Qazaxda icra başçısı rayonda aparılan abadlıq işlərinə baxış keçirib
Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Görülmüş işlər nəticəsində nəinki paytaxt Bakı, bütün bölgələrimiz müasirləşir, gözəlləşir. Bunu son bir neçə ildə günü-gündən gözəlləşən Qazaxın timsalında, rayonda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.
Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Belə ki, evlərin dam örtükləri yenilənir, fasadı suvanaraq rənglənir, yeni hasar çəkilərək səki salınır, küçələr işıqlandırılır, bir sözlə, illərdir davam edən abadlıq-quruculuq işləri uğurla icra olunur.
Noyabrın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda aparılan abadlıq işlərinə baxış keçirib. Rayon rəhbəri Ağköynək kəndinin ərazisindən keçən magistral yolun kənarında aparılan quruculuq işlərinin, eləcə də şəhərin Cəlil Məmmədquluzadə (Nəriman Nərimanovdan Xanlıqlar kəndinə gedən ərazi) küçəsində, Əliağa Şıxlinski, Aslan Kəmərli küçələrində, eləcə də Heydər Əliyev prospektində həyata keçirilən abadlıq işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.







