Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı bir qrup idarə müdirini Fəxri Fərmanla təltif edib

29 dekabr 2023 | 23:42

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğı bir daha onu söyləməyə əsas verir ki, ölkəmizdə bütün sahələrdə vətəndaş amilinə, vətəndaş məmnunluğuna üstünlük verilir. Prezident İlham Əliyevin səsləndirdiyi “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır” dəyərli sözləri Qazax rayonunda da örnək götürülür.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna nümunədir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər.

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, eləcə də rayon rəhbərliyinin şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısını əldə rəhəbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri bu qayğını öz əməli işlərində göstərirlər.

Dekabrın 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Qazax Suvarma Sistemləri İdarəsinin rəisi Vəkilov Məhəd Moşu oğlunu, Qazax Elektrik Şəbəkəsinin rəisi Mənsimov Namaz Əli oğlunu, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Hüseynov Alı Cəlal oğlunu Fəxri Fərmanla təltif edib, çətin və məsuliyyətli işlərində onlara uğurlar arzulayıb.

“Hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşı qəbul edib onun müraciətini dinləmək, onlara layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir”, - deyən rayon rəhbəri dövlət başçısının vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı gördüyü işlərin hər bir dövlət məmuruna nümunə olduğunu bildirib. İcra başçısı idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, məcburi köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə qarşı bundan sonra da hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib.

Fəxri Fərmanla təltif olunan idarə müdirləri onların əməyinə verilən qiymətə və ünvanlarına səslənən xoş sözlərə görə rəhbərlik etdikləri kollektiv adından rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bu təltifin üzərilərinə böyük məsuliyyət qoyduğunu qeyd edərək hər zaman olduğu kimi, bundan sonra da müstəqil Azərbaycanımızın, doğma Qazaxımızın inkişafı naminə rəhbərlik etdikləri kollektivlə birlikdə böyük səylə çalışacaqlarını, əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər. Vətəndaşlara, o cümlədən şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşacaqlarını, diqqət ayıracaqlarını, qayğı göstərəcəklərini qeyd ediblər.

Keçidlər