Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı ötən gün avtoqəza zamanı dünyasını dəyişən hərbçinin hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

02 may 2025 | 14:51

30 aprel 2025-ci il tarixdə Ağcabədi rayonunda baş vermiş ağır yol qəzasında iki nəfər həlak olub. Hadisə rayon ərazisində baş verib. Belə ki, hərəkətdə olan “Vaz 2106” markalı avtomobil traktorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini, Salyan rayonu Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və Qazax rayon Qaymaqlı kənd sakini 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib. Həlak olan şəxslər hərbçi olub.

Avtoqəza zamanı dünyasını dəyişən Qazax rayonunun Qaymaqlı kənd sakini, Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissənin hərbçi qulluqçusu, leytenant Əhmədov Vaqif Valeh oğlu mayın 1-də doğulduğu kənddə torpağa tapşırılıb.

Mayın 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri rayonun Qaymaqlı kəndində hərbçimizin evində olub, hüzr mərasimində iştirak ediblər.

İcra başçısı Rəcəb Babaşov hərbçimizin vəfatından kədərləndiyini bildirib, mərhumun anasına, yaxınlarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib.

Əhmədov Vaqif Valeh oğlu 1 sentyabr 2002-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 2008-ci ildə Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinfini bitirərək Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 2020-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2024-cü ildə hərbi məktəbi bitirmişdir. Leytenant hərbi rütbəsində Ağcabədi rayonunda N saylı hərbi hissədə xidmət etmişdir. Subay idi.

Keçidlər