Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı müqəddəs Ramazan və milli bayramımız olan Novruz bayramları ərəfəsində şəhidlərin məzarlarını ziyarət edib

11 mart 2025 | 21:54

Bu gün də qürurla deyə bilirik ki, 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi cəmi 44 gün davam etdi və son 200 ildə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan şanlı Zəfər salnaməsinə çevrildi. Bu tarixi Qələbə isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq şəklində birləşməsi sayəsində mümkün oldu. Şəhidlərimizin qanı, canı bahasına əldə etdiyimiz bu Zəfər, tarixi Qələbə bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu bir daha nümayiş etdirdi. 44 günlük müharibədə döyüş meydanında misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi Vətən yolunda canlarını fəda edən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin ailələrini daim diqqət mərkəzində saxlayır. Hər il olduğu kimi, bu il də müqəddəs Ramazan ayının başlanması və milli bayramımız olan Novruz bayramı ərəfəsində Şəhidlik zirvəsinə yüksələn oğullarımız unudulmayıb, şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədovla birlikdə rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı kəndlərində olub, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi, Aprel döyüşləri, antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış şəhidlərin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub. 

Rayon rəhbəri Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin yaddaşlara əbədi həkk olunduğunu, şanlı Zəfərin heç zaman unudulmayacağı, bütün şəhidlərimizin, qazandığımız şanlı Zəfərdə payı olan qazaxlı oğullarımızın daim qəlblərdə yaşayacaqlarını bildirib. Bu gün damarında azərbaycanlı qanı axan hər kəsin şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizin daim ehtiramla anılacağını qeyd edib. 

Vətən müharibəsi şəhidi kapitan Rövşən Pənahovun atası Mahmud Pənahov, əsgər Nicat Nəsibovun atası Səməd Nəsibov, Aprel şəhidi baş leytenant Elvin Namazovun atası Məmməd Namazov və başqaları hər zaman onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasını, daim qayğı göstərilməsini minnətdarlıq hissi ilə qarşılayıblar. Onlar üçün nə qədər çətin olsa da, bizləri, xalqımızı qalib ölkənin vətəndaşı edən oğulları ilə fəxr etdiklərini, qürur duyduqlarını vurğulayıblar.

Keçidlər