Qazaxda icra başçısı tərəfindən keçirilən növbəti səyyar görüş sərhəd kəndi Fərəhlidə yaşayan sakinlərlə olub
Cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə özünü göstərir. Xüsusilə də ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bunu söyləməyə əsas verir.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından şəhər və kəndlərdə yenidən keçirilən səyyar qəbullar da bu məqsədə xidmət edir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının sentyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü sərhəd kəndi Fərəhlidə yaşayan sakinlərlə olub.
Sentyabrın 15-də Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin həyətində rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Pandemiyadan sonra ilk dəfə olaraq keçirilən görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı bugünkü görüşün təməlində vətəndaş məmnunluğunun dayandığını, səyyar görüşün əsas məqsədinin sakinləri narahat edən məsələləri özlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.
2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən söz açan icra başçısı həmin qələbədə Fərəhli kəndindən olan igid oğullarımızın da payı olduğunu söyləyib. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan danışan icra başçısı Şəhidlik zirvəsinə ucalan, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kənd sakini, şəhid əsgər Daşdəmirov Elfak Eltun oğlunun, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kənd sakini, şəhid kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun, Aprel döyüşlərində qəhrəmanlığı ilə tarix yazan kapitan Orucov Mühüd Qurban oğlunun, eləcə də Birinci Qarabağ müharibəsində canından keçən bütün şəhidlərimizin illər ötsə belə heç zaman unudulmayacağını qeyd edib. 44 günlük Vətən müharibəsində Fərəhli kəndindən 27 nəfərin iştirak etdiyini, onlardan 12 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Son illər rayonda aparılan genişmiqyaslı quruculuq işlərindən danışan icra başçısı ən böyük layihələrdən olan şəhərin su-kanalizasiya sisteminin yenidən qurulduğunu, çəkilişdən sonra prospekt və küçələrdə, eləcə də şəhərdə yerləşən çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işlərinin aparıldığını qeyd edib.
Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı sayəsində "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına uyğun olaraq son illər Qazaxda 11 məktəb binasının əsaslı təmir və ya tikintisinin aparıldığını qeyd edib. Təhsil sahəsinə göstərilən dövlət qayğısının daha bir bariz nümunəsi kimi ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini göstərib.
İcra başçısı son illər Qazaxda uşaqlara göstərilən qayğıdan da söz açıb. Həmin qayğının bariz nümunəsi olaraq bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən 21-nin müasir tələblərə cavab verən səviyyədə olduğunu vurğulayıb. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Fərəhli kəndidir. İcra başçısı bu məsələnin də daim gündəmdə olduğunu diqqətə çatdırıb.
Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib.
İcra başçısı şəhərdə və kəndlərdə vətəndaşların optik internet xətti ilə təmin olunmasının nəzərdə tutulduğunu, ilkin olaraq Alpout, Abbasbəyli və Fərəhli kəndlərində istifadəyə veriləcəyini bildirib. Fərəhli kəndində SİP kabelləşmənin aparıldığını və yenə də davam etdiriləcəyini qeyd edib.
Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Fərəhli kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Fərəhli kəndində əkin sahəsinin 285 hektardan 662 hektara çatdırıldığını söyləyib. Kənddə 3 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu bildirib.
Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 10 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 2 nəfərin şəhid ailəsi, 4 nəfərin müharibə iştirakçısı, 4 nəfərin aztəminatlı ailə olduğunu qeyd edib.
Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlər onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Musayev Cəlil Mustafa oğlunun 28 nəfər Fərəhli kənd sakininin elektrik sayğaclarının abonent kodlarında yazılmış köhnə borcların silinməsinə, Abdullayev İsrafil Mahmud oğlunun məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limitin onun üçün tətbiq olunmasına, Həsənov Alı Əhməd oğlunun Fərəhli kəndində 81 hektar pay torpaqlarına suvarma suyunun çəkilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib.