Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov Vətən yolunda canlarını fəda edən şəhidlərin məzarlarını ziyarət ediblər

10 mart 2025 | 20:11

İkinci Qarabağ müharibəsi, Azərbaycan xalqının haqq savaşı 2020-ci ilin 27 sentyabrında başladı və cəmi 44 gün davam etdi. 44 gündə qazandığımız şanlı Zəfər Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətdli ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifə yazıldı. 30 illik həsrətdən sonra düşmən tapdağından azad edilən torpaqlarda, şəhər və rayonlarda, kəndlərdə, strateji yüksəkliklərdə dalğalanan bayraqlarımızın hər biri qəhrəmanlıq salnaməmizə şəhidlərimizin  qanı ilə yazılan zəfər müjdəsi, qalibiyyət simvoludur. 44 günlük müharibədə döyüş meydanında misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi Vətən yolunda canlarını fəda edən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin ailələrini daim diqqət mərkəzində saxlayır. Hər il olduğu kimi, bu il də müqəddəs Ramazan ayının başlanması və milli bayramımız olan Novruz bayramı ərəfəsində Şəhidlik zirvəsinə yüksələn oğullarımız unudulmayıb, şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov rayonun Aslanbəyli kənd qəbiristanlığında, Daş Salahlı, Çaylı, Hüseynbəyli kəndlərində yerləşən Şəhidlər Xiyabanında uyuyan Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub.

Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilənib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin heç zaman unudulmayacağı, bütün şəhidlərimizin, qazandığımız şanlı Zəfərdə payı olan qazaxlı oğullarımızın daim qəlblərdə yaşayacaqları bildirilib. Bu gün damarında azərbaycanlı qanı axan hər kəsin şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyi, Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizin daim ehtiramla anılacağı qeyd edilib.

Şəhid ailələri hər zaman onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə, millət vəkilinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasını, daim qayğı göstərilməsini minnətdarlıq hissi ilə qarşılayıblar. Onlar üçün nə qədər çətin olsa da, bizləri, xalqımızı qalib ölkənin vətəndaşı edən oğulları ilə fəxr etdiklərini, qürur duyduqlarını vurğulayıblar.

Keçidlər