Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Heydər Əliyev İli” çərçivəsində "Heydər Əliyev və Azərbaycan səhiyyəsi" mövzusunda tədbir keçirilib

24 yanvar 2023 | 19:00

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər keçirilir.

“Heydər Əliyev İli” çərçivəsində  yanvarın 24-də Qazax Rayon İcra Hakimiyyətinin və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə  "Heydər Əliyev və Azərbaycan səhiyyəsi" mövzusunda tədbir keçirilib. 

Qazax Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, səhiyyə işçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinə həsr olunmuş videoçarx izlənilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, Ulu Öndərin səhiyyə sahəsinə olan qayğısından söz açıb. G.Həsənova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. O, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər görmüş tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Azərbaycanın son 30 ildən artıq bir dövrü - xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində qazanılan uğurlar məhz onun adı ilə bağlıdır.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. S.Məmmədova qeyd edib ki, Ümummilli Lider hələ Azərbaycana rəhbərliyə gəlməmişdən xeyli əvvəl onun dəyərlər sistemində insanların səhhəti millətin sağlam gələcəyini şərtləndirən amil kimi əsas yerlərdən birini tuturdu. Səhiyyə məsələləri ilə bağlı söhbətlər, müzakirələr, qayğılar, düşüncələr Ulu Öndərin gündəlik həyatının bir parçasına çevrilmişdi. Ulu Öndər bütün sahələrdə olduğu kimi, Azərbaycanın səhiyyə sahəsini, onun ayrılmaz şaxələrindən olan tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxlayırdı. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Ölkə rəhbərinin və dövlətin qayğısı sayəsində 2020-ci ilin martında istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasının binası bunun bariz nümunəsidir.

Çıxış edənlərdən Kəmərli kənd Həkim Məntəqəsinin müdiri Lusiya Babayeva bildirib ki, Ulu Öndər Azərbaycanın bütün sahələrinin inkişafı ilə yanaşı, səhiyyənin də sivil ölkələr səviyyəsinə yüksəlməsinə çalışmış, bu istiqamətdə böyük nailiyyətlər əldə olunmuşdur. İnsanların fiziki və ruhi sağlamlığı ölkənin inkişafında həlledici rol oynayan amillərdən olduğundan ötən əsrin 60-cı illərininin sonu - 70-ci illərin əvvəllərində, Dahi Öndərin hakimiyyətə gəldiyi dövrdən səhiyyədə ciddi inkişaf dövrü başlandı. Ümummilli Lider səhiyyə quruculuğu ilə əlaqədar qarşıya qoyduğu tədbirlərə kompleks yanaşdı. Köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, eləcə də, əhalinin kütləvi surətdə dispanser qeydiyyatdan keçirilməsi və s. istiqamətdə tədbirlər həyata keçirildi. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir.

Həkim Cahanə  Xasməmmədova çıxışında qeyd edib ki, Azərbaycan səhiyyəsi, Azərbaycan tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 30 ildən çox bilavasitə Heydər Əliyevin himayəsində olub, Onun rəhbərliyi altında inkişaf edib, Onun sayəsində indiki yüksək səviyyəyə çatıb. Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra Azərbaycan səhiyyəsinin, həmçinin Azərbaycan tibb elmi və tibb təhsili sisteminin inkişafının yeni mərhələsi başlandı. Ümummilli Liderin müdrik dövlətçilik siyasəti sayəsində Azərbaycanda səhiyyə sistemi də xilas edildi. Heydər Əliyevin o vaxtlar ölkəmizdəki siyasi - iqtisadi vəziyyəti yaxşılaşdırmaq uğrunda yerinə yetirdiyi əvəzsiz xidmətlər tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu.

 

Keçidlər