Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı səhiyyə sahəsində çalışan tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib

17 iyun 2022 | 18:31

Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı müraciət etməyimizdən asılı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar. Bu gün, iyunun 17-si onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.

Azərbaycanda ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır. Azərbaycan Xalq Cümhuriyyətinin 17 iyun 1918-ci il tarixli Sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olunub. İlk səhiyyə naziri 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, Səhiyyə Nazirliyinin təşkil olunduğu tarix - iyunun 17-si ölkədə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Respublikamızın hər yerində olduğu kimi, Qazax səhiyyəsində çalışan tibb işçilərinin də peşə bayramı qeyd edilib.

İyunun 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Qazax Rayon Mərkəzi Xəstəxanasında olub, burada çalışan tibb işçilərini 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb.

Bu gün həm də Vətən müharibəsinin qazaxlı şəhidi, ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun da cənnətdəki peşə bayramıdır. Əlamətdar gündə qəhrəman şəhidimiz də yad olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Mərkəzi Xəstəxanasının qarşısında şəhidimizin adını əbədiləşdirən bulağa gül dəstəsi düzərək igid Vətən oğlunun əziz xatirəsini ehtiramla yad edib.

Əlamətdar gün münasibətilə rayonda çalışan bütün səhiyyə işçilərini təbrik edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əhalinin sağlamlığının keşiyində dayanan həkimlərimizin əməyinin danılmaz olduğunu bildirib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri Azərbaycan dövlətinin səhiyyənin inkişafına hər zaman böyük qayğı göstərdiyini qeyd edib. Ölkəmizdə səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğı, həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu sahədə əhaliyə göstərilən xidmətin ildən-ilə əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.

İcra başçısı ölkə Prezidenti İlham Əliyevin səhiyyə sahəsində çalışan insanların əməyinə hər zaman yüksək qiymət verdiyini, hər il onlara fəxri adların, medalların verilməsi ilə bağlı Sərəncamlar imzaladığını qeyd edib. Rayon rəhbəri ölkə başçısının iyunun 16-da Azərbaycan Respublikasının səhiyyə işçilərinin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında imzaladığı Sərəncamla uzun illər səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə Qazaxımızın dəyərli həkimi Novruzov Əşrəf Murad oğlunun da təltif olunanlar sırasında yer aldığını qeyd edib. Ölkə başçısının bu addımını Əşrəf həkimin timsalında Qazax səhiyyəsində çalışan tibb işçilərinə verilən dəyərin bariz nümunəsi kimi qiymətləndirib. Ölkə Prezidentinə səhiyyə sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi diqqət və qayğıya görə qazaxlı səhiyyə işçiləri adından minnətdarlığını bildirib. Əşrəf həkimi "Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə təbrik edən icra başçısı ona gələcək işlərində uğurlar arzulayıb.

Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışan icra başçısı bunun əyani təzahürü olaraq ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə 2020-ci ilin 3 martında istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını göstərib. Rayon rəhbəri mənfur düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə qazaxlıların, xüsusilə də səhiyyə sahəsində çalışan insanların ölkə başçısı İlham Əliyevə bu gün də minnətdarlıq etdiklərini söyləyib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərindən, əhalinin vaksinasiyası sahəsində görülən işlərdən söz açan icra başçısı bu işin rayonda uğurla aparıldığını, əhalinin peyvəndlənməsi sahəsində görülmüş işlərin nəticəsinə görə bu gün Qazaxın ön sıralarda dayandığını söyləyib. İcra başçısı bu uğurun əldə olunmasında həkimlərin, tibb işçilərinin böyük əməyi olduğunu vurğulayıb. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində, xüsusilə də əhalinin vaksinasiya olunmasında gördükləri işlərin danılmaz olduğunu söyləyib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışan icra başçısı bizlərə şanlı qələbəni bəxş edən qəhrəman oğullarımızı unutmadığımızı, onlarla hər zaman fəxr edib, qürur duyduğumuzu bildirib. 44 günlük savaşda əldə etdiyimiz Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. İcra başçısı istər koronavirus pandemiyası ilə mübarizədə, istərsə də 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdiklərini bildirib. Həkimlərimizin həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq göstərdiklərini vurğulayıb. Rayon rəhbəri çıxışının sonunda sağlamlığımızın keşiyində dayanan tibb işçilərini bir daha təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova səhiyyə sahəsinə göstərdiyi qayğıya görə dövlət başçısı İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. Hər zaman onların qayğıları ilə yaxından maraqlanan rayon rəhbərliyinə minnətdarlıq edib. Bugünkü görüşü və təbriki onlara olan qayğının daha bir bariz nümunəsi kimi qiymətləndirib. Bu gün öz peşə bayramlarını yüksək səviyyəli xəstəxanada qeyd etmələrinə görə dövlətimizə, ölkə başçısına minnətdar olduqlarını qeyd edib. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildirib.

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə Cərrahiyyə şöbəsinin müdir əvəzi, həkim cərrah Binyamin Abbasəliyev çıxış edərək səhiyyə sahəsinə, bu sahədə çalışan insanlara göstərilən dövlət qayğısından söz açıb. Dövlətin, ölkə rəhbərinin qayğısını səhiyyə işçiləri olaraq hər zaman hiss etdiklərini, bunun bariz nümunəsi olaraq da həkim yoldaşının "Tərəqqi” medalı ilə təltif edilməsini nümunə göstərib. Həmin medalın bütövlükdə Qazax səhiyyəsində çalışan həkimlərin əməyinə verilən qiymət olduğunu diqqətə çatdırıb.       

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi ŞəxsdəCərrahiyyə şöbəsində cərrah uroloq Əşrəf Novruzov çıxış edərək ilk növbədə əməyinə verilən qiymətə, "Tərəqqi” medalı ilə təltif edilməsinə görə ölkə Prezidenti İlham Əliyevə öz adından və ailəsi adından minnətdarlığını bildirib. "Bu, tək mənim əməyimə verilən qiymət deyil, bu, həm də qazaxlı səhiyyə işçilərinə göstərilən qayğıdır”, - deyən Ə.Novruzov ona olan etimadı bundan sonra da əməli işləri ilə doğruldacağını söyləyib. Vətəndaşların sağlamlığının keşiyində dayanacğını, çətin və şərəfli peşəsinin öhdəsindən layiqincə gəlmək üçün var qüvvəsi ilə çalışacağını qeyd edib. Ünvanına söylənilən səmimi sözlərə, təbriklərə görə rayon rəhbərliyinə və həkim yoldaşlarına razılığını bildirib.   

Keçidlər