Qazaxda icra başçısı qazi atasının hüzr mərasimində iştirak edib və yaxınlarına başsağlığı verib
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbələr, şanlı zəfərlər Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə əbədi yazıldı. 44 günlük müharibə dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya göstərdi. Ali Baş Komandanın elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs Vətən torpağı uğrunda haqq savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmaqla yanaşı, həm də bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu, bu torpaqların əsl sahibinin kim olduğunu göstərdi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.
Qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, qazilərə, müharibə iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
44 günlük Vətən müharibəsində iştirak edən və qazanılan Qələbədə payı olan, bu yolda sağlamlığını qurban verən, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş oğullarımızdan biri də Qazax rayonunun Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili (MAHHXHQ) Rəhimov Fəqan Fazil oğludur.
Fevralın 23-də qazimizin atası Rəhimov Fazil Mədəd oğlu vəfat edib. Mərhum 24.02.2026-cı il tarixdə Qazaxbəyli kənd qəbiristanlığında dəfn olunub.
Fevralın 26-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, şəhid ailələri Qazaxbəyli kəndində qazimizin ata ocağında olub, hüzr mərasimində iştirak edərək ailəsinə və yaxınlarına başsağlığı veriblər.
İcra başçısı Rəcəb Babaşov mərhum Fazil Rəhimovun vəfatından kədərləndiyini bildirib, qazimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib. İcra başçısı ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
Məlumat üçün qeyd edək ki, Rəhimov Fəqan Fazil oğlu 4 iyun 1996-cı ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Qazax rayon Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbi bitirib. Orta təhsillidir. 9 sentyabr 2020-ci il tarixdən Qusar rayonunda N saylı hərbi hissədə MAHHXHQ kimi xidmətə başlayıb. 27 sentyabr 2020-ci il tarixdə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. 6 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu ətrafında gedən döyüşlərdə sağ ayaq nahiyəsindən qəlpə yarası və kəllə-beyin travması alıb. Fəqan Rəhimova Füzuli hərbi hospitalında ilkin tibbi yardım göstərilib. 09.10.2020-ci ildə Beyləqan RMX-da, 14.10.2020-ci il tarixdə Beyləqan rayon N saylı hərbi hissənin tibb məntəqəsində müalicə aldıqdan sonra 18.10.2020-ci il tarixdə xidmətini davam etdirmək üçün döyüşə qayıdıb. Hərbi xidmətdən tərxis olunub. 08.09.2021-ci il tarixdə III dərəcəli əlillik təyin edilib. Respublika Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikası Baş nazirinin müvafiq Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub. Qazimizin evi "Arkoz Qazax Sement Zavodu” MMC tərəfindən əsaslı şəkildə yenidən qurulub.







