Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı Vətən müharibəsi qazisini qəbul edib və səhhəti ilə maraqlanıb

26 noyabr 2024 | 20:23

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi, İkinci Qarabağ savaşı cəmi 44 gün davam etdi. 44 günlük savaşın sonunda qazandığımız şanlı Zəfər Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. 44 günlük müharibə dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya göstərməklə yanaşı, eyni zamanda, Ali Baş Komandanın elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarının xalqımızın müqəddəs Vətən torpağı uğrunda haqq savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı olduğunu göstərdi. 44 gün davam edən müharibə həm də bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu, bu torpaqların əsl sahibinin kim olduğunu sübut etdi. 

Qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına əldə edildi. Şanlı Zəfəri bizlərə bəxş edən şəhidlərimizin ailələrinə, yaralı döyüşçülərə, müharibə əlillərinə, iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır. 

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, onlarla görüşərək qayğıları ilə maraqlanır.

Noyabrın 26-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə 44 günlük haqq savaşında göstərdiyi igidliyə görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "İgidliyə görə”, "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş I dərəcəli Vətən müharibəsi əlili Kərimov Röyal Şəadət oğlunu qəbul edib, onun səhhəti və müalicəsi, əməliyyatının nəticəsi ilə maraqlanıb. 

44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən icra başçısı qazimizin ünvanına səmimi ürək sözlərini səsləndirib. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Röyal kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək qazimizə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. 

Vətən müharibəsi əlili Röyal Kərimov şəhid ailələrinə və qazilərə göstərilən diqqətə, qayğıya görə razılığını ifadə edib. “Biz qazilərə olan qayğını özümün timsalımda bir daha hiss etdim. Əməliyyatımın uğurlu keçməsi, səhhətimin yaxşılaşması, az da olsa sağlamlığıma qovuşmağım dövlətimin qayğısı sayəsində mümkün oldu”, - söyləyən qazi Röyal Kərimov əməliyyat olunmasında göstərilən dəstəyə görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, əziyyəti keçən hər kəsə minnətdarlığını bildirib.

Keçidlər