Qazaxda icra başçısı şəhid qardaşının vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı verib
Vətəni, torpağı canı bahasına göz bəbəyi kimi qoruyan, bu yolda şirin canından keçərək Şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımız minlərlədir. Həmin igid oğullarımız təkcə verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamadılar, onlar həm də öz əməlləri ilə hər kəsə örnək və nümunə oldular. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.
Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.
Birinci Qarabağ müharibəsində şirin canından keçərək adını tarixə yazdıran qəhrəmanlarımızdan biri də Qarapapaq kəndinin igid oğlu şəhid Xasməmmədov Tahir Mübariz oğludur.
Şəhid Tahir Xasməmmədov 27 fevral 1974-cü ildə Qazax rayonun Qarapapaq kəndində anadan olmuşdur. 1981-ci ildə Qarapapaq kənd əsas məktəbin 1-ci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. 8 illik təhsil aldıqdan sonra 117 saylı texniki peşə məktəbinə daxil olaraq qaynaqçı peşəsinə yiyələnmişdir. 1992-ci ilin payız çağırışında Qazax Rayon Hərbi Komisarlığından hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətə 701 saylı Hərbi Hissədə başlamışdır. Hərbi xidməti zamanı Laçın rayonunda gedən döyüşlərdə iştirak etmişdir. 12.02.1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində gedən döyüşlərdə yaralanaraq itkin düşmüşdür.
Fevralın 28-də qəhrəman şəhidimizin qardaşı I qrup əlil Xasməmmədov Feruz Mübariz oğlu dünyasını dəyişib. Mərhum şəhid qardaşı fevralın 28-də Qarapapaq kənd qəbiristanlığında dəfn olunub.
Martın 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Qarapapaq kəndində olub, şəhid qardaşının vəfatı ilə əlaqədar mərhumun ailəsini ziyarət edib.
İcra başçısı Rəcəb Babaşov mərhum Feruz Xasməmmədovun vəfatından kədərləndiyini bildirib, şəhidimizin qardaşına, mərhumun övladına, yaxınlarına dərin hüznlə başsağlığı verib. İcra başçısı illər ötsə də Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüşlər zamanı şirin canlarından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə olan sonsuz ehtiramın heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını söyləyib. Nə qədər Azərbaycan xalqı var qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. “Bu gün özümə borc bildim ki, qəhrəman şəhidimizin qardaşının vəfatı ilə əlaqədar ailəsini ziyarət edim”, - deyən icra başçısı şəhidlərimizlə yanaşı, onların ata və analarının, yaxınlarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.







