Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı 2022-2023-cü tədris ilində MİQ-də iştirak edib daimiləşən, yerdəyişmə edən və yeni işə qəbul olan müəllimlərlə görüşüb

23 sentyabr 2022 | 18:00

Bu gün hər kəsə yaxşı məlumdur ki, son illər Qazaxda bütün sahələrlə yanaşı, təhsil sahəsi də özünün intibah dövrünü yaşayır. Rayonda bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər ildən-ilə artmaqda davam edir. Heç şübhəsiz ki, bu uğurların kökündə təhsil sahəsinə, həmin sahədə çalışan insanlara olan səmimi münasibət, verilən dəyər və göstərilən qayğı dayanır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən rayonda daim diqqət mərkəzində saxladığı sahələrdən biri də məhz təhsil sahəsidir. İstər müəllimlər, istərsə də şagirdlər rayon rəhbərliyi tərəfindən göstərilən qayğını elə ilk gündən hiss edirlər. Rayon rəhbərinin mütəmadi olaraq təhsildə fərqlənən müəllim və şagirdləri qəbul etməsi, məktəblərdə onlar üçün yaradılan şəraitlə tanış olması, qayğıları ilə yaxından maraqlanması bunun bariz nümunəsidir.

Sentyabrın 23-də rayon rəhbərinin Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə müsabiqədə bal toplayaraq təyinatla rayon məktəblərinə göndərilən müəllimlərlə görüş keçirməsi də təhsil sahəsinə və müəllimlərə olan qayğısının əyani sübutudur. Bu cür görüşlərin keçirilməsi isə artıq bir ənənə halını alıb.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra aparatının məsul işçiləri, Qazax Rayon Təhsil Sektorunun baş məsləhətçisi Əziz Məmmədov, Bakı, Gəncə şəhərlərindən, Daşkəsən, Tovuz, Ağstafa, eləcə də Qazax rayonundan olan müddətli müqavilə ilə işləyib daimiləşən, Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə müsabiqədə iştirak edib qəbul olan, eləcə də yerdəyişmə nəticəsində işə qəbul olan müəllimlər iştirak edib.  

Məlumat üçün qeyd edək ki, 2022-2023-cü tədris ilində MİQ-də iştirak edib daimiləşən 8 nəfər, yerdəyişmə edən 14 nəfər, yeni işə qəbul olan 27 nəfər, əlavə turda iştirak edən 20 nəfər olmaqla, ümumilikdə 69 nəfər müəllim işə qəbul olub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə müəllimləri, eləcə də bütün təhsil işçilərini təbrik edib. Qeyd edib ki, bu gün özümə borc bildim ki, sizləri dəvət edim və tanış olum, qayğılarınızla maraqlanım. Çətin və şərəfli işinizdə sizə uğurlar arzulayım. Çünki rəhbər təyin olunduğum ilk gündən təhsil sahəsinə və müəllimlərə xüsusi qayğı ilə yanaşmaq fəaliyyətimin əsasını təşkil edir.  

Dövlət başçısı tərəfindən təhsil sahəsinə göstərilən qayğıdan söz açan rayon rəhbəri Аzərbаycаn elminin, təhsilinin inkişafında Ulu Öndər Hеydər Əliyеvin misilsiz xidmətləri olduğunu bildirib. Ölkəyə rəhbərliyinin bütün dövrlərində Ümummilli Liderin bu sаhəyə daim diqqət və qаyğı ilə yanaşmasından söz açıb. Bu gün Heydər Əliyev siyasətinin layiqli davamçıları Respublika Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həmin qayğının davam etdirildiyini bildirib. Bu gün ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Qazax Müəllimlər Seminariyasının yenidən qurulmasını Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən növbəti qayğı kimi qeyd edib.

Ölkə başçısı İlham Əliyevin söylədiyi “Təhsil inkişaf etməlidir ki, dövlət də inkişaf etsin” kimi dəyərli fikrini müəllimlərin diqqətinə çatdıran rayon rəhbəri təhsil sahəsinin inkişaf etməsində müəllimlərin, xüsusilə də gənc müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Ona görə də “Mən müəllimdən yüksək ad tanımıram” söyləyən Ulu Öndərin “Təhsil millətin gələcəyidir” kəlamının fəaliyyətləri dövründə şüar olmasını qeyd edərək bütün müəllimlərin, xüsusilə də ibtidai sinif müəllimlərinin daim öz üzərilərində çalışmalarını, təcrübəli müəllimlərdən bəhrələnməyi tövsiyə edib. Azərbaycan təhsilinin, körpə balaların parlaq gələcəyi naminə qarşılarına qoyduqları məqsədə çatmalarını, nümunəvi müəllim kimi hər zaman xoş sədalarının gəlməsini arzulayıb.

Müəllimlər də öz növbələrində çıxış edərək onlara verdiyi dəyərə görə rayon rəhbərinə təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, bugünkü görüş bir daha onu göstərdi ki, dövlətimiz təhsil sahəsinə xüsusi qayğı ilə yanaşır. Biz müəllimlər bu gün sizin sayənizdə həmin qayğının şahidi olduq. Yeni tədris ilində bu görüş biz müəllimlər üçün ən böyük stimul oldu. Eyni zamanda da üzərimizə böyük məsuliyyət hissi qoyur. Biz də çalışacağıq ki, dövlətimizin bizə olan etimadını öz nailiyyətlərimizlə doğruldaq.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda müəllimləri yeni tədris ilinin başlanması münasibətilə bir daha təbrik edərək müstəqil Azərbaycanın çiçəklənməsi və təhsilin inkişafı naminə yeni-yeni nailiyyətlər arzulayıb.

Keçidlər