Qazaxda icra başçısı həyətlərinə yeni asfalt örtüyünün vurulması nəzərdə tutulan binalara baxış keçirib
Son illər Prezident İlham Əliyevin qayğısı, ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində paytaxt Bakı ilə yanaşı, respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Son bir neçə ildə Qazaxda aparılan abadlıq işləri bunun bariz nümunəsidir. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin əyani sübutudur.
Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Rayonda nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təqdirəlayiq işlər görülür. Şəhərin Nəsrəddin Tusi, şəhid Yunis Kazımov (Bakı küçəsindən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə kimi), Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə yeni asfalt örtüyünün döşənməsi, şəhərin Nəriman Nərimanov yaşayış massivində aparılan abadlıq işləri, Qazax şəhəri Azadlıq küçəsində yerləşən 206A saylı binanın fasadında təmir işlərinin aparılması, hazırda Əliağa Şıxlinski küçəsində asfalt döşənməsindən əvvəl yol kənarında yerləşən obyekt və hasarlarda abadlıq işlərinin aparılması söylədiklərimizin bariz nümunəsidir.
Təqdirəlayiq haldır ki, şəhərin küçələri ilə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Qazax Mənzil İstismar Sahəsinin balansında olan şəhərin Heydər Əliyev prospekti 127 və 158, Vidadi küçəsi 14 ünvanında yerləşən ikimərtəbəli yaşayış binalarının həyətlərinə də yeni asfalt örtüyünün vurulması nəzərdə tutulub.
Martın 12-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə sözügedən binalarda olub, görülməsi nəzərdə tutulan işlərlə yerində maraqlanıb.