Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı müqəddəs Ramazan və milli bayramımız olan Novruz bayramları ərəfəsində şəhidlərin xatirəsini ehtiramla anıb

12 mart 2025 | 13:56

Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olunan 2020-ci il illər keçsə də hər zaman tarixi Qələbənin, şanlı Zəfərin yazıldığı bir il kimi qürurla xatırlanacaq. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 27 sentyabrda başlayan Vətən müharibəsində rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə xatırlayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz qələbə gələcək nəsillərə ərməğan kimi ötürüləcək. Ən önəmlisi də odur ki, 44 günlük müharibədə döyüş meydanında misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu borclu və minnətdarıq.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi Vətən yolunda canlarını fəda edən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin ailələrini daim diqqət mərkəzində saxlayır. Hər il olduğu kimi, bu il də müqəddəs Ramazan ayının başlanması və milli bayramımız olan Novruz bayramı ərəfəsində Şəhidlik zirvəsinə yüksələn oğullarımız unudulmayıb, şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədovla birlikdə rayonun Qaymaqlı, Aslanbəyli, Cəfərli və Xanlıqlar kəndlərində olub, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində, Aprel döyüşlərində Şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub. 

İcra başçısı Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca bütün şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb. Rayon rəhbəri qeyd edib ki, ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimiz üçün nümunə olmalıdır. "Bu gün özümə borc bildim ki, bayram ərəfəsində şəhidlərimizi ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq. Çünki şəhidlərimiz üçün nə etsək azdır”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini bildirib. Rayon rəhbəri şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Vətən müharibəsi şəhidi gizir Amid Məmmədovun atası Müqabil Məmmədov və başqaları şəhid ailəsi kimi hər zaman onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasını razılıq hissi ilə qarşılayan şəhid ailələri igid Vətən oğullarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının əyani sübutu kimi dəyərləndiriblər.

Keçidlər