Qazaxda icra başçısı baş gizir Azər Məmmədovun doğum günündə məzarını və ailəsini ziyarət edib
2022-ci il sentyabrın 12-dәn 13-nə keçən gecə Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla, xeyli sayda hərbi qulluqçumuz şəhid oldu.
Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Qazaxın igid oğulları da döyüş meydanında qəhrəmancasına vuruşaraq adlarını hərb tariximizə qızıl hərflərlə yazdırdılar. Qazax rayonunun Kəmərli kəndinin igid oğulları baş leytenant Kazımov Yunis Qasım oğlu, baş gizir Məmmədov Azər Mustafa oğlu, Daş Salahlı kəndinin igid oğlu gizir Kərimov Azad Zakir oğlu da Şəhidlik zirvəsinə ucaldılar.
44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Müzəffər Ali Baş Komandanın müvafiq Sərəncamları ilə “Zəngilanın azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmiş Azər Məmmədovun bu gün – martın 4-də cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 33 yaşı tamam olacaqdı...
Martın 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri və Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyevlə birlikdə Kəmərli kəndində olub, şəhidimizin doğum günündə məzarını və ailəsini ziyarət edərək əziz xatirəsini dərin ehtiramla anıb. Qəhrəman şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir dilənib.
“Özümə borc bildim ki, qəhrəman şəhidimizin doğum günündə onun məzarını və ailəsini yad edim”, - deyən icra başçısı Qazaxda şəhidlərimizin hər zaman ehtiramla anılacağını, şəhid ailələrinə və qazilərə olan qayğının bundan sonra da davam etdiriləcəyni söyləyib.
Qeyd olunub ki, şanlı Azərbaycan Ordusu tərəfindən Vətən uğrunda canından keçən şəhidlərimizin, eləcə də Azər kimi qəhrəmanımızın qisası alındı, igid Vətən oğullarının qanları yerdə qalmadı. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında qürur dolu anlar bəxş edən oğullarımız, eləcə də düşmən təxribatının qarşısını alan Azər kimi qəhrəmanlarımız heç vaxt unudulmayacaq. Azər Məmmədov kimi oğullarımız hər zaman xalqımızın qürur və fəxr yeri olacaq. Azər Məmmədov 44 günlük Vətən müharibəsində olduğu kimi, 2022-ci ilin 12-13 senytabrında düşmən təxribatının qarşısını alarkən də əsl qəhrəmanlıq nümayiş etdirdi, şücaəti ilə adını tarixə yazdı. Bu igidlik, qəhrəmanlıq yetişməkdə olan gələcək nəsillərə bir örnək və məktəbdir.
Baş gizir Məmmədov Azər Mustafa oğlu 4 mart 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə Qazax rayon Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbində təhsil almışdır. Orta təhsillidir. 2011-ci ilin aprel ayından 2012-ci ilin oktyabr ayına qədər Lənkəran rayonunda Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə olmuşdur. 2019-cu ilin oktyabr ayından Xaçmaz rayonunda Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində snayper bölməsində 2B qrupunda xidmətə başlamışdır. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Mərdəkan qəsəbəsində Çevik Hərəkat Dəstəsində xidmətini baş gizir olaraq davam etdirib. 30.07.2022-ci il tarixdə ailə həyatı qurub.
12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Qubadlı-Zəngilan istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur.
44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Respublika Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Zəngilanın azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları, 5.11.2022-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Kəmərli kəndində adını əbədiləşdirən bulaq inşa olunub.







