Qazaxda icra başçısı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhidlərin məzarlarını ziyarət edib
2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi, Vətən savaşı 44 gün sonra Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətdli ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifə yazıldı. 30 illik həsrətdən sonra düşmən tapdağı altında qalan ərazilərimiz bir–birinin ardınca azad edildi. Bu gün işğaldan azad edilən rayonlarda, kəndlərdə, strateji yüksəkliklərdə dalğalanan bayraqlarımızın hər biri qəhrəmanlıq salnaməmizə şəhidlərimizin qanı ilə yazılan zəfər müjdəsi, qalibiyyət simvoludur.
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə ucaldı.
Yuxarı Salahlı kəndindən gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndindən əsgər Nəsibov Aqşin Vasif oğlu antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər.
Qarabağ adlı haqq savaşında tarixi ədaləti bərpa edən, xalqımıza böyük Qələbə sevinci yaşadan Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə ömür boyu borclu və minnətdarıq.
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində, Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə yüksələn oğullarımızı da unutmayıb, şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb.
Dekabrın 27-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Vətən müharibəsində, lokal xarakterli antiterror tədbirlərində iştirak edən Qazax şəhərindən, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Hüseynbəyli və Canalı kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan icra başçısı həmin şanlı Zəfərdə payı olan qazaxlı oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib. Bu gün damarında azərbaycanlı qanı axan hər kəsin şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizin unudulmayacağını qeyd edib.
“Nəinki dövlət məmurunun, hər bir Azərbaycan vətəndaşının borcudur ki, şəhidlərimizin xatirəsini əziz tutsun, ailələrinə sahib çıxsın, qayğı göstərsin. Bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq özümə borc bildim ki, həmişə olduğu kimi, şəhidlərimizi bayram ərəfəsində yad edim”, - deyən icra başçısı dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidlərimizin ailəsinə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Şəhid Nicat Nəsibovun atası Səməd Nəsibov, şəhid Babək Həsənovun anası Gülarə Həsənova və başqaları şəhid ailəsi kimi hər zaman onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasını, daim qayğı göstərilməsini minnətdarlıq hissi ilə qarşılayıblar. Onlar üçün nə qədər çətin olsa da, bizləri, xalqımızı qalib ölkənin vətəndaşı edən oğulları ilə fəxr etdiklərini, qürur duyduqlarını vurğulayıblar.