Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı səhiyyə işçiləri ilə görüşüb

12 mart 2025 | 20:48

Bu gün ölkəmizdə bütün sahələrdə Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı hər bir dövlət məmuruna nümunə olmalıdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri də səhiyyə sahəsidir. Rayon rəhbərinin bu sahəyə olan diqqətinin ən bariz nümunəsi səhiyyə müəssisələrində olması, vətəndaşlara göstərilən səhiyyə xidmətləri ilə maraqlanması, həkimlərlə, səhiyyə işçiləri ilə görüşməsidir.

Martın 12-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Rayon Mərkəzi Xəstəxanasında olub. Rayon rəhbərliyi xəstəxanada çalışan səhiyyə işçiləri, şöbə müdirləri və həkimlərlə görüşüb, xəstəxanadakı mövcud vəziyyətlə, müalicə alan xəstələrə  və vətəndaşlara göstərilən səhiyyə xidməti ilə maraqlanıb. Rayon səhiyyə işçilərini rəhbəri müqəddəs Ramazan ayının başlanması və qarşıdan gələn milli bayramımız olan Novruz bayramı münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Səhiyyə işçiləri ilə görüşən icra başçısı hər zaman olduğu kimi, bugünkü görüşün təməlində də ölkə Prezidentinin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını bildirib. Rayon rəhbəri mənfur düşmənlə 168 km sərhəddə yerləşən Qazax rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə qazaxlıların, xüsusilə də səhiyyə sahəsində çalışan insanların ölkə başçısı İlham Əliyevə bu gün də minnətdarlıq etdiklərini söyləyib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərindən, əhalinin vaksinasiyası sahəsində görülən işlərdən söz açan icra başçısı bu işdə, əhalinin peyvəndlənməsi sahəsində uğurun əldə olunmasında həkimlərin, tibb işçilərinin böyük əməyi olduğunu vurğulayıb. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində, xüsusilə də əhalinin vaksinasiya olunmasında gördükləri işlərin danılmaz olduğunu söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışan icra başçısı bizlərə şanlı qələbəni bəxş edən qəhrəman oğullarımızı unutmadığımızı, onlarla hər zaman fəxr edib, qürur duyduğumuzu bildirib. 44 günlük savaşda əldə etdiyimiz Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. İcra başçısı istər koronavirus pandemiyası ilə mübarizədə, istərsə də 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdiklərini bildirib. Həkimlərimizin həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq göstərdiklərini vurğulayıb. "Səhiyyə sahəsi xidmət sahələri arasında öncül yerdə dayanır”, - deyən icra başçısı bu sahənin istər nizam-intizamda, istər səliqə-sahmanda, istər vətəndaşlara göstərilən səhiyyə xidmətində, istərsə də diqqət və qayğıda hər zaman nümunə olduğunu bildirib. Yüksək şəraiti olan xəstəxanada vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməli olduğunu diqqətə çatdırıb. Rayonda səhiyyə sahəsinin inkişaf etməsi, vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün yeni xəstəxanada hər cür şərait yaradıldığını qeyd edib. Sağlamlığımızın keşiyində dayanan tibb işçilərinə bundan sonra da böyük səylə çalışmalarını bildirən rayon rəhbəri onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov çıxış edərək istər xəstəxanada yeni işə başlayan həkimlərlə, istərsə də səhiyyə işçiləri ilə olan bugünkü görüşə görə rayon rəhbərliyinə razılığını ifadə edib. A.Fərruxov səhiyyə sahəsinə göstərdiyi qayğıya görə dövlət başçısı İlham Əliyevə xəstəxananın kollektivi adından təşəkkür edib. Hər zaman onların qayğıları ilə yaxından maraqlanan rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bugünkü görüşü onlara olan qayğının daha bir bariz nümunəsi kimi qiymətləndirib. Bu gün vətəndaşların xidmətində durmaları üçün yüksək səviyyəli xəstəxanada yaradılan şəraitə görə dövlətimizə, ölkə başçısına minnətdar olduqlarını qeyd edib. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildirib. A.Fərruxov gələcəkdə qarşıda duran vəzifələr və görülməsi nəzərdə tutulan işlər, xəstəxanada olacaq yeniliklər, yeni avadanlıqların gətirilməsi, xəstəxanaya gənc kadrların, həkimlərin cəlb olunması istiqamətində görüləcək işlər, əhaliyə göstərilən tibbi xidmətlər və bir sıra məsələlər barədə fikirlərini bölüşüb.

Səhiyyə işçiləri ilə görüşdən sonra icra başçısı xəstəxananın mətbəxində və anbarında olub, müalicə olunan xəstələrə verilən ərzağın və bişirilən yeməklərin keyfiyyəti ilə maraqlanıb.

Keçidlər