Qazaxda icra başçısı rayonun Daş Salahlı kəndində yeni inşa olunmuş güləş zalında aparılan son tamamlanma işləri ilə tanış olub
Respubika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən uğurlıu idman siyasətinə uyğun olaraq, ölkəmizdə kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi və müasir idman infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu siyasətin mühüm tərkib hissəsi kimi, xalqımızın milli-mənəvi irsi ilə bağlı olan ənənəvi idman növlərinin qorunması və inkişaf etdirilməsi də daim diqqət mərkəzində saxlanılır.
Hər kəsə yaxşı məlumdur ki, güləş xalqımızın ən qədim və sevilən növlərindən biridir. Azərbaycan güləşçiləri beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edərək bir çox şərəfli qələbələr qazanmışlar. Bu ənənələrin yaşadılması və regionlarda güləş idmanının inkişafı üçün məşq şəraitinin yaradılması mühüm əhəmiyyət kəsb edir.
Qazax rayonunda müasir güləş zalının istifadəyə verilməsi məhz bu istiqamətdə atılmış addımlardan biridir. Bəli, Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbi 2006-cı ildə bitirən məzunlar tərəfindən atılan nümunəvi addım sayəsində rayonda daha bir güləş zalı gənclərin istifadəsinə veriləcək. “20 illik məzunlar olaraq kəndimiz üçün birləşdik. 2006-cı ilin məzunlarından gələcək nəsillərə hədiyyə”, - deyən məzunların bu nümunəvi təşəbbüsləri hər kəsə örnəkdir.
İyulun 1-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyevlə birlikdə rayonun Daş Salahlı kəndində olub. Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbin ərazisində məzunlar tərəfindən yeni inşa olunmuş güləş zalında aparılan son tamamlanma işləri ilə maraqlanıb.
Rayon rəhbəri məktəbin məzunlarını bu nümunəvi addımlarına görə alqışlayıb, gördükləri işi təqdirəlayiq hesab edib. Rayonda idmanın, xüsusilə də güləşin inkişafı istiqamətində atdıqları bu addıma görə qazaxlı idmançılar, rayon ictimaiyyəti və kənd sakinləri, eləcə də öz adından razılığını ifadə edib.







