək lazımdır. Dil insanı insan edir, dilsiz insan insan deyil”, - deyən millət vəkili dilimizin əhəmiyyətindən söz açıb. Ulu Öndər Heydər Əliyevin dilimizin qorunması istiqamətində gördüyü işlərdən danışan millət vəkili ölkəmizin, xalqımızın çətin vaxtlarında ana dilimizi bizə qaytardığını, yenidən bəxş etdiyini qeyd edib. Millət vəkili dilimizi qoruyub saxlayan, inkişaf etdirən və bugünkü nəslə ərmağan edən Ulu Öndəri hər zaman böyük ehtiramla yad edəcəyimizi vurğulayıb. Bugünkü tədbirin də məhz bu amala xidmət etdiyini bildirib.

Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını rəhbəri olduğu təşkilatın üzvləri adından salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. A.Nəbiyev qeyd edib ki, “Dil hər bir xalq üçün təkcə ünsiyyət vasitəsi deyil, həm də dil həmin xalqın mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin simvoludur. Ana dilimiz bizim tarixi keçmişimiz, bu günümüz, gələcəyimiz və milli sərvətimizdir. Ana dili haqqında söz düşəndə, ilk öncə ağlımıza Ümummilli Lider Heydər Əliyevin dilimizin qorunması sahəsində gördüyü işlər, göstərdiyi misilsiz xidmətlər, imzaladığı Fərman və Sərəncamlar düşür. Ulu Öndər hakimiyyətdə olduğu hər iki dövrdə dilimizin inkişaf etdirilməsi, zənginləşdirilməsi, saflaşması istiqamətində xeyli işlər görmüşdür”.

"Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan dili" adlı tədbirdə iştirak etməkdən məmnunluq hissi duyduğunu qeyd edib. İ.Pirməmmədov Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, Azərbaycan dilinin intibah dövrünün başladığını vurğulayıb. Ulu Öndərin bu sahədə gördüyü işlərin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıb.

Tənqidçi, ədəbiyyatşünas, professor Rüstəm Kamal çıxış edərək iştirakçılara səmimi ürək sözlərini ifadə edib. R.Kamal bildirib ki, “Dil bir millətin təməl varlığıdır. Dil bir milləti birləşdirən, onu üfüqlərə apara bilən ən güclü vasitələrdən biridir. Azərbaycan əlifbasının böyük tarixi vardır. Azərbaycan əlifbası 4 dəfə dəyişsə belə, yenə də bu günümüzə gəlib çatdı. Əlifbaya keçidlə dövlətçiliyimizi bərpa etdik. Bu gün qürurla söyləyə bilirik ki, latın qarfikasına keçid Ulu Öndərin bu sahədə gördüyü işlərin ən önəmlisi oldu. Bundan sonra Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi saflaşması sahəsində çoxsaylı tədbirlər həyata keçirildi. Xoşbəxt xalqıq ki, dövlət dilinin qorunması ilə bağlı çoxsaylı işlər həyata keçirən Ulu Öndər Heydər Əliyev kimi dövlət rəhbərimiz olub”.

Bakı Dövlət Universitetinin Qazax filialının Azərbaycan dili və ədəbiyyat müəllimi Türkan Carçıyeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, dilimiz haqqında fikirlərini bölüşüb. T.Carçıyeva bildirib ki, “Tarix boyu dahi oğullar yetirən Azərbaycan dili elə dahi oğulların çiynində də ucaldı. XVI əsrin birinci yarısında Azərbaycan dilinin keşiyində Şah İsmayıl Xətai dayanırdısa, XX əsrin ikinci yarısında bu tarixi və şərəfli missiya Ulu Öndər Heydər Əliyevə qismət oldu. Uu Öndər hakimiyyətə gəldiyi ilk ildən Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmaq üçün böyük xidmətlər göstərdi. Gələcək gənclərimiz çalışmalıdırlar ki, Ulu Öndərin bizlərə ərmağan etdiyi doğma ana dilimizi qoruyub saxlasın, bir neçə xarici dil bilsə belə ana dilimizi olduğu kimi mükəmməl şəkildə bütün dünyada tanıtsın. Bu, bizim hər birimizin vətəndaşlıq borcu olmalıdır”.

Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin direktor əvəzi, AYB-nin üzvü Gülnar Osmanova çıxış edərək ana dilimizin dünəni, bu günü və gələcəyi haqqında fikirlərini bölüşüb. G.Osmanova bildirib ki, “Hər xalq öz ana dili ilə yaranır. Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Dil xalq, milləti səciyyələndirən amillərdən ən birincisidir. Nə xoş bizlərə ki, Ulu Öndər Azərbaycan dilini mükəmməl bilirdi və bizlərə də öz dilimizi sevməyi örnək qoydu. Harada olmağımızdan asılı olmayaraq öz dilimizi sevməyi, inkişaf etdirməyi tövsiyə edirdi. Bu gün fəxr edirəm ki, ana dilim dövlət statuslu dillər sırasındadır”.

Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Qazax-Tovuza Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd folklor klubunun müdiri Rüfət Axundlu “Ulu Öndər” şeirini təqdim edərək dahi şəxsiyyətə olan ehtiramını ifadə edib, Ulu Öndərin ana dilinin qorunması, zənginləşdirilməsi istiqamətində gördüyü işləri minnətdarlıqla qeyd edib.                                             

 

Keçidlər