Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı 27 Sentyabr - Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib

25 sentyabr 2023 | 20:25

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Bu, o Vətən müharibəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı Qələbə ilə başa çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

Respublika Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamla xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü qeyd olunur.

Ölkə Prezidentinin imzaladığı Sərəncamda da qeyd edildiyi kimi: “Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir. Azərbaycan hər zaman mübariz oğullarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz bundan sonra da dərin ehtiramla anılacaq”.

27 Sentyabr - Anım Günü ilə bağlı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər həyata keçirilir. Həmin tədbirlərə ilk olaraq Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarlarının ziyarət olunması ilə start verilib.

Sentyabrın 25-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalaraq icra aparatının məsul şəxsləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayevlə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədovla, şəhidlərimizin ailə üzvləri ilə birlikdə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın məzarlarını ziyarət edib.

Rayon rəhbəri rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Yuxarı Salahlı, Daş Salahlı, Çaylı kəndlərində olaraq qəhrəman oğullarımızın məzarlarını ziyarət edib, şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb. İgid Vətən oğullarının ruhlarına dualar oxunub.

İcra başçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb.

"Anım Günü ərəfəsində özümə borc bildim ki, şəhidlərimizi ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini bildirib. İcra başçısı ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının hər birimiz üçün örnək və nümunə olduğunu qeyd edərək həmin qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Ölkə başçısının Anım Gününün respublika səviyyəsində qeyd olunması üçün imzaladığı müvafiq Sərəncamı şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi bildirib.

Vətən müharibəsi şəhidi əsgər Babək Həsənovun anası Gülarə Həsənova, əsgər Nicat Nəsibovun atası Səməd Nəsibov və başqaları Qazaxda şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələri adından minnətdarlıqlarını bildiriblər. Bugünkü ziyarəti övladlarının timsalında bütün şəhidlərimizə olan dərin ehtiramın bariz nümunəsi kimi dəyərləndiriblər.

Keçidlər