Qazaxda icra başçısı rayonda fəaliyyət göstərən “Göyəzən” Peşəkar Futbol Klubunun məşqçiləri ilə görüşüb
Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idman sahəsinə ayırdıqları diqqət, idmançılara göstərdikləri qayğı Qazax rayonunda da hər zaman nümunə götürülür. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən idman sahəsini həmişə diqqətdə saxlaması, bu sahənin inkişaf etdirilməsi istiqamətində gördüyü məqsədyönlü işlər, idmançılarla görüşməsi, onları təltif etməsi, mükafatlandırması dediklərimizin əyani sübutudur.
Aprelin 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonda fəaliyyət göstərən “Göyəzən” Peşəkar Futbol Klubunun məşqçiləri ilə görüşməsi, onların qayğıları ilə maraqlanması idman sahəsinə olan növbəti qayğıdır.
Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, “Göyəzən” Peşəkar Futbol Klubunun baş məşqçisi Elxan Muradov və məşqçi-müəllim Süleyman Məmmədov iştirak ediblər.
İcra başçısı Rəcəb Babaşov çıxış edərək idmançıları salamlayıb, bugünkü görüşün əhəmiyyətindən söz açıb. İcra başçısı sazın, sözün beşiyi sayılan Qazaxın həm də idmançıları ilə tanındığını qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idman sahəsinə, idmançılara göstərilən qayğıdan söz açan icra başçısı həmin qayğının bu gün də davam etdirildiyini vurğulayıb. Rayon rəhbəri həmin qayğının Qazaxda da hiss olunduğunu diqqətə çatdırıb. Qazax Olimpiya İdman Kompleksinin inşa olunmasını, idmançılar üçün idman zallarının yaradılmasını həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib. Rayon rəhbəri gələcəyimiz olan gənclərin sağlam həyat tərzi keçirmələrində, xüsusilə də narkomaniya ilə mübarizədə idman sahəsinin, o cümlədən futbolun böyük rolu olduğunu qeyd edib. İcra başçısı Qazax şəhər stadionunun mövcud vəziyyətini qeyd edərək onun təmiri ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını da diqqətə çatdırıb. “Göyəzən” Peşəkar Futbol Klubunun məşqçilərini dinləyən icra başçısı klubun hazırki mövcud vəziyyəti, ötən illər ərzində qazandıqları nailiyyətlər, uğurlar, keçirdikləri oyunlar barədə maraqlanıb. Rayon rəhbəri ölkə başçısının, Birinci vitse-prezidentin idman sahəsinə, idmançılara olan qayğısını əldə rəhbər tutaraq hər zaman onlara dəstək olmağa hazır olduğunu vurğulayıb.
“Göyəzən” Peşəkar Futbol Klubunun baş məşqçisi Elxan Muradov çıxış edərək ilk növbədə onları qəbul etdiyinə və qayğıları ilə maraqlandığına, göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə razılığını ifadə edib. E.Muradov hazırda Klubun 20 nəfər futbolçu və 5 nəfər məşqçi müəllimlə fəaliyyət göstərdiyini qeyd edib. Klubun ötən illər ərzində qazandığı uğurlardan, nailiyyətlərdən söz açıb. Baş məşqçi AFFA Region Liqasında 1/8 final mərhələsinin püşkü atıldığını, 1/8 final mərhələsinin bir, 1/4 final və yarımfinal mərhələlərinin iki oyundan ibarət olacağını qeyd edib. 1/8 final matçlarının aprelin 26-27-də keçiriləcəyini vurğulayıb. Aprelin 27-də saat 16:00-da Qazax şəhər stadionunda keçiriləcək AFFA Region Liqasının 1/8 final oyununda “Göyəzən” Peşəkar Futbol Klubunun “Biləsuvar” Futbol Klubu ilə oynayacağını söyləyib. Baş məşqçi 1/8 finala kimi 4 oyun keçirdiklərini, 3 oyunun qələbə, 1 oyunun isə heç-heçə ilə başa çatdığını vurğulayıb. Həmin oyunların Qax 0 - Göyəzən 4, Göyəzən 2 – Goranboy 0, Göyəzən 3 – Gəncə 1, Göyəzən 0 – Naftalan 0 nəticə ilə yekunlaşdığını vurğulayıb.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək bugünkü görüşə, idman sahəsinə, idmançılara göstərdiyi qayğıya, dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. İdarə rəisi Qazax rayonunun 2026-cı il üçün “İdman Paytaxtı” seçilməsi ilə əlaqədar Qazax Olimpiya İdman Kompleksinin və Qazax şəhər Stadionunun təmir olunmasının nəzərdə tutulduğunu, bundan başqa, Qazax şəhərində “Sağlam məhəllə” layihəsinin həyata keçiriləcəyini bildirib.
Klubun məşqçiləri ilə səmimi söhbət edən rayon rəhbəri qarşıdakı oyunda futbolçulara bir daha uğurlar arzulayıb.