Qazaxda icra başçısı işğaldan azad olunmuş Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərindən müraciət etmiş bir qrup vətəndaşı istəklərinə əsasən qəbul edib
Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən, məqsədyönlü və düşünülmüş siyasəti sayəsində Azərbaycan dövləti möhtəşəm qələbələr qazanmaqda davam edir. Müdrik liderin möhkəm iradəsi, dəmir yumuruğu sayəsində 2024-cü il də xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Ölkə Prezidenti İlham Əliyevin səsləndirdiyi kimi, “2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib”.
Bəli, Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması dövlətimizin daha bir qələbəsi oldu ki, bu qələbəni bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev, Vətən yolunda şirin canlarından keçən şəhidlərimiz, sağlamlıqlarını itirmiş qazilərimiz bəxş etdilər.
Fevralın 10-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov işğaldan azad olunmuş Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərindən müraciət etmiş bir qrup sakini istəklərinə əsasən fərdi qəbul edib, onların müraciətini dinləyib.
İcra başçısı Rəcəb Babaşov uzun illər Vətən həsrəti çəkən sakinləri doğma kəndlərinin qaytarılması münasibətilə bir daha təbrik edib, xoş arzularını bölüşüb. “"Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandan 2024-cü ildə xalqımıza, qazaxlılara daha bir qələbə sevincini yaşatdı”, - deyə qeyd edən icra başçısı 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixlərinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu bildirib. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunmasını, mayın 15-də müvafiq protokolun imzalanmasını, mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsini dövlətimizin, Müzəffər Ali Baş Komandanın növbəti uğuru, zəfəri kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin doğma yurdlarına qayıdacaqlarını söyləyib.
Rayon rəhbəri işğaldan azad olunmuş sözügedən kəndlərdə mina təmizləmə işləri ilə yanaşı, aparılacaq tikinti işlərinin hazırlıq mərhələsini də müzakirə edib. Kənd sakinləri ilə səmimi söhbət edən icra başçısı kəndlərlə bağlı fikir mübadiləsi aparıb.
Kənd sakinləri çıxış edərək hər zaman Müzəffər Ali Baş Komandana inandıqlarını, Onun müdrik siyasəti, qətiyyətli mövqeyi sayəsində işğal altında olan bütün torpaqlarımızın, o cümlədən Qazaxın kəndlərinin qaytarılacağına hər zaman əmin olduqlarını söyləyiblər. Məhz 19 aprel, 15 və 24 may tarixlərinin onları yanıltmadığını, bu əminliklərinin gerçək olduğunu qeyd ediblər. Doğma yurda qovuşmağın sevincini yaşayan sakinlər bu xoşbəxtiyi onlara bəxş edən Müzəffər Ali Baş Komandana qazaxlılar, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlər adından bir daha dərin minnətdarlıqlarını bildiriblər.a







