Qazaxda icra başçısı builki buraxılış imtahanında rayon üzrə ən yüksək bal toplayan məktəbli ilə görüşüb
03.03.2024-cü il və 10.03.2024-cü il tarixlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü tədris ilində respublikada, o cümlədən Qazax rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 11-ci sinifini bitirən şagirdlər üçün buraxılış imtahanları keçirilmişdir.
03.03.2024-cü il tarixdə keçirilən imtahanda respublika üzrə 14 nəfər (1 oğlan, 13 qız) maksimum 300 balı toplamışdır. Onlardan 6 nəfər Bakı şəhəri, 1 nəfər Abşeron rayonu, 1 nəfər Gəncə şəhəri, 3 nəfər Şəki şəhəri, 3 nəfər Qəbələ rayonunun məktəbliləri olmuşdur.
10.03.2024-cü il tarixdə keçirilən imtahanda isə respublika üzrə 39 nəfər (11 oğlan 28 qız) maksimum 300 balı toplamışdır. Onlardan 14 nəfər Bakı şəhəri, 6 nəfər Sumqayıt şəhəri, 3 nəfər Gəncə şəhəri, 4 nəfər Naxçıvan, 2 nəfər Masallı rayonu, 2 nəfər Qax rayonu, 1 nəfər Qazax rayonu, 1 nəfər Ağstafa rayonu, 1 nəfər Tovuz rayonu, 1 nəfər Saatlı rayonu, 1 nəfər Kəlbəcər rayonu, 1 nəfər Quba rayonu, 1 nəfər Füzuli rayonu, 1 nəfər Biləsuvar rayonu məktəbliləri olmuşdur.
Ümumilikdə, hər iki tarixdə keçirilən imtahanlarda 53 nəfər (12 oğlan 41 qız) maksimum nəticəni əldə etmişdir.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan 5 rayonun (Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy) məktəbliləri arasında 3 nəfər - Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 11-ci sinif şagirdi Yusifova Səbinə Vüqar qızı, Ağstafa rayonu Alı Mustafayev adına Həsənsu kənd tam orta məktəbin 11-ci sinif şagirdi İsgəndərli Həcər Emil qızı və Tovuz şəhəri M.Ələkbərov adına tam orta məktəbin 11-ci sinif şagirdi Məhərrəmzadə İlahə Rəşad qızı yüksək nəticə göstərmişlər.
Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 11-ci sinif şagirdi Yusifova Səbinə Vüqar qızı da öz adını yüksək nəticə göstərən gənclərin sırasına yazdırıb. 300 bal toplayaraq qazandığı nailiyyətlə yaşadığı rayonun, doğulub boya-başa çatdığı kəndin, oxuduğu məktəbin adını yüksəklərə ucaldıb. Səbinə Yusifova 21 iyul 2007-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olub. 2013-cü ildə Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 1-ci sinifinə daxil olub. Hazırda həmin məktəbin 11-ci sinifində oxuyur. 10 mart 2024-cü il tarixdə keçirilən buraxılış imtahanında 300 bal toplayıb.
Onu da vurğulayaq ki, Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 11-ci sinifində hazırda 16 nəfər təhsil alır. Şagirdlərin hər biri buraxılış imtahanlarında iştirak ediblər. 1 nəfər 300 bal, 2 nəfər 200-300 bal arası (Abbasova Nuray Rauf qızı 269 bal, Abbasova Günay Əsgər qızı 238 bal), 3 nəfər 100-200 bal arası, 10 nəfər isə 0-100 bal arası nəticə göstəriblər.
Hər kəsə o da yaxşı məlumdur ki, Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də qayğı göstərilir. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən təhsil sahəsinə xüsusi diqqət ayırması, müəllimlərə, şagirdlərə, xüsusi istedadı ilə fərqlənən, yüksək nəticə əldə edən gənclərə hər zaman qayğı ilə yanaşması bu dediklərimizin əyani sübutudur.
