Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı kəndlərdə ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb

20 may 2024 | 20:43

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində məqsədyönlü işlər görülür. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı da bu sahənin inkişafında mühüm rol oynayır. Sözügedən Sərəncamdan irəli gələn vəzifələrin icrası sayəsində ənənəvi və ixracyönümlü sahələrdən olan baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində əməli işlər görülür, ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.

Bu il artıq doqquzuncu ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 2400 kq yaş baramanın istehsalı nəzərdə tutulub. Rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Qazaxbəyli, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülərə 60 qutu ipəkqurdu toxumu təhvil verilib.

Mayın 20-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilovla birlikdə rayonda ipəkqurdu toxumu paylanılmış Alpout, Dəmirçilər, Daş Salahlı, Çaylı, Kosalar və Hüseynbəyli kəndlərində olub, ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, artıq baramaçılıqda məhsul mövsümü yaxınlaşır. Belə ki, əksər kəndlərdə ipəkqurdları dördüncü yuxunu başa vuraraq beşinci yaşa qədəm qoyub. Bir neçə gündən sonra ipəkqurdları barama sarımağa başlayacaqlar. Bir müddət sonra hər bir kümçü öz zəhmətinin bəhrəsini görəcək. Beşinci yaşda bəsləmə tədbirləri barədə danışan kümçülər qeyd ediblər ki, ipəkqurdu üçün sonuncu yaşda ən vacib məsələ yemin normativlər əsasında verilməsi, yer sıxlığının azaldılması, havalandırmanın düzgün qurulmasıdır. Yarpaqlar qurudularaq verilməlidir, əks təqdirdə, kümxanada xəstəlik yarana bilər. Kümçülər ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən tələb olunan bütün hazırlıq işlərinin görüldüyünü, otaqların lazımi istiliklə təmin edildiyini, yem bazasının təmin olunduğunu vurğulayıblar. Kəndlərdə barama yetişdirən kümçülər cari ildə də mütəxəssislərin məsləhətlərindən yararlanaraq daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər.

"İpəkqurdunun bəslənilməsi məsuliyyət tələb edir, əziyyət çəksək də qısa müddətdə çəkdiyimiz zəhmətin bəhrəsini görəcəyik”, - deyən kümçülər qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışdıqlarını qeyd ediblər.

Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib.

Keçidlər