Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı şəhid bacısının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

10 fevral 2026 | 18:09

Vətənini, torpağını hər şeydən üstün tutaraq bu yolda şirin canından keçərək Şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımız minlərlədir. Həmin igid oğullarımız təkcə verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamadılar, onlar həm də öz əməlləri ilə hər kəsə örnək və nümunə oldular. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. 

Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.

Birinci Qarabağ müharibəsində şirin canından keçərək adını tarixə yazdıran qəhrəmanlarımızdan biri də Qazaxın igid oğlu şəhid Rzayev Nəriman Həbib oğludur. Şəhid Nəriman Rzayev 18 iyul 1963-cü ildə Qazax şəhərində anadan olub. 1970-ci ildə Qazax şəhər orta ümumtəhsil məktəbin (indiki Qaratel Hacımahmudova adına olan) 1-ci sinfinə daxil olub, 1980-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1981-ci ildə həqiqi hərbi xidmətə çağrılmışdır. Birinci Qarabağ müharibəsində gedən döyüşlər zamanı 1992-ci ildə könüllü olaraq ordu sıralarına qatılmışdır. 20 yanvar 1994-cü ildə Ballı Qaya istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Hüseynbəyli kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Ailəliydi, 2 övladı var.

08.02.2026-cı il tarixdə qəhrəman şəhidimizin bacısı Rzayeva Şölə Həbib qızı dünyasını dəyişib. Bu gün şəhid bacısının üç mərasimi olub.

Fevralın 10-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə şəhid bacısının hüzr mərasimində iştirak edib.

İcra başçısı Rəcəb Babaşov mərhum Şölə Rzayevanın vəfatından kədərləndiyini bildirib, şəhidin ailəsinə, mərhumun övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib. İcra başçısı illər ötsə də Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüşlər zamanı şirin canlarından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə olan sonsuz ehtiramın heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını söyləyib. Nə qədər Azərbaycan xalqı var Nəriman Rzayev kimi qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. “Bu gün özümə borc bildim ki, qəhrəman şəhidimizin bacısının hüzr mərasimində iştirak edim”, - deyən icra başçısı şəhidlərimizlə yanaşı, onların ata və analarının, yaxınlarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.

Keçidlər