Rayon rəhbərinin aprelin 17-də Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 11-ci sinif şagirdi Yusifova Səbinə Vüqar qızını qəbul etməsi, əldə etdiyi nəticə ilə oxuduğu məktəbin və rayonun adını ucaltmasına görə ona təşəkkür etməsi də bu qayğının bariz nümunəsidir. Gələcəyin tələbəsi olan gəncimizlə keçirilən görüş onun timsalında gələcəyimiz olan gənclərə göstərilən növbəti qayğıdır.
“Özümə borc bildim ki, qazandığın uğura görə həm təbrik edim, həm də təşəkkürümü çatdırım. Əldə etdiyin uğur hər bir qazaxlı gəncə örnəkdir. Əldə etdiyin nailiyyət rayonun, oxuduğun məktəbin, məktəb yoldaşlarının uğurudur”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dövlətinə, xalqına layiqli şəkildə yetişən gənclərimizlə qürur duyduğunu bildirib. Rayon rəhbəri məktəblinin uğur qazanmasında əməyi keçən valideynlərinə, müəllimlərinə, əziyyəti keçən insanlara razılığını ifadə edib. Qarşıda onu gözləyən növbəti imtahanda da yüksək nəticə göstərərək arzusuna çatmasını, tələbə adını qazanmasını arzulayıb.
Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 11-ci sinif şagirdi, buraxılış imtahanında 300 bal toplayan Səbinə Yusifova da ürək sözlərini bölüşüb. Əldə etdiyi nailiyyətə görə müəllimlərinə, əziyyəti keçən valideynlərinə, xüsusilə də babasına təşəkkür edib. “Qazandığım bu uğurun təməlində babamın böyük əməyi var. Oxuduğum dərslərimin ilk dinləyicisi babam olub. Məktəbdə müəllimlərimdən öyrəndiklərimi, biliklərimi, dərslərimi ilk babamla bölüşmüşəm. Hər zaman mənə doğru yol göstərib, diqqət ayırıb, dərslərimlə maraqlanıb. Bu gün bu nailiyyətimdə onun da payı var”, - deyən S.Yusifova qarşıda da yüksək nəticə göstərərək ona olan ümidləri doğruldacağını, müəllimlərinin əməyini boşa çıxarmayacağını söyləyib. Ən yüksək balla hüquq fakültəsinə qəbul olaraq ən böyük arzusunu reallaşdıracağını, haqq və ədalətin keşiyində dayanan bir vətəndaş olaraq uğurlara imza atacağını bildirib.
Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin direktoru Gültəkin Orucova, məktəblinin sinfin rəhbəri Arzu Salmanova, məktəbin müəllimi Gülnar Osmanova çıxış edərək ürək sözlərini, sevinclərini bölüşüblər. Çıxış edənlər təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bu gün məktəblilərin onlara olan etimadı, diqqət və qayğını yüksək nəticə göstərərək əməli işləri ilə doğrultduqlarını söyləyiblər. Bugünkü görüşü Səbinənin timsalında uğur qazanan məktəblilərə olan qayğının bariz nümunəsi kimi dəyərləndiriblər.
Məktəblinin atası Vüqar Yusifov qızının timsalında gələcəyimiz olan gənclərə göstərdiyi diqqət və qayğıya, övladının uğuruna sevindiyinə, sevinclərinə yaxından şərik olduğuna görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladı ilə olan bugünkü görüşü uğur qazanan bütün məktəblilərə göstərilən qayğı, ayrılan diqqət kimi qiymətləndirib.
Sonda məktəbliyə bir daha təşəkkürünü çatdıran rayon rəhbəri ona gələcək həyatında böyük müvəffəqiyyətlər qazanmasını diləyib. Səmimi söhbət əsasında keçən görüşdə məktəbli ilə xatirə şəkli çəkdirilib.