Qazaxda icra başçısı şəhid Məmməd Məmmədovun atasının yeddi mərasimində iştirak edərək ailəsinə başsağlığı verib
Vətən, torpaq, yurd, el-oba uğrunda canından keçərək verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan neçə-neçə igid oğullarımız Şəhidlik adlı uca zirvəyə yüksəldilər. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər kəs şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına ehtiramla yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.
Birinci Qarabağ müharibəsində şirin canından keçərək adını tarixə yazdıran igid oğullarımızdan biri də şəhid Məmmədov Məmməd Zahid oğludur.
Məmməd Məmmədov 3 avqust 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbi bitirmişdir, orta təhsilli idi. 1988-1990-cı illərdə Sovet Ordusunun “N” saylı Hərbi Hissəsində həqiqi hərbi xidmət keçmişdir. Qayıtdıqdan sonra 1990-cı ildə PMK-72 Tikinti İdarəsində anbardar işləmişdir. 1991-ci ildə Vətənin müdafiəsinə qalxaraq könüllü Azərbaycan Ordusunun sıralarına qoşulmuş və bir çox döyüşlərdə fəal iştirak etmişdir. 6 yanvar 1993-cü ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi.
Noyabrın 21-də qəhrəman şəhidimizin atası Məmmədov Zahid Məmməd oğlu dünyasını dəyişib. Mərhum Çaylı kənd qəbiristanlığında dəfn olunub. Noyabrın 28-də şəhid atasının yeddi mərasimi olub.
Noyabrın 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov Çaylı kəndində olublar. Rayon rəhbərliyi şəhid atasının yeddi mərasimində iştirak edərək mərhumun ailəsinə başsağlığı veriblər.
İcra başçısı Rəcəb Babaşov mərhum Zahid Məmmədovun vəfatından kədərləndiyini bildirib, mərhumun övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib. Qeyd edilib ki, illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da artacaqdır. Nə qədər Azərbaycan xalqı var Məmməd kimi qəhrəmanlarımız daim qəlblərdə əbədi yaşayacaq. Şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqları vurğulanıb.