Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı Azərbaycan Televiziyasının yaranmasının 67 illiyi münasibətilə AzTV-nin qərb bölgəsi üzrə əməkdaşlarını mükafatlandırıb

14 fevral 2023 | 16:04

“Diqqət-diqqət, göstərir Bakı” - 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur. Müasir dövrdə müxtəlif sahələrlə bağlı zəngin verilişlər epopeyası yaradan Azərbaycanın ilk televiziyası, keçmişindən üzü bəri misli bərabəri  olmayan  tarixi xidmətləri ilə 67 ildir ki, milli dəyərlərimizi nümayiş  etdirməkdədir.

Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də yayıma başlayıb. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin 2005-ci il 23 mart 213 saylı Fərmanı ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb.

Azərbaycan Televiziyası çox geniş auditoriyaya malikdir. Hazırda televiziyanın yayımladığı verilişlərə tamaşaçılar nəinki vətənimizin hər bir şəhər və kəndində, ən ucqar bölgədə, həmçinin dünyanın bir çox ölkələrində də baxa bilir.

Fevralın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ələmatdar gün münasibətilə AzTV-nin qərb bölgəsi üzrə əməkdaşlarını qəbul edib, səmimi təbriklərini çatdırıb. AzTV-nin qərb bölgəsi üzrə nümayəndəsi, xüsusi müxbiri Nəbiyev Alməmməd Hacı oğlunu Azərbaycan Televiziyasının yaradılmasının 67 illiyi və televiziya sahəsində göstərdiyi xidmətlərə görə Fəxri Fərmanla təltif edib. Operatov Elmar Qasımova səmimi ürək sözlərini bildirərək əlamətdar gün münasibətilə mükafatlandırıb.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Televiziyasının yaradılmasının 67 illiyi münasibatilə televiziyanın rəhbəri Rövşən Məmmədov başda olmaqla, bütün əməkdaşları təbrik edib, səmimi ürək sözlərini çatdırıb. 67 illik tarixi bir yol qət edən televiziyanın yaranma tarixindən, son dövrlər əldə etdiyi nailiyyətlərdən danışıb.  Dövlət televiziyası olaraq hər zaman dövlətimizə, xalqımıza, ölkə rəhbərinə sadiqlik nümayiş etdirən bir televiziya olduğunu qeyd edib. Respublikamızın hər yerindən olduğu kimi, mütəmadi olaraq Qazaxdan bəhs edən çəkilişlər, süjetlər, verilişlər yayımladığını vurğulayıb. AzTV-nin qərb bölgəsi üzrə nümayəndəsi, xüsusi müxbiri Alməmməd Nəbiyevin fəaliyyətindən söz açan icra başçısı onun əməyini yüksək qiymətləndirib.

AzTV-nin qərb bölgəsi üzrə nümayəndəsi, xüsusi müxbiri Alməmməd Nəbiyev çıxış edərək televiziyanın və əməkdaşlarının ünvanına söylənilən xoş sözlərə, təbriklərə görə rəhbərlik və öz adından minnətdarlığını bildirib. Əməyinə verilən yüksək qiymətə və təltifə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkür edib. Bugünkü təltifi özünün və onunla birlikdə çalışan əməkaşların timsalında televiziyaya verilən dəyər kimi qiymətləndirib. 67 illik tarixi yol qət edən dövlət televiziyasının əməkdaşı olduğu və 22 ildən artıq bir vaxtda bu televiziyada çalışdığı üçün fəxr etdiyini, bundan sonra da üzərinə düşən işin öhdəsindən layiqincə gəlmək üçün var qüvvəsi ilə çalışacağını qeyd edib.

Qeyd edək ki, Şərqdə ilk televiziyanın ölkəmizdə fəaliyyətə başlamasından ötən 67 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayımvericiləri istismara verilib.

1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.

Teleradionun uğurlu fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Televiziyasını xalqın milli sərvəti adlandıran Ulu Öndər onun cəmiyyət həyatında, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, milli-mənəvi dəyərlərin təbliğindəki rolunu yüksək qiymətləndirir, siyasətin bu tribunadan xalqa çatdırılmasına böyük əhəmiyyət verirdi. Azərbaycan Teleradiosu bu gün də xalqın əsl tribunasıdır. O, ölkə vətəndaşlarına Azərbaycan həqiqətlərini təqdim edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğu prosesi, davamlı və ardıcıl olaraq həyata keçirilən uğurlu islahatlar, ölkənin dinamik inkişafı, qazanılan nailiyyətlər bu kanalın gündəlik fəaliyyətində öz əksini tapır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin operativ işıqlandırılması, dövlətimizin rəsmi mövqeyinin həm ölkə daxilində, həm dünyada tam dəqiqliklə yayımlanması Azərbaycan Teleradiosunun müstəsna xidmətidir. Artıq onun hədəfi təkcə Azərbaycan tamaşaçısı, dünya azərbaycanlıları deyil, dünya ölkələri, dünya tamaşaçısıdır.

Televiziyanın efirində ərsəyə gələn hər bir verilişdə, hər bir videosüjetdə böyük yaradıcı kollektivin əməyi var. Hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da kifayət qədərdir.

Peşəkarların yetişməsi üçün isə Azərbaycan Teleradiosunun imkanları genişdir: studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza, ən müasir texniki imkanlara malik avadanlıqla təchiz olunan montaj otaqları. Ölkə başçısının birbaşa diqqəti və qayğısı ilə həyata keçirilən islahatların məqsədi isə Azərbaycan Teleradiosunun nüfuzunu daha da artırmaq, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməkdir.

Azərbaycan Televiziyasındakı dəyişikliklər, həm də verilişlərin məzmun və formatında özünü büruzə verir, yaradıcılıq imkanlarını artırır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin istər ölkə daxilində, istərsə də xaricdə operativ şəkildə işıqlandırılmasında televiziyamızın müstəsna xidmətləri var.

2009-cu il fevralın 1-dən efirə çıxan “İdman Azərbaycan” kanalı isə idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan telekanalın fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin təsdiqinə çevrilib.

2011-ci ildə isə Azərbaycan Televiziyasının nəzdində ziyalıların və sənətçilərin çoxdankı arzusu olan “Mədəniyyət” kanalı ilk dəfə tamaşaçıların görüşünə gəlib. İndi “Mədəniyyət” kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır.

Bu gün Azərbaycan Teleradiosunun nəzdində, həmçinin ölkənin ən nüfuzlu musiqi kollektivləri fəaliyyət göstərir. Azərbaycan Radiosunun da maddi-texniki bazası modernləşdirilib, radio verilişlərinin ideya-bədii məzmunu keyfiyyətcə yenilənib.

Son illər Teleradionun həyatında baş verənlər də dövlətin bu sahəyə qayğısının nəticəsidir. İndi bu sərvət müasirliyi özündə ehtiva edən, 3 peyklə dünyaya yayımlanaraq yüksək “əyarlı” peşəkar telekanala çevrilərək, ən son texniki standartlara tam uyğunlaşıb.

Keçidlər