Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı hərbi xidmətə yola düşən gənclərlə görüşüb və onlara uğurlar arzulayıb

25 iyul 2023 | 23:30

“Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Respublika Prezidentinin 20 may 2023-cü il tarixli Sərəncamına müvafiq olaraq qazaxlı gənclər yüksək əhval-ruhiyyə ilə müddətli həqiqi hərbi xidmətə yola salınırlar.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsindən 55 nəfər çağırışçı Vətənə olan borcunu qaytarmaq üçün hərbi hissələrə yola düşürlər.

İyulun 25-də daha 16 nəfər gənc yola salınıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri ilə birlikdə hərbi xidmətə yola düşən gənclərlə görüşüb və onlara uğurlar arzulayıb. İcra başçısı çıxış edərək hərbi xidmətə yola salınan gəncləri salamlayıb, onlara gələcək xidmətlərində uğurlar arzulayaraq valideynlərini təbrik edib, səmimi ürək sözlərini bölüşüb.

“Bu gün özümə borc bildim ki, siz gəncləri özüm hərbi xidmətə yola salım. Siz xoşbəxt gənclər, əsgərlərsiniz ki, müstəqil dövlətimiz üçün xidmət göstərəcək, xidməti vəzifə borcunuzu yerinə yetirəcəksiniz. Sizin İlham Əliyev kimi Müzəffər Ali Baş Komandanınız var. O Ali Baş Komandan ki, çıxışları zamanı dəfələrlə sizin kimi gənclərlə, əsgərlərlə fəxr etdiyini, qürur duyduğunu söyləyir”, - deyən rayon rəhbəri gənclərə layiqincə xidmət etmələrini tövsiyə edib. İcra başçısı qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək hər bir çağırışçı üçün ən müqəddəs borcdur. Xalq-ordu birliyi imkan verir ki, bu gün hərbi xidmətə yola düşən gənc çağırışçılar Vətənimizə ləyaqətlə xidmət edərək müstəqilliyimizin qorunmasına və möhkəmlənməsinə öz töhfələrini versinlər. Rayon rəhbəri ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərin ordumuzun hərtərəfli inkişafına və güclənməsinə səbəb olduğunu bildirib. Əsası Ulu Öndər Heydər Əliyevin qoyduğu ordu quruculuğu siyasətinin bu gün onun layiqli davamçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

Daha sonra gənc çağırışçılar üçrəngli Azərbaycan Bayrağını öpərək hərbi xidmətə yola salınıblar. Rayon rəhbəri gənclərimizlə görüşərək onlarla xatirə şəkli çəkdirib.

Keçidlər