Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı şəhid Akşin Nəsibovun doğum günündə ailəsini ziyarət edib

10 mart 2026 | 22:00

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə yüksəldi.

Yuxarı Salahlı kəndinin igid oğlu gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndinin igid oğlu gizir Əhmədov Elvin Qələndər oğlu, Qazaxın igid oğulları (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndinin igid oğlu əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan İlham, Elvin, Ramin, Fərid, Akşin kimi qəhrəman oğullarımızın şücaəti, igidliyi sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Martın 10-nu qəhrəman şəhidimiz - əsgər Nəsibov Akşin Vasif oğlunun cənnətdəki doğum günüdür. Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni  “Vətən uğrunda” medalı ilə təltif olunmuş igid Vətən oğlunun yaşasaydı bu gün 22 yaşı tamam olacaqdı.

Martın 10-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri ilə birlikdə Canalı kəndində igid Vətən oğlunun ata ocağında olub, şəhidimizin doğum günündə ailəsini ziyarət edərək əziz xatirəsini dərin ehtiramla anıb.  “Özümə borc bildim ki, qəhrəman şəhidimizin doğum günündə onun ailəsini yad edim”, - deyən icra başçısı Qazaxda şəhidlərimizin hər zaman ehtiramla anılacağını, şəhid ailələrinə və qazilərə olan qayğının bundan sonra da davam etdiriləcəyni söyləyib.

Qeyd olunub ki, şanlı Azərbaycan Ordusu tərəfindən Vətən uğrunda canından keçən şəhidlərimizin, eləcə də Akşin kimi qəhrəmanımızın qisası alındı, igid Vətən oğullarının qanları yerdə qalmadı. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında qürur dolu anlar bəxş edən oğullarımız, eləcə də düşmən təxribatının qarşısını alan Akşin kimi qəhrəmanlarımız heç vaxt unudulmayacaq. Akşin Nəsibov kimi oğullarımız hər zaman xalqımızın qürur və fəxr yeri olacaq. Əsl qəhrəmanlıq nümayiş etdirən, şücaəti ilə adını tarixə yazan Akşin tək oğullarımızın igidliyi yetişməkdə olan gələcək nəsillərə bir örnək və məktəbdir.

Nəsibov Akşin Vasif oğlu 10 mart 2004-cü ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 2010-2019-cu illərdə Qazax rayon Canalı kənd tam orta məktəbində təhsil almışdır. 2019-cu ildə məktəbin 11-ci sinifini bitirmiş və həmin il Qazax Dövlət Sosial-İqtisadi Kollecin mühasibat uçotu fakültəsinə qəbul olmuşdur. 2022-ci ildə kolleci bitirərək 27.10.2022-ci il tarixdə həqiqi hərbi xidmətə yola düşmüşdür. Nəsibov Akşin Vasif oğlu 19.09.2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə rayonu istiqamətində şəhid olmuşdur. Nəşi 20.09.2023-cü ildə doğulduğu Canalı kəndinə gətirilmişdir. 21.09.2023-cü ildə Canalı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən əsgər Akşin Nəsibov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni“Vətən uğrunda” medalıilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz əsgər Akşin Nəsibovun adı verilib.

Keçidlər